Sosial 

Yarımçıq qalan müsahibə

Polad Həşimov: Sənə müsahibəni yolumuzu gözləyən o torpaqlarda verəcəyəm

Daim torpaqlarmızı yağı işğalından azad etməyə hazır olduqlarını bildirən oğullarımız son günlərdə sözlərini şücaətləri ilə qətiyyətlə dedilər, Vətən yolunda canlarından keçməyə hazır olduqlarını ölümün gözünə dik baxmaqla bildirdilər. And yerimiz, alınmaz qala adlandırdığımız Şəhid məzarlıqlarında daha bir neçə əsgərimiz adını müqəddəslik zirvəsinə  həkk etdirdi. Tanrı dərgahında yer alan şəhid ruhları narahat olsa da uğrunda qurban getdikləri Azərbaycan torpaqlarının qaytarılacağı günün gələcəyinə inanaraq qəhrəmanlıq estafetini sonrakı nəsillərə ərmağan etdilər. O oğullar ki, bu gün düşmənlə cəbhə bölgələrində, bütün sərhədyanı postlarda xain ermənilərə qan uddururlar.

Qəhrəman Azərbaycan Ordusunun rütbəsindən asılı olmayaraq, generalından tutmuş hər bir zabitinin, əsgərinin övladlıq borcu kimi göstərdikləri şücaət xalqımız tərəfindən yüksək dəyərləndirilir. Dünyada hər şeydən dəyərli, ən şərəfli vəzifə Vətən yolunda candan keçməyə hazır olmaqdır. Səbri daşan, düşmənin xəyanətlərini seyr etməkdən yorulub yumruqları düyünlənən Azərbaycan əsgəri bu müqəddəsliyi rəşadəti ilə əbədiləşdirdi. Vətən yolunda canından keçən, ömrünün hansı çağında olmalarından asılı olmayaraq oğullarımız şəhidlik  məqamına yüksəlməklə bütün Azərbaycanın qarşısında baş əydiyi şəhid adı ilə ölməzliyini qazandılar. Ölməz o adamdır ki, özündən sonra Vətən üçün böyük və faydalı yadigarları qalır. Son döyüşlərdə qazanılan hərbi uğurlar, azad olunan hər bir qarış torpaq uğrunda tökülən hər damla qan cəsarətlilik rəmzi olmaqla daha böyük qələbənin başlanğıcıdır.

Qəhrəman o adamdır ki, həyat yaradır, ölümə qalib gəlir. Əsl qəhrəmanın üstünlüyü ondadır ki, o təhlükə ilə üz-üzə gələndə qorxu hissini boğur, həyatla vidalaşanda da daxili əzəmətini saxlaya bilir. Bu kimi keyfiyyətləri özündə birləşdirən Azərbaycan əsgəri torpaq uğrunda canını qurban verməklə ölümsüzlüyə imza atdı, Vətən sevgisinin məntiqini dünyaya bəyan etdi.

Ölümsüzlüyə imza atan şəhidlərimizdən biri də general-mayor Polad Həşimov idi. General-mayor Polad Həşimov həmişə ən ön xətdə, döyüş meydanında əsgərləri ilə bir cərgədəidi. Bu, ali rütbəli hərbçinin sırf vətənpərvərliyindən, cəsurluğundan xəbər verir. Tovuz istiqamətində gedən döyüşlər bir daha sübut etdi ki, Azərbaycan Ordusunun generalları düşmənə qarşı ön sırada, əsgərlərlə bir cərgədə vuruşur, hər an canını Vətən uğrunda fəda etməyə hazırdır. General-mayor Polad Həşimovun bu cəsur davranışı Qarabağı azad edəcək əsgər və zabitlərimiz, gənclərimiz üçün milli qürur mənbəyidir.

Şəhid general-mayor Polad Həşimov 1975-ci ildə Qəbələ rayonunun Vəndam kəndində anadan olub, Sumqayıt şəhərində yaşayıb. Polad Həşimov orta məktəbi bitirdikdən sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alıb və hərbi təhsilini Türkiyədə davam etdirib. İki oğlu, bir qızı var. General- mayor Murov, Daşkəsən və digər döyüş bölgələrində xidmət edib. 2014-cü ilin 25 iyununda Azərbaycan Prezidentinin Sərəncamı ilə polkovnik-leytenant Polad İsrayıl oğlu Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Polad Həşimov 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və xəsarət alıb. Orduda göstərdiyi şücaətinə görə Ali Baş Komandan Prezident İlham Əliyev tərəfindən ona vaxtından əvvəl general-mayor rütbəsi verilib.

“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin Hərbi-vətənpərvərlik redaksiyasının əməkdaşı, hərbi jurnalist Turqut Bayramov dostu, şəhid general- mayor Polad Həşimov haqqında xatirələrini oxucularımızla bölüşdü: “Polad Həşimov heç bir vaxt nə rütbə, nə də vəzifə həvəskarı olmayıb. Hər dəfə ona cənab polkovnik, son 1 ildə isə cənab general deyə müraciət edəndə bərk əsəbləşirdi. Deyirdi ki, “mənə sadəcə olaraq Polad müəllim deyin. Mən də sizin kimi siravi bir insanam, xalqımın, bu ordunun bir əsgəriyəm.” Əsgərlərinə qarşı çox diqqətli və çox qayğıkeş bir komandir idi. Hər zaman ən çətin relyefdə dislokasiya olunan hərbi hissələrdə xidmət etmişdi. Qış aylarında həmişə o insan çox qayğılı olurdu. Səbəbini soruşanda deyirdi ki, “biz burada isti otaqda oturmuşuq, amma mənim əsgərlərim, zabitlərim 20-25 dərəcə şaxtada düşmənlə üz-üzə dayanıb bizi qoruyur. Valideynləri onları mənə əmanət ediblər.” 2016-ci ilin Aprel döyüşləri zamanı gecə leysan yağıs yağırdı, əsgərinin birinin bərk üşüdüyünü görən Polad Həşimov öz gödəkçəsini çıxarıb ona vermişdi. Bunu mən onun özündən yox, başqa bir zabit yoldaşından eşitmişdim. Həmişə onun qəhrəmanlığını zabit yoldaşlarından eşidirdim. Özü haqqında danışmağı heç vaxt sevmirdi. Hər dəfə çəkiliş qrupumuzla onun xidmət etdiyi hərbi hissədə olanda mənə deyirdi ki, “burada olan şəraiti çəkmə, hərbi hissələrimizdə olan yüksək səviyyəli şəraiti hamı görür və hamı bilir. Sən operatorunu da götür ən çətin relyefdə qurulan döyüş postunu çək. Qoy oradakı əsgərləri, oradakı igidləri xalq görsün.” Hər dəfə onun xidmət elədiyi hərbi hissələrə ezam olunanda onu qərargahda tapa bilmirdik. Öyrənirdik ki, indi də hansısa döyüş postundadır. Bizim gəldiyimizi ona xəbər verəndən sonra gəlirdi. Polad Həşimov bir komandir kimi əsgərlərini nə qədər çox sevirdisə, əsgərlərinə qarşı nə qədər diqqətli idisə, bir insan kimi də dostluğa, yoldaşlığa çox sadiq idi. Bir dəfə çox yüksəklikdə, çətin relyefdə yerləşən bir döyüş postunda çəkiliş edirdik. Bir anda hava dəyişdi, güclü külək əsdi və qar yağdı. Belə bir hava şəraitində çəkiliş etməyin çətin olduğunu görüb bir qədər isinmək üçün bölüyün dayaq məntəqəsinə keçdik. Bir müddət sonra çölə çıxanda gördük ki, hər yer qar altında qalıb. Hərbçilərimiz bildirdilər ki, gedəcəyimiz yolu qar tutub, belə bir şəraitdə qayıtmağınız çox təhlükəlidir. Buna görə də postda qalmalıyıq. Bizi müşayiət edən zabit Polad Həşimova vəziyyətlə bağlı məruzə edəndə o bildirdi ki, “çəkiliş qrupunun həyatını təhlükəyə atmaq olmaz. Postda qalın və bizi gözləyin.” Gecəni postda əsgərlərimizin yanında qaldıq. Səhər saat 8-ə qədər Polad Həşimov hər yarım saatdan bir posta zəng edib bizim vəziyyətimizi soruşurdu. Gecəni yatmamışdı. Səhər açılanda yolu bir qədər təmizləyib hərəkətə başladıq. Məlum oldu ki, komandir Polad Həşimov da ağır texnika ilə aşağıdan yolu təmizlətdirməyə başlayıb. Biz hərbi hissəyə gəlib çatanda gördük ki, gözləri qıpqırmızıdır. Sonradan öyrəndik ki, gecəni yatmayıb və dünən biz posta gedən vaxtdan boğazından su da keçməyib. Bu idi general-mayor Həşimovun, dost Poladın etibarı, sədaqəti. Hər dəfə səngərdə olanda düşmən tərəfə baxıb deyirdi: “Turqut, mən sənə müsahibəni bax orada, yolumuzu gözləyən o torpaqlarda verəcəyəm.” Heyif ki, o müsahibə ürəyimizdə qaldı.”

Nur içində yat, şəhidimiz general-mayor Polad Həşimov!

Orxan Vahidoğlu“İki sahil”

Daha çox xəbərlər