“Annan planı”nı dananlar və Avropaya inananlar
Türk dünyasının qaysaqlamayan, 50 ildən çoxdur qanı sızan “Kipr yarası” əməli-başlı qarayaraya çevrilib, hətta türk dövlətlərinin birliyinə də xələl gətirməkdədir.
Məsələnin məğzi budur: Orta Asiyanın türk dövlətləri, yəni keçmiş Türküstan respublikaları – Qazaxıstan, Özbəkistan və Türkmənistan Kipr Respublikasında səfirlik açıb.
Üstəlik, bu üç respublika və onlara qoşulmuş Qırğızıstan bir neçə gün öncə Avropa İttifaqı və Orta Asiya ölkələrinin Səmərqənddə keçirilən birinci sammitində Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) qarşı qətnaməni dəstəkləyib.
Bunu onlardan Avropa İttifaqı tələb edib, buna söz yox. Avropa 50 ildən çoxdur ki, yunan Kiprinin himayədarı, pasibanıdır və ŞKTC-nin dünyada tanınmasının qarşısını “əzmlə” alır.
ŞKTC məsələsi isə belədir: 51 il öncə Türkiyə və onun liderləri – baş nazir Bülənt Ecevit və onun birinci müavini Nəcməddin Ərbəkan qeyrət və qətiyyət göstərməsəydilər, indi Kiprdə bir nəfər də türk yaşamırdı, qırılan qırılacaqdı, yerdə qalan da qovulacaqdı. Çünki yunan millətçilər adanın türk əhalisinə qarşı sözün əsl mənasında genosid siyasəti yeridirdilər.
Yerli türklərə qarşı vəhşilik, qəddarlıq o həddə çatıb ki, özünü ABŞ-nin satelliti, Avropanın isə “kiçik qardaşı” kimi aparan ölkənin siyasi rəhbərliyi dözməyib, “cənab”ların iradəsinə qarşı çıxaraq, adaya qoşun yeridib, Kipr türklərini qoruyub və adanın 40 faizində onların özlərinə dövlət qurmasına şərait yaradıb.
Avropa, Yunanıstan və Kiprin yunan kəsimi yarım əsrdir ki, bunu həzm edə bilmir.
Problemin ada türklərində və Türkiyədə olmadığı çoxdan sübut olunub. ABŞ də, Avropa da bu xüsusda bir dəfə daşdan keçən fakt qarşısında qalıblar.
Bu hadisə 2004-cü ildə olub. O zaman BMT-nin baş katibi Kofi Annanın patronajlığı ilə Kipr məsələsinin birdəfəlik həll olunması üçün təşəbbüs göstərilib. “Annan planı” adı almış nizamlama layihəsinə görə adanın həm yunan, həm də türk hissəsində referendum keçirilib. Həmin referendumun sualı belə olub ki, yunanlar və türklər vahid dövlətdə, birlikdə yaşamağa razıdırlarmı.
Referendumdan əvvəl Avropada düşüncə belə olub ki, Kiprin bütövləşməsini istəyən yunanlar qoyulmuş suala “hə”, onlarla birlikdə yaşamaq istəməyən türklər isə “yox” cavabı verəcəklər. Hətta Avropanın siyasi dairələri belə bir bəyanat da veriblər ki, əksinə olarsa, türklər “hə”, yunanlar “yox” deyərsə, o zaman Şimali Kipr Türk Cümhuriyyətinin müstəqillliyi tanınacaq.
Aparılan bütün təbliğat-təşviqat işlərinə baxmayaraq, yunan nasistlərin təbliğatına uyan əhali türklərlə birlikdə yaşamaq variantına “yox” deyiblər. Türklər isə situasiyanı olduqca düzgün, ağıllı qiymətləndiriblər və konstruktivlik göstərərək yunanlarla vahid dövlətdə yaşamağa razı olduqlarını bildiriblər.
Bu, gözlənilməz nəticədən ABŞ də, Avropa da, hətta Yunanıstan özü də şoka düşüb. Ancaq Avropa verdiyi vədi tutmayıb, ŞKTC-ni tanımamaq siyasətini davam etdirib, nəticədə o boyda təşkilatın rəhbəri Kofi Annanın planı puç olub.
Vəziyyət belə olandan sonra türklər nə edə bilərdi? Uilyam Şeksprin (onun “Otello” dramında Kiprdən və orada mövcud olan türklərdən də bəhs edilir) vaxtından Kiprdə məskən salan türklər ya öz başlarının salamatlığını qorumaq üçün kompakt və özünüidarəetmə orqanları yaradaraq yaşamalıydılar, ya da kütləvi deportasiya, yəni genosid hadisəsi baş verməliydi.
Avropa 383 min nəfərlik türk əhalisinin Kiprdən qovulmasına təhəmmül edəcəkdimi? Əlbəttə, edəcəkdi. Bu, Avropanın çoxdankı arzusudur.
Bəs bu münaqişənin ədalətli həlli olacaqdımı? Əsla.
Onu da xatırladaq ki, 2023-cü ilə qədər Avropa Dağlıq Qarabağda yaşayan ermənilərin yaratdığı separatçı qurumun müstəqilliyini tanımağımız üçün başımızın ətini yeyirdi. Biz ermənilərə dünyada mövcud olan ən yüksək muxtariyyatı, Aland adalarının statusundan da yüksək status vəd edirdik, nə ermənilər qane olurdu, nə avropalılar. Dava yorğan davasıydı – yəni Ermənistanın Qarabağı özünə qataraq böyüməsi.
Obyektiv gerçəklik bundan ibarətdir. Bu məsələdə ŞKTC tərəfi artıq yüz faiz haqlıdır. Türk əhali yunanlarla birlikdə yaşamaq istəyir, amma onlar razı deyillər. Ta nə olsun, necə olsun?
Türk dövlətləri bu gerçəyi bilməmiş olmazlar – arxiv var, media var, tərəfsiz informasiya N qədərdir.
Ancaq bunu bilə-bilə onların sırf Avropanın xoşuna gəlmək üçün yunan Kiprinin qılığına girmək, ŞKTC-yə dirsək göstərmək yoluna düşməsi göstərir ki, onlar hələ duza gedirlər.
Ola bilər, Avropa İttifaqı türk dövlətlərinə onları Rusiyanın və Çinin dominantlığından qoruyacağına, lazımi qədər maddi yardım göstərəcəyinə söz verib, bu dövlətləri gələcəklərinin Avropaya inteqrasiyada olduğuna inandırıblar.
Ancaq kim bilməsə də, 1950-ci illərdən Avropanın qapısında boynuburuq duraraq içəri dəvət ediləcəyini gözləyən Türkiyə və 1992-ci ildən ta 2020-ci ilə qədər Avropadan ədalətli arbitrlik uman Azərbaycan “qoca qitə”nin siyasi dairələrinin etibarına bələddir.
Beeynəlxalq situasiyanın bu qarışıq vaxtında, dünya dövlətlərin irqi, milli, dini zəmində qruplaşdığı bir dönəmdə türk dövlətlər öz haqlı qardaşlarının tərəfində durmalıydılar.
Baxın, anqlosakson qardaşlar (ABŞ, İngiltərə, Kanada, Avstraliya, Yeni Zelandiya) hər zaman bir-birinə arxa-dayaqdır, sarsılmaz müttəfiqlərdir.