Sosial 

Prezident İlham Əliyevin “ASAN” informasiya siyasəti beş illiyini qeyd edir

İnformasiya texnologiyalarının inkişafı və onun XXI əsrdə yaratdığı yeni kommunikasiya tərzləri KİV-in məlumat toplama, araşdırma, istehsal, paylanılma və bu məlumatın ictimaiyyət tərəfindən mənimsənilməsi proseslərinə köklü dəyişikliklər gətirib. Bu isə öz növbəsində müxtəlif sektorlarda fəaliyyət göstərən təşkilatların ictimai əlaqələr funksiyası qarşısında yeni çağırışlar qoyub. 24 saatlıq multi-platformalı media mühitinə uyğunlaşmaq üçün xüsusilə hökumət sektorunda ictimai əlaqələr daha sayıq, şəffaf və proaktiv qurulmalıdır. Dövlət təşkilatları demokratik cəmiyyətdə şərt olan açıq, dürüst və keyfiyyətli idarəetməni təmin etmək üçün ənənəvi media ilə yanaşı, sosial mediada da “ilk məlumat mənbəsi” kimi mövcudluğunu genişləndirməli, mediada yoxlanılmamış məlumatların yayılmasının, dezinformasiyanın qarşısını almalı, xaotikliyi ilə səciyyələnən media mühitində öz fəaliyyətlərinə dair aydınlıq yaratmalıdır.

ARANTV.AZ  AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirlər ADA Universitetinin media və kommunikasiya üzrə müəllimi Şəfəq Mehrəliyevanın “Prezident İlham Əliyevin “ASAN” informasiya siyasəti beş illiyini qeyd edir” sərlövhəli məqaləsində yer alıb. Yazını təqdim edirik:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan “ASAN xidmət” ictimai xidmətlər sahəsində ölkəyə inqilabi dəyişikliklər gətirməklə yanaşı, adını daxili və xarici məkanda milli brend kimi möhürləyib. Bu gün “ASAN xidmət”in Azərbaycanda fəaliyyət göstərən 20 mərkəzi paytaxt Bakıdan tutmuş Balakənədək ölkənin əksər ərazisində vətəndaşlara yüksək standartlı dövlət xidmətləri göstərir. Bu xidmətlərin hər yerdəki vahid keyfiyyət səviyyəsi isə qurumun ictimai əlaqələrinin “müştərilərlə” yaratdığı sıx təmas vasitəsilə onları gündəlik olaraq göstərdiyi xidmətlər, fəaliyyətindəki dəyişikliklər, planlar barədə məlumatlandırması, ictimai rəyi toplayaraq iş prosesini təkmilləşdirilməsi hesabına mümkün olub.

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə siyasi, iqtisadi və ictimai fikir baxımdan Azərbaycan cəmiyyətinin sıx birləşməsində medianın rolunun əhəmiyyətini bildirib. Təsadüfi deyil ki, onun tapşırığı ilə 2015-ci il dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tabeliyində 100 FM tezliyində “ASAN Radio” yayımlanmağa başlayıb. Ölkəmizin aparıcı intellektual məhsulu – “ASAN xidmət”in yaratdığı etimad brendinin davamı olaraq, “ASAN Radio” dövlət xidmətləri sahəsində ixtisaslaşan ilk və yeganə radiodur. Müasir medianın tələblərinə uyğun “ASAN Radio” fəaliyyətini yalnız FM dalğası ilə məhdudlaşdırmır – onu asanradio.az, “ASAN Radio” mobil tətbiqi və ən populyar sosial media platformaları üzərindən dinləmək və izləmək olar. Radionun “Facebook” səhifəsi 2020-ci ildə “Facebook” tərəfindən “verified page”- rəsmi təsdiqlənmiş səhifə statusu qazanaraq saxta oxşar məlumat mənbələrindən ayırd edilir. Elə yalnız sosial media vasitəsilə 100 mindən çox izləyici “ASAN Radio” məlumatlarına gündəlik qoşulur. Onun ölkədəki əhatə dairəsi şanlı zəfərlərimizlə bir qədər də genişlənərək 90 faizə çatıb. Belə ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Ordumuzun işğal altında olan torpaqların azad edilməsi xəbərlərini əsgər və zabitlərimiz Şuşada uzun illərdən sonra ilk yayımlanan Azərbaycan radiosu – “ASAN Radio”dan dinləyirdilər.

Müasir media mühitində ictimai əlaqələrlə jurnalistika arasında xətlər çox zaman sezilmir. Lakin onlar arasında fərq bu gün də dəyişməzdir. Əgər ictimai əlaqələrin məqsədi təmsil etdiyi təşkilatın etimadlılığını artırmaq, ictimaiyyət arasında onun imicini yüksəltmək və fəaliyyətini izah etməkdirsə, jurnalistikanın missiyası dəqiq, obyektiv və vaxtlı-vaxtında məlumat yaymaq, bütün sektorlar üzrə qurumların faəliyyətini ictimai maraqlar naminə nəzarətdə saxlamaq və məlumatlı vətəndaş toplumu yaratmaqdır. İnsanlar mediadan daha yaxşı qərarlar qəbul etmək üçün məlumat mənbəyi kimi istifadə edə bilməlidirlər. Tanınmış ingilis tənqidçisi və jurnalisti Corc Oruellin təbirincə desək, “jurnalistika çap olunması ehtiyatlanılan məsələləri işıqlandırmalıdır. Bunun xaricindəki hər şey sadəcə ictimai əlaqələrdir.” İctimai əlaqələr sahəsinin təsisçilərindən hesab edilən amerikalı PR mütəxəssisi Ayvi Liq hesab edirdi ki, “doğru və dürüst olmaq ictimai əlaqələri təmin etmək üçün ən yaxşı yoldur.” Jurnalistika və ictimai əlaqələrin kəsişmə nöqtəsi də məhz elə buradadır – hər ikisi ictimaiyyətin gözündə dürüstlüyü ilə etimad qazanmalıdır. Bu mənada Prezident İlham Əliyevin “ASAN” informasiya siyasətinin təzahürü olan “ASAN Radio” ictimai əlaqələr və media istiqamətini innovativ şəkildə birləşdirib. Bu radioda istehsal edilən yaradıcı media məhsulları işıqlandırılan mövzulara bilavasitə ictimaiyyətin gözü ilə baxır. Məsələn, radionun direktoru, təcrübəli jurnalist Emin Musavinin “QəbuldASAN” proqramına dəvət edilən yüksək vəzifəli rəsmilər tək aparıcının sualları deyil, canlı yayım zamanı sosial media vasitəsilə qonağa ünvanlanan vətəndaşların sualları və rəylərinə də cavab verməli olur. Sosial media ilə ənənəvi medianın imkanlarını birləşdirən “ASAN Radio” dövlət xidmətləri barədə ictimaiyyəti məlumatla təmin etməklə yanaşı, digər tərəfdən ictimaiyyətə ənənəvi medianın özünün senzurasından kənar hakimiyyət üzvləri ilə birbaşa təmas qurmaq imkanı verir. İnformasiya siyasətində məhz belə yanaşma iqtidar-xalq birliyini möhkəmləndirir, Prezident İlham Əliyevin daim vurğuladığı xarici təzyiqlərdən kənar ictimai fikir yekdilliyinə gətirib çıxarır, yanlış məlumatlandırma, dezinformasiyaları azaldır və bilikli vətəndaş toplumu yaradır.

“ASAN Radio”nun media platforması üzərində ictimai əlaqələrin genişləndirilməsi məqsədilə yaradıcı media məhsulları istehsal edən tərəfdaşlar arasında bu gün dövlət qurumları, təhsil ocaqları, beynəlxalq təşkilatların nümayəndəlikləri var. Onlarla əməkdaşlıqda yayımlanan “DOST məsləhəti”, “Rəqəmsal Azərbaycan”, “Sahibkarı Tanı”, “AvropadASAN”, “Qarabağnamə”, “Qlobal Məqsədlər” və s. proqramlar media istifadəçilərinə lazımsız informasiya ilə dolu 24 saatlıq media mühitində öz marağına və zövqünə uyğun məlumatlanmaq, maariflənmək və əylənmək imkanı yaradır. Ən başlıcası isə “ASAN Radio” KİV olaraq cəmiyyətin güzgüsü kimi media məkanında Azərbaycan vətəndaşının bu gün ehtiyac duyduğu keyfiyyətli və şəffaf məlumat siyasətini həyata keçirir.

Daha çox xəbərlər