Region Xəbərləri 

Quba geniş turizm imkanları ilə hər il çoxlu turist qarşılayır

ARANTV.AZ xəbər verir ki, ölkəmizdə yay turizim mövsümü başa çatır. Quba bu yay da xeyli turist qarşılayıb. Mövsüm yekunlaşmaq üzrə olsa belə turistlərin sayı azalmayıb. Buradakı infrastruktur ilboyu turis qəbul edib yüksək səviyyəli xidmət göstərməyə imkan verir. Qubadan yay turizm mövsümünün son reportajını təqdim edirir.

Quba turizm baxımından böyük imkanları malik rayonlarımızdan biridir. Buranın təbiətinə – dağlarına, meşələrinə, bulaqlarına söz ola bilməz. Elə buna görə də, Quba ilin bütün fəsillərində qonaqlı-qaralıdır. Xüsusi ilə də yay aylarında bura gələn turistlərin sayı artır. Müasir infrastrukturun qurulması, xidmətin yüksək səviyyədə olması, paytaxta yaxınlığı Qubanı həm yerli, həm də əcnəbi turistlər üçün cəlbedici edir.

Məsafə baxımından paytaxdan çox da uzaq olmayan Quba, şəhərin gərgin ritmindən ayrılıb sakit və rahat şəraitdə dincəlmək üçün əla məkandır. Hətta həftə sonları dincəlmək istəyən paytaxt sakinləri də adətən Qubanı seçirlər. Rayonda qurulan müasir turizm infrastrukturu ilin bütün fəsillərində turistlərə yüksək səviyyədə xidmət göstərmək üçün əlverişlidir.

Qəçrəş, Kölgəli meşə, Təngəaltı dərəsi, Xınalıq kəndi… Qubanın gəzməli-görməli yerlərini saymaqla bitməz. Hər məkanın da bir-birinə bənzəməyən gözəlliyi… Ona görə də dünyanın dörd bir yanından bura turistlər gəlir. Əcnəbi turistlər arasında Rusiya, Türkiyə, Gürcüstan və  Körfəz ölkələrindən gələnlər çoxluq təşkil edir.

Dövlətin sahibkarlığa verdiyi dəstək hesabına son illər Qubada yüksək səviyyəli  turizm infrastrukturu yaradılıb. 3, 4 və 5 ulduzlu otellər, mehmanxana və mehmanxana tipli komplekslər, müxtəlif turizm mərkəzləri tikilib. Turistlərin ən çox getdiyi Xınalıqda, Təngəaltıda, Afurcada və digər kəndlərdə isə hostellər də fəaliyyət göstərir.

Quba təkcə təbii gözəlliyi ilə deyil, həm də qədim tarix-mədəniyyət abidələri, müasir infrastrukturu, istirahət mərkəzləri ilə də tanınır. Ötən il Qubaya səyahət edən yerli və xarici turistlərin sayı 80 mini ötüb. Bu il isə ilin sonua qədər rayona 100 mindən çox turistin gələcəyi proqnozlaşdırılır.

Daha çox xəbərlər