Ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa ləğv edilib
Nazirlər Kabineti “Bəzi malların ölkə ərazisindən aparılmasının müvəqqəti olaraq məhdudlaşdırılmasına dair tədbirlər haqqında” qərarında dəyişiklik edib.
ARANTV.AZ-ın məlumatına görə, dəyişiklik qərarın qüvvədə olma müddəti ilə əlaqədardır.
Qərarın qüvvədə olma müddəti sentyabrın 1-dən noyabrın 1-dək uzadılıb.
Eyni zamanda ölkədən tibbi maskaların aparılmasına qoyulan qadağa da ləğv edilib.
Beləliklə, noyabrın 1-dək yeni koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ehtiyacların təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının gömrük ərazisindən aparılması məhdudlaşdırılan malların Siyahısı aşağıdakı kimidir:
| Sıra
№-si |
XİF MN üzrə kod | Malın adı |
| 1 | 2 | 3 |
| 1. | 2207 10 000 0 | Spirtin qatılığı 80 həcm % və ya daha çox olan denaturasiya olunmamış etil spirti |
| 2. | 2207 20 000 0 | Hər hansı bir qatılıqda denaturasiya olunmuş etil spirti və digər alkoqollu tinkturalar |
| 3. | 2208 90 910 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litr və ya daha az olan |
| 4. | 2208 90 990 0 | Spirtin qatılığı 80 həcm %-dən az olan denaturasiya olunmamış etil spirti: tutumların həcmi 2 litrdən çox olan |
| 5. | Qrup 30-dan | Əczaçılıq məhsulları (pərakəndə satış üçün formalarda və ya qablaşmalara qablaşdırıl-mayan tənzif və tənzif məmulatları, habelə 3001, 3006 mal mövqelərində və 3005 90 100 0 alt yarımmövqeyində təsnifləşdirilənlər istisna olmaqla) |
| 6. | 3808 94-dən | Dezinfeksiyaedici vasitələr |
| 7. | 3822 00 000 0-dan | Koronavirus (COVID-19) infeksiyasının müəyyən edilməsi üçün testlər |
| 8. | 3926 20-dən | Baxillər |
| 9. | 4015 19-dan | Steril və qeyri-steril əlcəklər |
| 10. | 5603-dən | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskaların və respiratorların, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlərin (kombinezonların) istehsalında istifadə olunan parçalar |
| 11. | 6210 10-dan | Tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
| 12. | 6307 90-dan | Tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) respiratorlar, tibbi personal tərəfindən istifadə olunan birdəfəlik qoruyucu geyimlər (kombinezonlar) |
| 13. | 9004 90-dan | Tibbi personalın istifadəsi üçün hermetik qoruyucu eynəklər |
| 14. | 9019 20 000 0 | Ozon, oksigen və aerozol terapiyası, süni tənəffüs aparatı və ya digər terapevtik tənəffüs aparatı |
| 15. | 9025 19-dan | İnsan hərarətinin təmassız ölçülməsi üçün elektron portativ termometrlər |
APA

