Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində əksini tapan bu çağırışı hər bir ölkə vətəndaşından nəinki döyüş meydanında, həm də kompyuter qarşısında Azərbaycanın mövqeyini müdafiə etməyi tələb edir
Dövlətimizin başçısı İlham Əliyevin 2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi ilə bağlı Sərəncamında qeyd olunduğu kimi, Azərbaycan xalqı əsrlər boyu xeyirxahlıq, fədakarlıq, gərəklilik könüllü və təmənnasız kömək ənənələrini yaşatmışdır. Könüllülük xalqı, cəmiyyəti ən xoş niyyətlər uğrunda fəaliyyət göstərməyə sövq edən, insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatı, zəngin milli-mənəvi dəyərlərimizin nadir töhfəsidir. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.
Dünyanı bürüyən, birgə səylərin göstərilməsinə çağırış olan COVID-19 hər bir ölkənin malik olduğu imkanlarla yanaşı, onların ölkələrlə münasibətlərdə verdiyi dəyərlərə də aydınlıq gətirir. Dövlətimiz bu bəla ilə mübarizədə də xalqımıza xas olan keyfiyyətləri nümayiş etdirdi. “Azərbaycanda həm ölkə daxilində, ilk növbədə, bütün lazımi tədbirləri görürük və beynəlxalq müstəvidə də öz sözümüzü deyirik” söyləyən dövlətimizin başçısı İlham Əliyev Azərbaycanın 30-dan artıq ölkəyə texniki, maliyyə yardımı göstərdiyini, təyyarələr göndərdiyini bildirir. Ölkə Prezidenti “hesab edirəm ki, düz etmişik» söyləyərək atılan bu addımı belə əsaslandırır ki, çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə: «Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik.» Azərbaycan biri-birinə əks qütbləri bir araya gətirdi. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının, Qoşulmama Hərəkatının Zirvə görüşləri, BMT Baş Assambleyasının xüsusi sessiyası keçirildi. Pandemiya dövründə Azərbaycanın beynəlxalq səviyyədə atdığı addımlardan bəhs edən cənab İlham Əliyev özlüyündə yaranan «Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi» sualına cavab olaraq bildirir ki, yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki Azərbaycan məsuliyyətli ölkədir və etibarlı tərəfdaşdır.
Qoşulmama Hərəkatının Zirvə görüşü nəinki ölkə, dünya mətbuatında əsas müzakirə mövzusu oldu. Bu baxımdan ki, qurumla Avropa İttifaqı arasında münasibətlər bu günə qədər heç vaxt ürəkaçan olmayıb. Azərbaycan məlum təşəbbüsü ilə bu iki əks qütbü pandemiyaya qarşı mübarizədə bir araya gətirdi.
«Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir.»
Bu hadisələri təkrar qeyd etməyimizə səbəb Azərbaycanın hər addımında könüllülük prinsipinə xüsusi önəm verdiyini bir daha nümayiş etdirməkdir. Nəzərə alsaq ki, bu gün hər bir ölkə, o cümlədən Azəbaycan pandemiyanın yaratdığı iqtisadi və sosial fəsadları ardan qaldırmaq üçün ciddi tədbirlər həyata keçirir, amma bu çətinliklərin fonunda ölkəmizin yardım tədbirləri diqqətdən kənarda qalmır, xeyirxahlığın, birliyin, həmrəyliyin, başqasının yaşalığı çətinliklərdən öz xeyri üçün istifadə etməməyin təcəssümü kimi qeyd edilir.
Əvvəldə də qeyd etdiyimiz kimi, bu gün hansı sahəyə müraciət etsək, öncə dünyanı silkələyən koronavirus infeksiyasının fəsadlarından və hər bir ölkəyə, vətəndaşa çağırışlarından bəhs etməli oluruq. Çünki vətəndaş amilinin öndə dayandığı siyasətin uğurlarından danışırıqsa, təbii ki, sağlamlığımızın, təhlükəsizliyimizin prioritetliyi özünü qabarıq şəkildə büruzə verəcək.
Ölkəmizdə maarifləndirici cağırışlara hər addımda rast gəlinir. Ən əsası bu işdə könüllülərimizin rolu inkaredilməzdir. Koronavirus xəstələrinin müalicəsində könüllülərin əməyindən və dövlət tərəfindən yüksək dəyərləndirilməsindən bəhs etmişik. Ölkəmizdə illərlə könüllülük hərəkatının daha da genişləndirilməsi, müxtəlif istiqamətləri əhatə etməsi istiqamətində atılan addımlar bu gün öz bəhrəsini verir. Bu günümüzün reallıqlarından bir daha aydın olur ki, könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Bu hərəkatın əsas aparıcı qüvvələri olan gənclərimiz fəallıqlarını daha da artırır, üzərilərinə düşən vəzifələri yerinə yetirmək üçün daha ciddi səylə çalışırlar.
Koronavirusla mübarizəyə başlandığı gündən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri ilə birgə ölkəmizin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının könüllülərinin yaşı 65-dən yuxarı olan tənha insanlara yardımları, onlara sosial xidmətlər göstərmələri də bu tərkibdəndir. Təbii ki, bu kimi addımlar gənclərin milli-mənəvi dəyərlərə bağlılığına öz müsbət təsirini göstərir. Böyüklərə hörmət və diqqət, onların qayğıları ilə yaşamaq, lazım olan dəstəyi göstərmək milli-mənəvi dəyərlərimizin əsas tərkib hissələridir. Bu qayğıya mərhəməti, sədaqəti, xeyirxahlığı da əlavə etsək, bu ali keyfiyyətlərin fonunda koronavirus kimi bəladan böyük qələbə, uğurla çıxacağımızı əminliklə qeyd edə bilərik. Çünki birliyin, həmrəyliyin, vətəndaş məmnunluğunun yüksək olduğu bir ölkədə hansısa çətinlikdən, problemdən, yaxud onların həllinin mümkünsüzlüyündən danışmaq qeyri-mümkündür. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva koronavirus infeksiyası ilə bağlı xalqımıza müraciətində bu əminliyi ifadə etmişdir ki, müdrik xalqımızın ən gözəl xüsusiyyətləri – ruh yüksəkliyi və mərdlik, mərhəmət və şəfqət, inam və məhəbbət sayəsində biz birlikdə bu ciddi çağırışın öhdəsindən gələcəyik.
Son 17 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin azərbaycançılıq ideyası ətrafında sıx birliyini, milli vətənpərvərlik ruhunda tərbiyəsini, Vətənə, dövlətə, xalqa bağlılığını təmin etmək, potensial imkanlarından səmərəli istifadə emək üçün biri-birindən əhəmiyyətli addımlar atır. Ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq Cümhuriyyəti ili”, 2019-cu ilin “ Nəsimi ili”, 2020-ci ilin isə “Könüllülər ili” elan edilməsi də səbəbsiz deyil. Tarixinə, mədəniyyətinə, milli-mənəvi dəyərlərinə sahib çıxan xalq məğlubedilməzdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda gənclərimizin tariximizi, milli-mənəvi dəyərlərimizi, ədəbiyyatımızı daha dərindən öyrənmələri bütün dövrdər üçün aktualdır ki, bu da könüllülük hərəkatının daha da genişlənməsində stimulverici amil rolunu oynayır. “Könüllülər ili” məhz gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə elan edilib.
Ölkəmizdə gənclərə diqqət və qayğının hazırkı səviyyəsindən bəhs edərkən dövlətimizin başçısı İlham Əliyevin Davos Dünya İqtisadi Forumunun bu il keçirilən ənənəvi 50-ci iclası çərçivəsində səsləndirilən «Mərkəzi Asiya əhalisinin üçdəbir hissəsinin yaşı 15-dən aşağıdır. Yəni, əhalinin üçdəbir hissəsinin 15 yaşı tamam olmayıb. Dünyanın digər hər bir qitəsində gənclərə nəzər salsaq, biz onları küçələrdə görmüş olarıq, onlar öz səslərinin daha çox eşidilməsini tələb edirlər, onlar daha çox səsə malik olduqlarına öyrəşiblər. Siz də indi qeyd etdiniz ki, ölkənizdə gənclərin sayı çoxdur. Bəs, onlar küçəyə çıxsa və daha çox səs tələb etsə, Siz onlara nə deyərdiniz» sualına cavabını yada salmaq istərdik. Cənab İlham Əliyev bildirmişdir ki, biz onların nə istədiklərini dinləyərdik. Lakin fakt ondan ibarətdir ki, Azərbaycan gəncləri küçələrdə deyil, gənclər universitetlərdə, məktəblərdə, startap biznesindədir. Nəhəng könüllülər hərəkatına başlanılıb və on minlərlə insan ictimai xidmətlər sektorunda könüllülər qismində təlimlərdə iştirak edib. «Səmimi danışsaq, dünyanın müxtəlif yerlərində gənclərin küçələrdə olması onları nəyinsə qane etmədiyinə görə baş verir» söyləyən ölkə Prezidenti onu da vurğulamışdır ki, onları həyat qane etmir, hökumətə olan etimadı itib. Hökumət hakimiyyətə gəlmək üçün populist şuarlardan istifadə etmiş, lakin sonra vəd etdiklərini yerinə yetirə bilməmişdir. Azərbaycanda həmişə sözümüzə əməl edirik: «Biz heç vaxt yerinə yetirə bilməyəcəyimiz məsələləri dilimizə gətirmirik və insanlarımızın həyat standartları ildən-ilə daha da yaxşılaşır.» Ölkəmizdə gənclərin inkişafı üçün həyata keçirilən tədbirlərin, təsdiqlənən Dövlət proqramlarının, imzalanan Fərman və Sərəncamların tərkibinə və miqyasına diqqət yetirmək kifayətdir. Dövlətimiz daim paytaxt və region gənclərinin birliyini təşkil etmək məqsədilə mühüm layihələr həyata keçirir. Bu tərkibdən ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının “Yay məktəbi”, “Yay düşərgəsi” kimi layihələrini xüsusi qeyd etməliyik. Pandemiya dövründə də bu layihələr diqqətdən kənarda qalmayaraq yeni texnologiyaların yaratdığı imkanlardan istifadə etməklə onlayn təkil olunub. Gənclər istər ölkə daxilində, istərsə də xaricində baş verən hadisələrə öz müstəqil yanaşmalarını ortaya qoyur, bu gün gəncliyi düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparırlar.
Hər bir Azərbaycan gənci ölkəmizin bu günü ilə qürur duyur. Azərbaycan dünyada iqtisadi möcüzələr ölkəsi, demokratik dəyərləri dünəninin, bu gününün və gələcəyinin əsası kimi qəbul edən, ən əsası müxtəlif mədəniyyətləri, dinləri bir araya gətirən tolerant, multikulturalizmi həyat tərzinə çevirən ölkə, etibarlı tərəfdaş kimi tanınır və nüfuz qazanıbsa, təbii ki, bu, düzgün qurulan və gələcəyə hesablanmış siyasətin nəticəsidir. Cənab İlham Əliyev çıxışlarında bu məqamı xüsusi qeyd edir ki, hələ bunu 2003-cü ildə demişəm, biz neft kapitalını insan kapitalına çevirməliyik. Bunu deyəndə təkcə elmə, texnologiyalara, təhsilə qoyulan vəsaitdən söhbət getmir. Söhbət ondan gedir ki, Azərbaycan vətəndaşına hər yerdə hörmət olmalıdır. Hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir. Ölkə Prezidentinin «İqtisadi göstəricilər təkcə rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmalıdır», «Həyata keçirilən siyasətin əsasında vətəndaş amili dayanır”, «Azərbaycan xalqı təhlükəsizlik, sabitlik şəraitində yaşamalıdır» kimi tezisləri, həmçinin ən çətin anlarda belə vətəndaşının yanında olması insan amilinə verilən önəmin təsdiqidir. Ən əsası cənab İlham Əliyev Prezident kimi fəaliyyətə başladığı gündən «Azərbaycan xalqı görəcək ki, mən Azərbaycan üçün, xalqımız üçün yaxşı Prezident olacağam»vədini vermiş və son 17 ildə bunu əməli işində təsdiqləmişdir. Dünya Bankının hesabatlarında ən islahatçı ölkə kimi tanınan Azərbaycan adambaşına düşən Ümumi Milli Gəlir təsnifatına görə «yuxarı orta gəlirli” ölkələr» kateqoriyasına daxil olmuş, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının İnsan İnkişafı ilə bağlı hesabatına əsasən isə «orta insan inkişafı ölkələri» qrupunu tərk edərək, «yüksələn insan inkişafı ölkələri» qrupunda yer almışdır. Bu reallıq da daim önə çəkilir ki, neftlə zəngin çox ölkələr var. Lakin onlarda bu resurs heç də inkişafa, tərəqqiyə yol açmır. İnsanlar arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanda inkişaf strategiyasının dünyanın qabaqcıl ölkələrinin təcrübəsinə istinadən müəyyənləşdirilməsi, ən əsası ədalət prinsipinin, şəffaflığın yüksək səviyyədə qorunması bu kimi fərqlərin baş verməməsinə səbəb olmuşdur. Bu, dövlətin ali məqsədində insan amilinə verilən önəmin bariz nümunəsidir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, elə bir sahə yoxdur ki, orda ictimai maraqlar qorunmasın, ümumi rəyə əsaslanan mövqe ortaya qoyulmasın. Vətəndaş məsuliyyətini artırmaqla, Konstitusiya ilə bizə verilən hüquqlardan istifadə etməklə, ölkəmizin inkişafına, bugünkü gündə yaranmış vəziyyətdən çıxmaq üçün təsdiqlənən Tədbirlər Planının uğurlu icrasına, karantin rejiminin qaydalarına əməl etməliyik.
Bu, hər birimizin vətəndaşlıq borcudur. Bunu könüllü şəkildə həyata keçirməli, həm özümüzü, həm də dövlətimizi qorumalıyıq. Bütün dünya dövlətləri pandemiya ilə mübarizə tədbirlərinə başlayan zaman iki seçimdən iqtisadiyyatın inkişafına önəm verdisə, Azərbaycan insanların sağlamlığının qorunmasının prioritetliyini bildirdi. Ümumdünya Səhiyyə Təşkilatının da dəstəklədiyi özünütəcrid qaydalarına xüsusi önəm verildi. Bildirildi ki, iqtisadiyyatı inkişaf etdirmək, əvvəlki durumu bərpa etmək çətin deyil. Amma insanların sağlamlığını qorumaq, onların sosial müdafiəsini gücləndirmək əsasdır. Dövlətimizin bu seçimi beynəlxalq səviyyədə də təqdir olundu, əksər ölkələr Azərbaycan təcrübəsini tətbiq etməklə yoluxanların sayının artmasının qarşısını almağa çalışdı.
Uğurlarımıza qısa baxış gələcəklə bağlı nikbin proqnozlara əsas verir. Bu gün dünyada koronavirus infeksiyasının fəsadlarının dərinləşməsinə baxmayaraq, ölkəmizdə heç bir sahədə, o cümlədən gələcəyimiz olan gənclərin təhsilində durğunluq müşahidə olunmur. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, həm əhalinin sağlamlığı təmin edilir, həm də digər sahələrin inkişafına, xüsusilə sahibkarlara dəstək göstərilir. Ölkə iqtisadiyyatının inkişafında yeni texnologiyaların rolunu nəzərə alsaq, karantin dövründə təhsil müəssisələrinin fəaliyyətinin dayandırılmasına baxmayaraq, distant təhsilə önəm verilməsi diqqətdən kənarda qalmadı. Distant təhsilin xarakterik xüsusiyyətlərinə çeviklik, modulluluq, iqtisadi səmərəlilik, müəllimin yeni rolu, təhsilin keyfiyyətinə xüsusi nəzarət, müasir texnologiyalardan istifadə və sair kimi amillərin aid olduğunu da önə çəksək, bu gün Azərbaycan gəncliyinin inkişafı üçün hər cür şəraitin yaradıldığını deyə bilərik. Əsas olan budur ki, gənclərimiz bu şəraitdən maksimum istifadə etsin, bilik və bacarıqlarını ortaya qoysun, təhsilin-elmin-iqtisadiyyatın vəhdətinin yaradılmasına öz töhfələrini versinlər. Dövlətimizin gənclərlə bağlı qəbul etdiyi Dövlət proqramlarında da məqsəd onların dünyagörüşünün, potensial imkanlarının daha da təkmilləşdirilməsi, Azərbaycanın gələcəyi üçün hərtərəfli kadrların yetişdirilməsidir. Qürurverici haldır ki, Azərbaycan gəncləri könüllü şəkildə öz bilik və bacarıqlarını artırmaq üçün səylər göstərir, bu və ya digər layihələrin yaratdığı imkanlardan bəhrələnməyə çalışırlar.
Dövlətimizin başçısı İlham Əliyev bu fikri də xüsusi qeyd edir ki, könüllülər hərəkatı “ASAN xidmət” dən başlayıb: “ASAN xidmət”də işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Bu gün “ASAN xidmət” bizim milli intellektual, innovasiya məhsulumuzdur. Artıq bir neçə ölkə bizim köməyimizlə bu sistemi tətbiq etməyə başlayıb. “ASAN xidmət” yeni bir xidmət növüdür və təsadüfi deyil ki, vətəndaşların bəyənmə əmsalı 100 faizə yaxınlaşır”. Ölkə Prezidenti bölgələrə səfəri zamanı coğrafiyasını genişləndirən «ASAN xidmət», «ASAN Həyat» komplekslərinin açılışında könüllülərlə görüşür, bu gün ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, onların idarəçilikdə irəli çəkilmələrinə diqqəti yönəldərək bu çağırışı edir ki, gənclərimiz milli ruhda tərbiyə olunmalıdırlar. Bu günlərdə cənab İlham Əliyevin Balakən rayonuna səfəri zamanı Balakən regional «ASAN xidmət» mərkəzinin açılışından sonra könüllülərlə görüşündə də bu çağırışlar dövlətimizin başçısının çıxışının əsas mahiyyətini təşkil etmişdir. Qeyd edilmişdir ki, gənclər “ASAN xidmət” mərkəzlərində əldə etdikləri təcrübə əsasında sabah başqa qurumlarda daha səylə çalışacaq, ölkəmizin inkişafına öz töhfələrini verəcəklər.
Bir mühüm məqamı da xüsusi qeyd etməliyik ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata Azərbaycan Ordusunun cavabı bütün gənclərimizdə, vətəndaşlarımızda vətənpərvərlik hissini daha da alovlandırdı. Bu əhval-ruhiyyə istər onların Orduya dəstək adı altında keçirdikləri yürüşlərdə, istərsə də Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə könüllü olaraq çoxsaylı müraciətlərində öz əksini tapdı. Bu gün də müraciətlər davam edir. Ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin çağırışına səs verən 55 mindən artıq vətəndaş bugünədək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmək üçün öz arzularını ifadə edib və müvafiq formada qeydiyyata alınıblar. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev bildirmişdir ki, dünyada ən şərəfli peşə Vətəni, torpağı, dövləti qorumaq peşəsidir.
Bu gün fəxrlə qeyd edirik ki, Azərbaycan gəncləri müstəqiliyimizin ilk illərinin reallıqlarından fərqli olaraq hərbi xidmətdən yayınmır, böyük ruh yüksəkliyi ilə yollanırlar. “Vətən mənə oğul desə nə dərdim” kimi tezislər gənclərimizin bu əhval-ruhiyyəsinin əsasını təşkil edir. 2016-cı ilin Aprel döyüşləri, 2018-ci ilin Naxçıvan qələbələri, bu ilin 12 iyul hadisələri bir daha göstərdi ki, Azərbaycan Ordusu işğal altında olan torpaqlarımızı azad etmək üçün hücuma hər an hazırdırlar. Gənclərimizdə vətənpərvərlik duyğuları yüksəkdir, onlar dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər.
Bu günlərdə dövlətimizin başçısı İlham Əliyev Emin Əmrullayevi Təhsil naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən bir daha diqqəti gənclərimizin vətənpərvərlik ruhunda formalaşmasına yönəldərək bildirmişdir ki, əlbəttə ki, gənclərin tərbiyə edilməsi ilə əlaqədar Təhsil Nazirliyinin çox böyük funksiyaları vardır. Gənclərin tərbiyə olunması, əlbəttə, ilk növbədə, ailələrdə baş verir: «Mən çox şadam ki, Azərbaycan cəmiyyəti əsrlər boyu ailə dəyərlərini qoruyub saxlaya bilib. Ailədə verilən tərbiyə xalqımızın gələcəyini də təmin edəcəkdir. Ancaq bununla paralel olaraq, bizim həm orta, həm də ali məktəblərdə tərbiyə işinə yüksək, böyük diqqət verilməlidir. Bizim gənclərimiz milli ruhda, vətənpərvərlik ruhunda tərbiyə olunmalı, Vətənə bağlı olmalıdırlar, Vətəni sevməlidirlər. Xüsusilə, bu gün hər bir vətənpərvər Azərbaycan vətəndaşı öz Vətəni ilə fəxr edə bilər. Azərbaycan bu gün istənilən sahədə böyük uğurlar əldə edib.» Gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsinin xüsusi əhəmiyyət daşıdığını bildirən dövlətimizin başçısı vurğulayır ki, çünki sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək, onlara xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər. Buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır. Onlar öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir: «Mən gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə əlaqədar gedən prosesləri müsbət qiymətləndirirəm. Mən görürəm ki, yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək. Ölkəmizin müstəqilliyi, firavanlığı onlardan asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır.» Ölkə Prezidenti İlham Əliyevin bu tezisləri ulu öndər Heydər Əliyevin “Hamımızın ümumi vəzifəmiz xalqımızda vətənpərvərlik, Vətən torpağına, millətə sədaqət, Vətən uğrunda şəhidliyə hazır olmaq hisslərini formalaşdırmaq, inkişaf etdirmək və təbliğ etməkdir” çağırışının davamı kimi dəyərləndirilir. Gənclərimiz Azərbaycan həqiqətlərinin təbliğində fəal iştirak edir, müasir texnologiyaların yaratdığı imkanlardan maksimum istifadə etməklə ölkəmizə qarşı qərəzli mövqedə dayanan dairələri faktlar əsasında susdururlar. Müasir dövrün informasiya-kommunikasiya texnologiyaları əsri olduğunu nəzərə alaraq, bu imkanlardan bəhrələnməli, yeganə problemimiz olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasında fəallığımızı artırmalıyıq. Bir əsas məqamı unutmamalıyıq ki, dünyada Azərbaycana qarşı qərəzli təbliğat aparan erməni diasporu fəaliyyət göstərir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Ermənistanın Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribatlarla bağlı xalqımıza müraciətində də bu çağırış öz əksini tapmışdır: «Unutmayaq ki, hər birimizin borcu Azərbaycanın mövqeyini müdafiə etməkdir. Nəinki döyüş meydanında, həm də kompyuter qarşısında. Unutmayaq ki, bu gün biz bir amalımız olan millət, xalqıq. Bizə zəfər lazımdır. Hamımız üçün bir qələbə. Qalib gələn isə gücü birlik, ağıl və iradə ilə möhkəmlənən olur.»

