Koronavirusla mübarizə dönəmi: Uğur qazanmaq üçün həmrəy olmalıyıq
Bütün dünyanın həyat ritmini “silkələyən”, rahatlığa və sərbəstliyə ciddi maneə yaradan COVID-19 pandemiyası dövlətlər və xalqlar üçün sonu mücərrəd imtahandır desək, yanılmarıq. Dünya dövlətlərinin bu sınaqla mübarizədən necə çıxmasını isə zaman və statistika göstərəcək.
Artıq 3 aydan çoxdur ki, Azərbaycanda koronavirusla mübarizə ciddi şəkildə davam etdirilir və əhalinin sağlamlığının qorunması, eləcə də sanitar-epidemioloji vəziyyətin nəzarət altında saxlanması üçün zəruri addımlar atılır. Prezident İlham Əliyevin koronavirus pandemiyasına qarşı müəyyənləşdirdiyi mübarizə strategiyasına əsasən, Azərbaycan bu qlobal bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısında nümunəvi yerdə qərarlaşıb. Koronavirus başladığı ilk mərhələdən dövlətimizin atdığı zəruri addımlar qorxunc virusla bağlı bir çox başqa ölkələrin üzləşdiyi ağır problemlərin bizdən yan keçməsinə imkan yaratdı. Gecikmədən sərhədlərin bağlanılması təhlükəli xəstəliyin Azərbaycana nüfuz etməsinin qarşısını alan ilk ciddi maneələrdən idi. Qabaqlayıcı tədbirlərin vaxtında görülməsi, müvafiq laboratoriyaların yaradılması, təcili olaraq tibbi maska istehsal edən müəssisənin fəaliyyətə başlaması, dezinfeksiya vasitələri istehsalının təşkil edilməsi, koronavirus xəstələrinin müalicəsi üçün ən qabaqcıl xəstəxanaların ayrılması və digər vacib tədbirlər müsbət təsirini göstərdi. Koronavirus pandemiyasının daha ağır fəsadlarının qarşısının alınmasında modul tipli xəstəxanalar olduqca mühüm əhəmiyyət kəsb edir. Koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün hər cür şəraitin yaradıldığı xəstəxana kompleksləri mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Palatalara ötürülən hava ventilyasiya qurğusu ilə təmizlənir. Belə xəstəxanaların quraşdırılması ilə ölkənin səhiyyə sisteminin əlavə 2000 çarpayılıq ehtiyatı yaranır. Bütün bunlarda əsas məqsəd koronavirus xəstələrinin lazımi tibbi xidmətlərlə əhatə olunması üçün vahid idarəetməni və tibbi əlaqələndirməni təmin etməkdir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qrupu zəruri səhiyyə xidmətləri və iş davamlılığı, milli sınaq laboratoriyalarına nəzarət strategiyası, xəstəxanaların hazırlığı, infeksiyanın qarşısının alınması və bu prosesə nəzarət, zəruri dərman, diaqnostika və sağlamlıq üçün avadanlıqların olmasını təmin etmək, məlumatı paylaşmaq, riskləri minimuma endirmək üçün tövsiyə olunan tədbirlər barədə məsləhət vermək və digər istiqamətlər üzrə iş aparır. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə səmərəli əməkdaşlığı davam etdirir və koronavirusun yayılmasının qarşısını almaq üçün ən qabaqcıl laboratoriya dəstlərini alan 17 ölkədən biridir. Faktlar da təsdiqləyir ki, dövlətimizin başçısı əhalinin sağlamlığının qorunması istiqamətində bütün imkanlardan istifadə edir. Son illər Azərbaycanın səhiyyə sistemində köklü islahatların aparılmasında, həkimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində də əsas məqsəd əhalinin sağlamlığının qorunmasıdır.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva da koronavirusla bağlı əhaliyə müraciətində bütün həmvətənlərimizi vətəndaş məsuliyyəti nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə ciddi riayət etməyə çağırıb. Birinci xanım əminliklə bildirib ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.
Həqiqət ondadır ki, COVID-19 ilə mübarizədə uğur qazanmaq istəyiriksə, hər birimiz bu yolda həmrəy olub, məsuliyyətli şəkildə mücadilə etməliyik. Unutmaq lazım deyil ki, koronavirus xəstəliyi uzunmüddətli prosesdir. Vətəndaşlar şəxsi gigiyena, eləcə də tibbi-profilaktik qaydalara əməl etməli, ictimai yerlərdə kənar şəxslərlə ünsiyyətdə olmamalı, mövcud preventiv tədbirlərin şərtlərinə riayət etməlidirlər. Gigiyena qaydalarına ciddi riayət edilməsə, pandemiyanın özü ilə bərabər daha böyük təhlükələr gətirə bilər. Hər bir vətəndaş gigiyenik qaydalara ciddi riayət etməli, tibbi maskalardan, digər qoruyucu vasitələrdən istifadəni unutmamalıdır. Bütün bunlar hər birimizin sağlamlığı naminə edilir. Buna görə də Prezident İlham Əliyev qapalı şəraitdə hər kəsin mütləq maskadan istifadə etməsinin vacibliyini vurğulamış və hər kəsin məsafə saxlamasını və şəxsi gigiyenasına fikir verməsini tövsiyə etmişdir: “Çünki cəmi bu üç amil, – bunu həkimlər, müxtəlif ictimai xadimlər bəlkə də min dəfə deyiblər, – gərək nəzərə alınsın: tibbi maska, bir yarım-iki metr məsafə və dezinfeksiya vasitələri. Bu amillər insanları həkimlərin yekdil rəyinə görə, 95 faiz qoruyur. Ona görə vətəndaşlardan artıq dərəcədə xahiş edirəm ki, bu çox sadə qaydalara əməl etsinlər və bilsinlər ki, koronavirus yoxa çıxmayıb.”
Dünya dövlətlərinin pandemiyaya qarşı həmrəy olduğu bir vaxtda insanların fərdi qaydada, dinindən, irqindən, sosial statusundan asılı olmayaraq mənəvi cəhətdən sıx birləşmələrinə ehtiyac var. Xəstəliyin yayıldığı dövrdə xalqımızın nümayiş etdirdiyi mütəşəkkillik, nizam-intizam xüsusən də belə həssas məsələlərdə arzuolunan nəticəyə gəlməyin ən zəmanətli yolu məsuliyyət və həmrəylikdir. Gəlin, belə kritik günlərdə də məsuliyyət və həmrəyliyimizlə öz nümunəviliyimizi qoruyaq!
Yaqut Ağaşahqızı,
“İki sahil”

