Sosial 

Respublika birincisi: Polad Həşimovun anasına Azərbaycana layiqli bir övlad olacağıma söz verdim- ÖZƏL

Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Hər bir ölkədə dövlətçiliyin, müstəqilliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli potensial kadrların yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Gənclərimizin vətənpərvər ruhda tərbiyə olunması xalqımızın rifahının, ölkəmizin çiçəklənməsinin rəhnidir. Bu gün böyük iftixarla demək olar ki, Azərbaycan gəncliyi milli-mənəvi dəyərlərimizi, doğma ana dilimizi, ata-babalarımızdan qalan gözəl adət-ənənələrimizi göz bəbəyi kimi qoruyub saxlayır və yaşadır.

“İki sahil”in budəfəki müsahibi Azərbaycan gəncliyinin  simalarından biri Əbil Şəfiyevdir. O, 2021-2022-ci tədris ili üzrə ali məktəblərə keçirilən qəbul imtahanlarında ən yüksək bal toplayaraq respublika birincisi olub. Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin məzunu olan Şəfiyev Əbil Üzeyir oğlu I qrup ixtisası üzrə qəbul imtahanında 400 bal toplayaraq, ən yüksək nəticə göstərib. Belə ki, o, iki mərhələnin cəminə görə 697 bal toplayıb.

Söhbətimizə keçid almadan öncə Əbil Şəfiyev haqqında qısa məlumatı təqdim edək:

Şəfiyev Əbil Üzeyir oğlu 24 mart 2004-cü ildə Sumqayıt şəhərində ziyalı ailəsində dünyaya göz açıb.  O, əslən Qubadlı rayonunun Xanlıq kəndindəndir.  Ailədə 3 uşaqdırlar. Əbil evin ortancıl uşağıdır. Onun 11 il boyunca yarımillik qiymətləri də hər zaman  5 olub,  ibtidai sinifdən dərslərini əla oxuyub. “Əlaçı” televiziya verilişinin qalibidir, bir sıra olimpiadalarda yüksək nəticə göstərib. Birinci qrupun birincisinin – Əbil Şəfiyevin seçimi Bakı Ali Neft Məktəbi (BANM) olub. Beləliklə 11 il öncə Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin qapısını açan Əbil  tədris ilinin ilk günü  respublika birincisi olaraq Bakı Ali Neft Məktəbinə tələbə kimi qədəm qoyacaq.

Əbil məktəbi qırmızı attestatla bitirib. Attestatı ona şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım təqdim edib. Milli Qəhrəmanımız, general Polad Həşimovun anası Səmayə xanımın xeyir-duası ilə attestat alan gəncimiz Vətənimizə, millətimizə dəyərli vətəndaş olacağına söz verib.

Qəbul imtahanında yüksək bal toplayan Əbil Şəfiyev imtahanı haqqında təəssüratlarını, gələcək planlarını “İki sahil”lə bölüşdü:

Onların güvənini boşa çıxarmadım

Əbil Şəfiyev bildirdi ki, respublika birincisi olduğu üçün çox sevinclidir: “Hər il sadəcə bir respublika birincisi olur. Nəticələr açıqlananda sevindim. Amma, normal bir hal kimi qarşıladım. Çünki 400 bal yığacağımdan əmin  idim. İlk olaraq valideynlərim təbrik etdi. Sinif rəhbərim, valideynlərim, məktəbimizin direktoru daim mənə dəstək olub, motivasiya ediblər. Valideynlərim oxumaq lazım olduğunu və çəkdiyim əziyyətin  bəhrəsini gördükdə bu çətin  günləri unudacağımı, onun yerini sevinc hissi tutacağını deyirdilər. Müəllimlər də həmişə məndən tam nəticə gözləyirdilər və mənə güvənirdilər. Mən də onların güvənini boşa çıxarmadım.

700 bal toplamadığım üçün təəssüfləndim, amma çox böyük bir fərq olmadı

Həmsöhbətimiz qeyd etdi ki, imtahanda sualların səviyyəsi normal idi. Sadəcə diqqətli olub, mexaniki səhv etməmək lazım idi ki, bunu da bacardım: “İlk mərhələdə imtahan verdikdə ingilis dilindən səhvim olacağını bilirdim, amma bir ümidim var idi ki, 300  bal toplaya bilərəm. Amma olmadı. İmtahandan çıxdıqdan sonra 400 bal yığacağıma inanırdım. Dövlət İmtahan Mərkəzinin açıqladığı cavabları yoxladıqdan sonra buna tam əmin oldum. 700 bal toplamadığım üçün təəssüfləndim, amma çox böyük bir fərq olmadı. Əsas odur ki, nəticəm kifayət qədər yüksəkdir və istədiyim ali məktəbin tələbəsi olacağam. BANM yaranan gündən ən yüksək bal toplayan gənclər məhz bu ali məktəbdə təhsil almaq istəyirlər. Mən də qürurluyam ki, BANM-da ali təhsil alacağam. Zənnimcə, Bakı Ali Neft Məktəbi təhsilə görə digər xarici universitetlərdən geri qalmır və seçdiyim ixtisas üzrə ölkənin ən prestijli universiteti BANM idi.”

Uğurlarından bəhs edən müsahibimiz vurğuladı ki, kiçik yaşından şahmatla məşğul olub,  8-10 yaşlılar arasında Sumqayıt çempionu olub. Respublika çempionatında iştirak edib və 1-cilik səviyyəsinə qədər yüksəlib: “Xəmsə yarışmasında 11 nömrəli məktəbin şagirdləri olaraq 1 ci yeri qazanmışdıq. ”Əlaçı” verilişinin çempionu olmuşam. Respublika fənn olimpiadalarında fizika fənni üzrə finala mərhləsinə qədər yüksəlmişəm. Riyaziyyat və məntiq olimpiadalarında yerlər tutmuşam. Fənlərin Dostluğu Olimpiadasının qalibi olmuşam.”

Mühəndis olmaq istəyirəm

Əbil Şəfiyevin sözlərinə görə, Lider hazırlıq kursuna imtahan verib, topladığı yüksək bala görə birinci olub və həmin kursda pulsuz təhsil almaq haqqı qazanıb: “Orada 3 il müddətində ödənişsiz təhsil almışam. Uğurumu valideynlərimə və hazırlaşdığım kursa borcluyam. Təhsilimi Bakı Ali Neft Məktəbində davam etdirməyə qərar vermişəm, lakin hansı ixtisası seçəcəyimi hələ dəqiqləşdirməmişəm. Mühəndis olmaq istəyirəm. Öz sahəmdə ən yaxşı mütəxəssislərdən biri olmaq üçün daim çalışacağam, öz üzərimdə işləyəcəyəm. Xarici dil biliklərimin yüksək səviyyədə olmasını istəyirəm.  Məhz ona görə ingilis dilində təhsil almaq,  əlavə olaraq, alman və fransız dillərini öyrənmək istəyirəm. Bakı Ali Neft məktəbində də tədrisi ingilis dilində olacaq. Magistr pilləsi isə üzrə xaricdə təhsil almaq niyyətindəyəm.

Abituriyentlərə əsas tövsiyələrim ondan ibarətdir ki…

Abituriyentlərə tövsiyə olaraq Ə.Şəfiyev xatırlatdı ki, abituriyentlər imtahana yaxşı hazırlaşsa, yüksək nəticə əldə etmək mümkündür: “İmtahan verəcək məzunlar əvvəldən yaxşı hazırlaşmalıdırlar. Sınaq imtahanlarında iştirak etmək lazımdır, uğura gedən yollardan biri də odur. Universitetə hazırlaşan abituriyentlər özləri üçün gündəlik plan qurmalı və planı məsuliyyətlə yerinə yetirməlidirlər. Seçdiyi ixtisaslara layiqincə yiyələnsinlər, daim dürüst olsunlar və ölkəmizin inkişafı üçün daima çalışsınlar. Hər zaman yuxu rejimlərinə  və istirahətlərinə diqqət etsinlər. Abituriyentlər öz  hədəflərinə çatmaq üçün tədris ilinin əvvəlindən özlərinə müəyyən hədəf qoymali və buna çatmaq üçün səylə və məqsədli şəkildə çalışmalıdırlar. Şagirdlər texnoloJi avadanlıqlardan öz yoldaşları ilə çətinlik çəkdikləri fənnlər üzərində birlikdə  çalışmaq  üçün istifadə  etməli və onlayn video dərslərdən yararlanmağa çalışmalıdılar. Ən əsası isə tələbələr yeni tədris ilində koronavirusun onlara yaratdığı problemlərdən savayı onlara açdığı imkanlardan istifadə etməl və onlara olan ümidləri doğrultmalıdırlar. Tələbə adı uğrunda mübarizə aparan, əziyyət çəkən hər bir kəsə bu yolda uğurlar arzulayıram”.

Qazandığım bu uğurda bitirdiyim məktəbin rolu çox böyükdür

Həmsöhbətimiz “İki sahil” vasitəsilə təhsil aldığı 11 saylı məktəbin rəhbərliyinə və müəllimlərimə təşəkkürünü bildirdi: “Mən 11 il boyunca 11 nömrəli məktəbdə oxumuşam. Bütün uğurlarıma görə məktəbimə borcluyam. Mənə hər zaman şərtsiz olaraq dəstək olurdular. Sumqayıt şəhəri 11 nömrəli tam orta məktəbin başda direktor İlahə müəllimə olmaqla bütün kollektivinə, ibtidiai sinif müəlliməm Firuzə müəlliməyə, 5-ci sinifdən 9-cu sinifə qədər sinif rəhbərim olmuş Həcər müəlliməyə, 9 cu sinifdən 11 ci sinifə qədər sinif rəhbərim olmuş Əzizə müəlliməyə üstümdə əziyyəti olan məktəbimizin bütün müəllimlərinə dərindən təşəkkürlərimi bildirirəm. Əlavə olaraq 6-cı sinifdən 8-ci sinifə qədər təhsil aldığım resurs kursunda Sara müəllimə başda olmaqla mənə dərs keçən bütün müəllimlərimə təşəkkür edirəm. 3 ildir hazırlaşdığım Lider hazırlıq mərkəzinin rəhrliyinə və müəllim kollektivinə minnətdaram. Valideynlərimə, qohumlarıma, xüsusilə də mənə hər zaman göstərən Nicat dayıma minnətdarlığımı ünvanlayıram”.

Sevincimi Polad Həşimovun anası Səmayə xanımla bölüşdüm

Ə.Şəfiyev attestatını Səmayə xanımın təqdim edəcəyini gözləməyib və bu,  onun üçün sürpriz olub: “İyulun 21-də çox qürur hissi keçirdim ki, attestatımı Polad Həşimovun anası Səmayə ananın əlindən aldım. Səmayə ananın xeyir-duasını aldıqdan sonra motivasıyam artdı və 400 bal yığacağıma daha çox inandım. Avqustun 12-si nəticələr elan olunduqdan sonra mən, anam  və sinif yoldaşım Cavid Zeynallı və onun anası sinif rəhbərim Əzizə müəllimə və Azərbaycan dili və ədəbiyyatı müəlliməm Elnarə müəllimə ilə birlikdə  Səmayə anagilə getdik. Səmayə ana bizi çox yaxşı qarşıladı. O, hər zaman oxumağın tərəfdarı olduğunu və oxuyan uşaqları çox sevdiyini söyləyirdi. Səmayə anaya Azərbaycana layiqli bir övlad olacağıma harada olsam da, Azərbaycanı yaxşı təmsil edəcəyimə söz verdim”.

Bu, tələbə adını qazan şəxs üçün ən dəyərli hədiyyədir

Vətən müharibəsi  dövründə sosial şəbəkələrdə xüsusilə də “Twitter”də ingilis dilində haqq savaşımızla bağlı ən son yenilikləri, həqiqətləri  təbliğ etdim.  44 günlük Vətən müharibəsi dövründə baş verən bütün prosesləri izləyir, hər bir yaxşı xəbəri sevinclə qarşılayır  və şəhid xəbərlərinə kədərlənirdim: “Azərbaycan gəncliyi ön cəbhədə cəsarətlə döyüşərək torpaqlarımız işğaldan azad etdi. Gənclərimiz arxa cəbhədə də informasiya müharibəsində düzgün məlumatları dünyaya çatdırmaq uğrunda mübarizə apardı. 28 illik həsrətinin sonunda Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu Qarabağı işğaldan azad etdi. Hər bir Azərbaycan vətəndaşı kimi mən də çox sevinirəm və  fəxr edirəm. Nəhayət dədə-baba torpaqlarımızı gedib görə biləcəyik. Mən də Qubadlıya,  Xanlıq kəndinə gedib öz valideynlərimin və qohumlarımın həsrətini çəkdiyi torpaqları ilk dəfə canlı olaraq görəcəyəm. Düşünürəm ki, bu, tələbə adını qazan şəxsə ən dəyərli hədiyyədir.  Allahda şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzulayıram.”

Daha çox xəbərlər