“Elə etməliyik ki, onlar pullarını Azərbaycana köçürmək istəsinlər”
Deputat Razi Nurullayev “Lisenziyalar və icazələr haqqında” qanuna dəyişikliklər zamanı söz alaraq bildirib ki, işğaldan azad edilmiş ərazilər üzrə iqtisadi fəaliyyət sahələri və mal nomenklaturası üzrə hüquqi şəxslər və sahibkarlıq edən fiziki şəxslər idxal zamanı əlavə dəyər vergisindən, gömrük rüsumundan azad edilir.
Musavat.com-un xəbərinə görə, deputat deyib:
“”Lisenziyalar və icazələr haqqında” qanuna edilən bu dəyişiklik çox mütərəqqidir və dəstəkləyirəm. Məhz bu cür müsbət dəyişikliklər Qarabağ zonasında iqtisadi aktivliyin artmasına səbəb olub.
Azərbaycanın müxtəlif şəhər və rayonlarında iqtisadi fəallıq xeyli azalıb, bəzi iş yerləri bağlanıb. Bir çox iş adamları rayon və şəhərlərdə zavod, fabriklərini bağlayaraq Qarabağ zonasına yatırım ediblər. Prinsipcə, bu, yaxşıdır, həm də narahatedicir”.
R.Nurullayev bildirib ki, Azərbaycanın bir nöqtəsində iş yerlərinin bağlanması və əvəzində digər nöqtəsində açılması nə dövlətin, nə də hökumətin marağında ola bilər:
“Ölkəmizin müxtəlif yerlərində iqtisadi fəallığın kəskin azalması müşahidə olunur və xarici sərmayələrin də cəlb olunmasında ciddi problemlər yaşayırıq. Bu, dediyim məsələləri nəzərə alaraq, müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə ciddi vergi güzəştlərinin tətbiq edilməsini təklif edirəm.
Biz elə etməliyik ki, yerli və xarici sərməyadar pulunu və biznesini Azərbaycana köçürmək istəsin. Bunun üçün ikinci addım olaraq iqtisadi fəaliyyət sahəsində məhkəmə sisteminin yüz faiz şəffaflığına nail olmalı və onlara inamı artırmalıyıq.
Üçüncü, vergi məcəlləsini bütövlükdə yenidən yazmalı və ən azı 60-70 faiz sadələşdirməliyik ki, onu oxuyan iş adamı çətin alqoritmik hesablamalar içində başını itirməsin, sadə dildə onu anlamağı bacarsın. Vahid və sadə bir məcəllə. Dördüncü bənd olaraq, əmlak toxunulmazlığı faktiki və konkret olaraq toxunulmaz olmalı və bu sahədə zərrə qədər də şübhəyə nə yerli, nə də xarici sərməyadarda şübhə olmamalıdır.
Sonuncu olaraq isə ən vacib məqamlardan birini də qeyd edim. İş yeri yaradacaq bizneslərin qurulması zamanı infrastruktur xərcləri, yəni qaz, işıq, su, kanalizasiya, torpaq sənədləşməsi, icazələrin alınması böyük xərc aparır. Deyək ki, bir nəfərin 5 milyon manatı var və yatırım etmək istəyir. Əgər güzəştli sənaye parklarında edərsə o zaman yəqin ki, xərclər az olacaq və ona sərf edər. Amma, hər kəs də sənaye ilə məşğul olmaq istəmir və yaxud digər şəhər və rayonlarda biznes qurmaq istəyir.
Bu zaman onun 5 milyonunun demək olar ki, hamısı alqı-satqıya, ödənişlərə və icazələrə gedir. Adamın iş görmək həvəsi elə rüşeymində ölür. Onun üçün də təklif edirəm ki, infrastruktur layihələri dövlət tərəfindən həyata keçirilsin, konkret biznes layihələrini hazır paket şəklində simvolik qiymətə sərmayəçilərə satsınlar. Onların üzərinə isə konkret sərmayə və konkret sayda iş yeri yaratmaq öhdəliyi qoyulsun. Ümid edirəm ki, İqtisadiyyat Nazirliyi bu təklifimə cavab verəcək”.