Region Xəbərləri 

YAP Bərdə rayon təşkilatı “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib.

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatı Ulu öndər Heydər Əliyevin büstü önündə rayonun qazi müəllimləri ilə birlikdə “Zəfər tariximizin müəllimləri” adlı tədbir keçirib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü, suverenliyimiz və xalqımızın azadlığı uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya giriş nitqi ilə rayonun bütün müəllim heyətini Beynəlxalq Müəllim Günü münasibətilə təbrik edib. Bildirib ki, ölkəmizdə müəllim əməyi hər zaman yüksək qiymətləndirilir. Ulu öndər Heydər Əliyev “Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”, – deyərək bu peşənin sahiblərinə necə böyük hörmət bəslədiyini bildirib. Bugün uğurların, Zəfərlərin və nailiyyətlərin təməlində dayanan Ulu öndər Heydər Əliyevin dövlət müstəqilliyimizin yol xəritəsinə çevrilən parlaq ideyalarının uğurla davam etdirilməsində müəllim ordusu böyük gücə malikdir. Faqət Şadlinskaya qeyd edib ki, müəllimlərimiz Müzəffər Liderimiz cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasında da öz sözünü ön cəbhədə deməyi bacaran qəhrəmanlar oldular. 20 məktəb direktoru, 32 direktor müavini, 671 müəllim Vətən müharibəsində silaha sarıldılar. Onlardan 20 nəfəri şəhidlik zirvəsinə ucaldı. Bütün xalqımız onların xatirəsini daim əziz tutur.
Tədbirdə çıxış edən YAP fəalları- şəhid anası Arzu Hüseynzadə, rayon Ağsaqqallar Şurasının sədri Yaşar Zamanov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev, uzun illər təhsil sahəsində çalışmış İsmayıl Adıgözəlov müəllimləri təbrik edib, onlara uğurlar arzulayıblar.
Qazi müəllimlər Ümman Baxşəliyev və şəhid Elşən Mehbalıyevin qardaşı Elnur Mehbalıyev göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirib, hər zaman Ulu öndər Heydər Əliyevin ideyalarına sadiq olacaqlarını ifadə ediblər.
Tədbirdə YAP Bərdə rayon təşkilatının sədri Faqət Şadlinskaya qazi müəllimləri və YAP veteranı, uzun illər rayonun ictimai- siyasi həyatında fəal iştirak etmiş İsmayıl Adıgözəlovu hədiyyələr və anadan olmasının 75 illiyi münasibətilə Fəxri Fərmanla mükafatlandırıb.

Daha çox xəbərlər