Turizm firmalarının haram biznesi – QMİ-nin çağırışına sözardı
Deputat: “Həcc ziyarətinin qiyməti aşağı salınmasa, insanlar yenə də alternativ variantlar axtaracaq”
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Azərbaycandan Həcc ziyarətinə getmək istəyən zəvvarlara çağırış edib. Bu barədə Modern.az-a QMİ Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sistemi rəhbəri Vüsal Cahangiri məlumat verib. O qeyd edib ki, ötən il olduğu kimi, bu il də bəzi işbaz şirkətlər vətəndaşları aldadaraq turizm vizası ilə onları Həccə aparmağa cəhd edirlər:
“Bizdə olan məlumatlara görə, 100-ə yaxın, bəlkə də daha artıq vətəndaşımız belə işbazların təşviqedici vədlərinə aldanaraq onlara çoxlu pul vəsaitləri ödəyiblər. Vətəndaşlara bir daha qəti şəkildə bildirmək istəyirik ki, Həcc vizası tamam fərqli vizadır, onu yalnız Qafqaz Müsəlmanları İdarəsi vasitəsilə əldə etmək olar, Səudiyyə Ərəbistanı Krallığı Həcc və Ümrə Nazirliyi tərəfindən qanuni səlahiyyət yalnız bu quruma verilib”.
Onun sözlərinə görə, turizm vizası ilə Həcc mövsümündə Məkkəyə daxil olmaq Krallığın qanunlarına ziddir, həmin turizm vizasının üzərində də bu, qeyd edilib:
“Bu qanunu pozanları Krallığın hüquq-mühafizə orqanları tərəfindən yüksək cərimələr və həbslər, deportasiyalar və “qara siyahı”ya düşmələr kimi ağır cəzalar gözləyir. Ötən ildən fərqli bu qanunu pozana cərimə ikiqat artırılaraq 10 min Səudiyyə riyalı (təxminən 2 700 ABŞ dolları) təyin edilib. Bizdə dəqiq məlumatlar var ki, keçən il çox sayda vətəndaşlarımız belə şirkətlərin qurbanı olub. Bir daha xəbərdarlıq edirik ki, vətəndaşlarımız belə işbazlara aldanmasınlar, özlərini yüksək maddi və mənəvi xəsarətə məruz qoymasınlar”.
Ceyhun Məmmədov
İlahiyyatçı millət vəkili Ceyhun Məmmədov “Yeni Müsavat”a deyib ki, ilk olaraq problemin kökünə baxmaq lazımdır: “Azərbaycanda Həcc ziyarətinin qiyməti çox yüksəkdir. Biz dəfələrlə bu məsələni müzakirə etmişik. Qiymət yüksək olduğuna görə həmin məbləği ödəməyə imkanı olmayan vətəndaşlar alternativ yolları düşünürlər. Onlar hansısa ölkə, şirkətlər vasitəsilə müxtəlif yollarla bunu etməyə çalışırlar. Hesab edirəm ki, insanlara müxtəlif qiymətlər təklif edilməlidir. Məsələn, aşağı, orta, yüksək qiymət. Yəni vətəndaş seçim edə bilsin. Ümumi qiymət də aşağı salınmalıdır. Bəzi ölkələrlə müqayisə etdikdə qiymətlərin yüksək olduğunu görürük”.
Onun sözlərinə görə, vətəndaşlar başqa yollardan istifadə edir deyə QMİ bəyanat vermək qərarına gəlib: “Tutaq ki, dünyanın bir çox ölkələrində olduğu kimi, qiymət fərqlərini hotel ulduzları əsasında müəyyənləşdirmək mümkündür. Yəni hamı üçün 10 min manat tətbiq olunmasın. Bu cür bir qruplaşdırma tətbiq olunsa, 3 ulduzlu hotel üçün daha münasib qiymət müəyyən edilə bilər, 5 ulduzlu hotel üçün isə daha yüksək qiymət təyin edilə bilər. Bu olmadıqca insanların alternativlər axtardığının şahidi olacağıq”.
Yeri gəlmişkən, ötən il Həcc ziyarəti üçün kvota 1500 nəfər olub. Bu il kvota azaldılsa da, Həcc ziyarətinin qiyməti artırılıb. Bu il Həcc ziyarəti 5 950 ABŞ dollarına başa gəlib. Bu, ötən illə müqayisədə 100 dollar artıqdır. Beləliklə, Həcc ziyarətinə getmək istəyənlər hazırkı məzənnə ilə 10 115 manat pul ödəyiblər.
Məlumat üçün bildirək ki, 2025-ci ildə Həcc ziyarətinin müxtəlif ölkələrdə təxmini qiymətləri müxtəlifdir. Misal üçün, Türkiyədə Həcc ziyarətinin qiyməti 2025-ci il üçün 6500 ABŞ dollardır. Həcc ziyarətinə növbəsiz getmək isə 11 min ABŞ dollarına başa gəlir.
Rusiyada Həcc ziyarətinin qiyməti 5500 dollardır. Növbədənkənar qiymət isə təxminən 11 min ABŞ dollarına başa gəlir.
İran İslam Respublikasında isə Həccin qiyməti 5 min ABŞ dolları civarındadır. Pakistanda ziyarətin qiyməti dövlət və özəl paketlərə görə 3,000-5,500 ABŞ dolları arasında dəyişir. Hindistanda regiondan asılı olaraq qiymətlər 3,200-4,500 ABŞ dolları arasında dəyişir. Böyük Britaniyada lüks xidmətlər daxil edildikdə, qiymətlər 6,000-10,000 ABŞ dolları civarındadır. ABŞ-da uzaq məsafə və lüks xidmətlər səbəbilə qiymət 8,000-12,000 ABŞ dolları arasındadır.