Ələt-Astara avtomobil yolu istismara hazırdır
ARANTV.AZ xəbər verir ki, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin bir hissəsi olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu istismara tam hazırdır. Birinci dərəcəli avtomobil yolunun istifadəyə verilməsi ilə bu istiqamətdə yükdaşımaların həcmi 2 dəfədən çox artacaq, vaxt itkisi 2 dəfə azalacaq.
Ümumi uzunluğu 173.6 kilometr təşkil edən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi Ələt-Astara magistralının 31-ci kilometrindən başlayır. Yol 2 gediş və 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarətdir. Yol yatağının eni 26.5 metr təşkil edir. Bura 15 metr enində hərəkət hissə, 4 metr ayrıcı zolaq və 3.75 metr enində çiyinlər daxildir. Sözügedən avtomobil yolu bir-neçə hissə üzrə inşa olunur. Bu 25 kilometrlik Yenikənd-Salyan, 24.8 kilometrlik Salyan-Şorsulu, 30.1 kilometrlik Şorsulu-Cəlilabad, 32.2 kilometrlik Cəlilabad-Masallı, 22.2 kilometrlik Masallı-Lənkəran və 39.2 kilometrlik Lənkəran-Astara hissələridir. Magistral yolun Salyan-Şorsulu, Şorsulu-Cəlilabad və Lənkəran-Astara hissələrində son tamamlama işləri aparılır. Magistral yolun Şorsulu-Cəlilabad hissəsində 12.5 kilometrlik yol trassası Mahmudçala və Ağçala bataqlıq-göl ərazilərindən keçdiyi üçün burada yol yatağı torpağın xüsusi bərkitmə texnologiyası əsasında inşa edilib. Bu ərazilərdə heç vaxt məskunlaşma və yol strukturu olmadığından yol yatağının tikintisi üçün əraziyə 70 kilometrlik məsafədən qaya-daş parçaları gətirilib. Bununla yanaşı, tikinti normalarına uyğun drenaj sistemi qurulub və daş dolğudan istifadə edilərək yol əsası inşa olunub. Yolun inşası tikinti norma və standartlarına uyğun aparılaraq icrası son mərhələdədir. Yeni Ələt-Astara avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yol boyu 693 dairəvi və düzbucaqlı su keçidi, 65 yeraltı keçid, 47 körpü və 3 qovşaq, həmçinin 4 tunelin tikintisi nəzərdə tutulub. Yol boyu 2 böyük körpünün inşası yekunlaşdırılıb. Bu 205 metr uzunluğa malik Lənkəran çayı üzərində və 363 metr uzunluğunda Kür çayı üzərində inşa edilən körpülərdir. Yol boyu boruların mühafizəsi, çəpər çəkmə və baryerlərin qoyulması işləri görülüb, hərəkətin normal təşkili üçün zəruri yerlərdə yol nişanları və məlumatverici lövhələr, işıq dirəkləri quraşdırılıb, yolcizgi və yolgöstərici xətlər çəkilib. Azərbaycanda ilk dəfə magistral yolun kənarında xüsusi istirahət sahələri də yaradılır.
Yeni magistral yolun bu ay ərzində istifadəyə verilməsi planlaşdırılır. Hazırda mövcud olan Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun ümumi uzunluğu 243 km təşkil edir. İnşası aparılan yeni yol istifadəyə verildikdə isə bu məsafə 38.4 km qısalaraq 204.6 km olacaq. Böyük əhəmiyyətə malik yolun tikintisi turizm və kənd təsərrüfatının inkişafına şərait yaradacaq. Ələt-Astara avtomobil yolu Şimaldan Cənuba doğru və əksinə avtomobil yükdaşımaları dəhlizinin əsas elementlərindən biridir. Bu amil isə yükdaşımaların həcminin artmasına imkan verəcək.

