“Dəniz mövsümünə qədər koronavirus qalmayacaq” – Baş infeksionistdən maraqlı açıqlamalar
ABŞ-da koronavirusa yoluxanların sayı bir milyonu keçib, ölənlərin sayı 51 mindən çoxdur. Buna baxmayaraq, Kaliforniya ştatındada hava qızan kimi amerikalılar plyajlara axışıb. Polis çimərliklərə üz tutanların qarşısını ala bilməyib.
Bu, Bakıda da təkrarlana bilərmi? Duzlu dəniz suyu koronanı öldürürmü? Bakı çimərlikləri bu mövsümdə pandemiya səbəbindən bağlı qala bilərmi?
Azərbaycanın baş infeksionisti Cəlal İsayev Musavat.com əməkdaşının suallarına cavab olaraq deyib ki, Azərbaycanda çimərlik mövsümünə qədər pandemiya aradan qalxacaq: “Azərbyacanda dəniz mövsümü iyunun 15-də açılır. Digər tərəfdən də dəniz suyu duzlu olduğuna görə infeksiya həmin mühitdə yaşaya bilmir. İnşallah, dəniz mövsümünə qədər koronavirusun axırına çıxarıq”.
Bununla belə Cəlal İsayev deyir ki, dəniz suyunun koronavirusa öldürücü təsirinin olmasına baxmayaraq vətəndaşları çimərliklərə tələsməməyə çağırıb: “Virusun yoluxma yolu hava-damcı vasitəsi ilədir. Dəniz suyuna koronavirusun haradansa düşməsi halında kimsə yoluxa bilər. Məsələnin bu tərəfi də var ki, xəstə adam dəniz suyunda çimməyə getməz. Deməli, dənizə koronavirusun düşməsi ehtimalı da yox səviyyəsindədir. Çimərliyə sağlam adamlar gedir. Hesab edirəm ki, virusuun dəniz suyu vasitəsi ilə yayılması mümkün deyil”.

Cəlal İsayev deyir ki, Almaniyadan olan mütəxəssislər koronavirusun səthlərin üzərində nə qədər qalmasını araşdırıblar: “Buna qədər məlumatlar belə idi ki, koronavirus səthlərin üzərində 3-5 gün qala bilir. Alman mütəxəssislərinin araşdırması isə gösətirib ki, bu müddət deyildiyi kimi 3-5 gün deyil, 1 saata qədərdir. Bütün hallarda infeksiyanın dəniz süyu ilə yayılması ehtimalı çox aşağıdır. Bu təkcə koronavirus infeksiyasına aid deyil. Digər infeksiyalar da duzlu dəniz suyunda yaşaya bilmirlər”.
Cəlal İsayev deyir ki, koronavirusun yayılması ilə bağlı məsələlər hələ tam araşdırılmayıb: “Azərbyacanda dəniz mövsümü açılana qədər koronavirusa yoluxmuş şəxslərin sayı minimal olacaq. Hər halda, o dövrə qədər gözləmək, Kaliforniyalıların təcrübəsinə müraciət etmək lazım deyil”.
Azərbaycanda dəniz mövsümü hər il iyunun 15-də açıq elan olunur. Eyni zamanda dəniz mövsümündə vətəndaşların üz tuta biləcəkləri dəniz çimərlikləri haqda da məlumatlar verilir. Həmin məlumatlarda dəniz suyunun çirklənməsi, suda olan mikrob və bakteriyaların insan sağlamlığına təsirləri də yer alır. Dünyada çimərliyə yararlı ərazilərin beynəlxalq sertifikatlaşması aparılır. Çimərliyə yayarlı ərazilərə “Mavi bayraq” sertifikatı verilir. Azərbaycanda hələlik heç bir çimərlikdə “Mavi bayrağ”a rast gəlinmir.
“Mavi bayraq” – 32 kriteriyaya görə xidmətin, təhlükəsizliyin və ekoloji təmizliyin səviyyəsinin yüksək standartlarına əsasən çimərliklərə verilən beynəlxalq standartdır. Qeyd edək ki, bu standartı almaq üçün çimərliklərdə lazımi avadanlıqlarla təchiz edilmiş xilasedici postlar, parklamalar, tibb məntəqələri, fiziki imkanları məhdud olan şəxslər üçün rahat şərait olmalıdır. Bu prestijli mükafat yalnız 1 mövsüm üçün verilir. “Mavi bayraq” mükafatı şəhər və vilayətlər üçün çox sayda turistlərin cəlb edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
Abşeronda dəniz sahillərində modul tipli sutəmizləyici qurğuların quraşdırılmasından sonra çimərliklərində bağırsaq çöplərinin səviyyəsi əhəmiyyətli dərəcədə azalıb. Lakin Sumqayıt, Qaradağ rayonundakı Sahil, Şıxov və paytaxtın Səbail rayonu ərazisindəki çimərliklər çimməyə yararlı deyil. Nisbətən təmiz çimərliklər 17 modul tipli sutəmizləyici qurğunun quraşdırıldığı Bilgəh, Buzovna, Mərdəkan, Pirşağı, Novxanı və Corat qəsəbələrindəki çimərliklər hesab olunur.
Musavat.com

