Nikah dövründə alınan əmlakın bölünməsi – Kimə nə düşür?
Əmlak bölgüsü nikaha xitam verildikdən sonra üzə çıxan əsas məsələlərdən biridir.
Əmlak bölgüsü zamanı zinət əşyaları və cehizin qaytarılması, evdə yaşamaq hüququ və digər məsələlərlə bağlı iddia ərizəsinin yazılması, sənədlərin məhkəməyə təqdim edilməsi və müdafiə üçün düzgün ünvana müraciət etmək şərtdir.
Əmlak bölgüsü Azərbaycan Respublikasının Ailə Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə tənzimlənir. Hər iki məcəllədə nikah zamanı əldə olunan əmlakın ailənin ümumi əmlakı olduğu vurğulanır.
Mövzu ilə bağlı BiG.AZ-a açıqlama verən hüquqşünas Ruslan Mustafayev bildirib ki, əmlakın bölünməsi məsələsi bu günün ən aktual hüquqi suallarından biridir. Müasir dövrdə nikahın ləğvi ilə bağlı kifayət qədər məhkəmə prosesi keçirilir. Bu proseslərdə yalnız nikahın pozulması deyil, eyni zamanda digər mühüm məsələlər də müzakirə edilir. Boşanma zamanı ən çox mübahisə doğuran məsələlərdən biri də uşağın qəyyumluğu, alimentin ödənilməsi və nikah dövründə birgə əldə olunmuş əmlakın bölünməsidir:
“Nikah dövründə əldə edilən əmlak dedikdə nə başa düşülür?
Nikaha daxil olduqdan sonra birgə gəlir hesabına alınmış daşınar və daşınmaz əmlak bu kateqoriyaya daxildir. Əmlakın yalnız kişinin və ya qadının adına rəsmiləşdirilməsi onun bölünməsinə təsir göstərmir – yəni hüquqi baxımdan bu fərq etmir.
Bəzən sual yaranır: kişi işləyir, qadın isə evdar xanımdır – bu halda qadının əmlak üzərində hüququ varmı? Cavab birmənalı şəkildə “bəli”dir. Qadın birbaşa gəlir əldə etməsə belə, evdar olması və ailə içindəki rolu ona birgə əmlakda bərabər pay haqqı verir.
Uşaqların əmlakda payı varmı?
Qanunvericiliyə əsasən, nikah dövründə dünyaya gələn uşaqların birgə əldə edilən əmlakda payı olmur. Lakin valideynlərdən hansı uşağın qəyyumluğunu alırsa, məhkəmə bu halı nəzərə alaraq əmlakı bərabər yox, üçdə iki hissədə həmin valideynin xeyrinə bölə bilər. Əgər uşaqlar ananın himayəsində qalırsa, məhkəmə adətən anaya daha böyük pay verir.
İpoteka ilə alınan əmlak necə bölünür?
Nikah dövründə ipoteka krediti ilə alınmış mənzil də birgə əmlak sayılır. Əgər ipoteka ödənişləri hələ davam edirsə, tərəflərdən biri digər tərəfdən kreditin ödənilməmiş hissəsinə dair öhdəlik tələb edə bilər.
Bundan əlavə, nikah müddətində alınan əmlak yalnız bir şəxsin şəxsi vəsaiti (məsələn, əvvəlki evini satması nəticəsində) hesabına əldə olunubsa, bəzi hallarda məhkəmə həmin əmlakı birgə əmlak kimi qiymətləndirməyə bilər”.