Sosial şəbəkələrin yaratdığı yuxusuzluq sindromu
Əgər yata bilmirsinizsə, çoxdandır şirin yuxuya həsrətsinizsə, orqanizminizdəki maqnit elementinin miqdarını yoxladın. Orqanizmdə maqnit elementi 300 biokimyəvi reaksiyada iştirak edir. Onun 10 əlamətindən biri də yuxu pozğunluğudur.
Amma bu yeganə səbəb deyil. Bu gün insanların iş rejimi, gündəlik məişət həyatında qarşılaşdıqları, stress, yorğunluq, əsəb, daxili sıxıntılar, narahatlıq və s. hallar insanlarda yuxu sisteminin pozulmasına, yuxusuzluğa səbəb olur.
Kiçik bir soğru keçirmək kifayətdir ki, Azərbaycanda 10 adamdan 7 nəfərinin yuxu pozğunluğundan əziyyət çəkdiyinə əmin olasan. Yuxusuzluq sindromu həm nevroloji, həm psixoloji aspektdən araşdırılmalıdır.
Nəzərə almaq lazımdır ki, internet dövrüdür, əksəriyyət sosial şəbəkədədir, hər kəsin əlində planşet, mobil telefon var və insanlar həyatlarını sosial şəbəkəyə bağlayırlar.
Onlar sanki dördbucaq bir qutunun içindədirlər və oradan dünyaya baxırlar. Onların həyata baxışı yalnız telefondandır və bu da asılılıq yaradaraq gərəksiz stresə səbəb olur.
İnsanlar fiziki və psixoloji olaraq sosial şəbəkələrin əsirinə çevriliblər. Hətta telefondan istifadə qadağası olan iş yerlərində çalışan şəxslər daha çox aqressiya nümayiş etdirirlər. Onlar iş saatı qurtaran kimi telefonu götürürlər və ondan ayrılmırlar. Çünki özlərini real həyatda deyil, orada tapırlar. Yuxu isə real həyatdır.
Mütəxəssislərin fikrincə yuxu insanları internetdən ayırır. İnsanlar özlərinə ziyan vurub gecələr yuxusuz qalırlar, internetə qoşulurlar. Sosial şəbəkələrdə aktivliyin ən pik vaxtı axşamlar olur. İnternetə görə yuxularına haram qatırlar. Sonra şikayətlənirlər ki, yata bilmirik. Əgər insan yatağında kitab oxusa yuxusu qaçmaz, tez yatar. Amma sosial şəbəkə yuxusuzluq yaradır. Bu da öz növbəsində sonra aqressiya, həssaslıq, stresə səbəb olur. Yəni əsas səbəb sosial şəbəkələrdir. Lakin birmənalı olaraq yalnız bununla əlaqələndirmək də olmaz. Yaşlı insanlar var ki, internetdən istifadə etmirlər, amma yuxu pozğunluğundan əziyyət çəkirlər. Bunun da müxtəlif səbəbləri olur.
İnternet portallarında gedən məlumatlarda isə deyilir ki, mütəmadi olaraq yuxu pozğunluğundan əziyyət çəkən insanların beyni 7 il tez qocalır. Yuxusuzluq insanı ruhi xəstəliyə aparan ən rahat və qısa yoldur. Buna görə də yuxusuzluq sindromunu tez bir zamanda yox etmək lazımdır. Yuxusuz insan aqressiv olur, düzgün qərarlar qəbul edə bilmir, yaddaşı zəifləyir. Həmçinin onun nəfəs yollarında problemlər yaranır. Qanda oksigen çatışmazlığı, dəyişikliklər meydana gəlir. Yuxusuzluq zamanı, həmçinin ürək, ağciyər və hormonal xəstəliklər də özünü göstərir.
Yuxusuzluğun yaratdığı digər bir fəsad isə xərçəng xəstəliyidir. Yuxu pozğunluğuna qarşı tədbir görülməzsə, bu, ölümlə nəticələnə bilər. Alimlərin qənaətinə görə, yuxusuzluq intihar həddinə belə gətirib çıxarır.
Əgər insan 1 həftə yuxu yata bilmirsə, o, 1 həftədən sonra tam ruhi xəstə olur. Yuxusuzluq zamanı beyində oksigen çatışmazlığı baş verir. Beyində oksigen çatışmazlığının ilkin əlaməti vaxtlı-vaxtsız əsnəməkdir. Beyində qan dövranı o qədər kasadlaşır ki, beyin maddələr mübadiləsində iştirak etmir.
Röya Rasimqızı, “İki sahil”

