Cənab Prezidentin azad olunmuş rayonlara səfərləri “Böyük Qayıdış”ın carçısıdır- Əsli Kazımova
Məlum olduğu kimi Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfər etdilər. Laçına təkrar, Kəlbəcərə ilk dəfə olmaq etibarı ilə bu səfərin zamanlaması, səfər müddətində verilən ismarıclar, açılışı olan tikililər, müəssisələr, bir sözlə, səfər çox önəmli məqamlarla yadda qaldı. Səfər bir daha sübut edir ki, dövlətimiz qısa zaman kəsiyində işğaldan azad edilmiş ərazilərimizin bərpasında, kommunikasiya sistemlərinin yenidən qurulmasında və keçmiş məcburi köçkünlərin öz ata-baba torpaqlarına qayıdışının sürətlənməsi üçün əzmkarlıqla çalışır.
“Qürurla deməliyik ki, 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərdən sonra dövlət başçısının göstərişi ilə düşmən işğalından azad etdiyimiz digər rayonlar kimi, Kəlbəcər və Laçın da abadlaşır, bərpa-quruculuq işləri aparılır, dədə-baba yurdumuz yenidən cənnətə çevrilir.”
Bu fikirləri “İki sahil”ə açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib.
Partiya sədri bildirib ki, səfər çərçivəsində Prezidentin Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlini qoyması, büsbütün yenidən qurulan Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası ilə tanış olması, 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak etməsi, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin, Laçın Beynəlxalq Hava Limanının təməlini qoyması bir daha Qarabağ və Şərqi Zəngəzurun inkişaf etmiş bölgəyə çevriləcəyindən soraq verir və regional layihələrin həyata keçirilməsində dövlətimizin iradəsini nümayiş etdirir. Bu rayonların bərpa edilməsi insanların buraya qayıdışı və sahibkarlıq fəaliyyəti üçün yeni imkanlar açacaq.
Dövlət başçımızın işğaldan azad olunan ərazilərimizdə aparılan bərpa-quruculuq işlərinə şəxsən özünün nəzarət etməsi qürurverici məqamdır
Ə.Kazımova vurğulayıb ki, cənab Prezidentin müntəzəm olaraq işğaldan azad edilən ərazilərə səfər etməsi, görülən işlərlərin gedişatı ilə maraqlanması, yeni infrastruktur layihələrinin təməlini qoyması və buna birmənalı olaraq özünün nəzarət etməsi, Prezidentin ilk növbədə həmin ərazilərdə yaşayan soydaşlarımıza, sonra isə həmin ərazilərə nə qədər önəm verdiyinin göstəricisidir. Xalqımız Prezidentin bu addımlarını görür və yüksək qiymətləndirir. Ona görə də, bu gün hər bir soydaşımız Cənab Prezidentin işğaldan azad olunan torpaqlara səfərini böyük həyacanla gözləyir. Çünki, hər kəs bilir ki, Cənab Prezidentin regiona səfərləri işğaldan azad olunan Azərbaycan torpaqlarına gözlənilən “Böyük Qayıdış”ın xəbərçisidir.”
Cənab Prezident uzaqgörən siyasəti ilə bu ali missiyanın öhdəsindən ləyaqətlə gəlir
Müsahibimiz əlavə edib ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcər və Laçın rayonlarına səfərləri zamanı dövlət başçımızın Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində – Murovdağda və Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunellərin, həmçinin Laçın Beynəlxalq Hava Limanının təməllərini qoyması, eyni zamanda “Kəlbəcər” yarımstansiyasının açılışını etməsi ölkədə aparılan köklü işlərin əhəmiyyətini göstərir: “Çünki, həm Kəlbəcər, həm Laçın rayonları arasında əlaqələr möhkəmlənəcək, Kəlbəcər-Göygöl-Gəncə istiqamətində gediş-gəliş daha da rahat olacaq. Qeyd etmək gərəkdir ki, ümumilikdə bütün bu bölgənin, Şərqi Zəngəzurun hərtərəfli inkişafı üçün avtomobil yolları xüsusi önəm daşıyır. Azad edilmiş torpaqların investisiya baxımından inkişafı üçün məhz tunellərin salınmasını xüsusilə Şuşaya gedən yolda tunelin inşası və digər belə tunelləri Şərqi Zəngəzurun inkişafı üçün strateji bir layihə kimi dəyərləndirmək olar. Çətin keçilən relyefə malik ərazilərimizdə müasir standartlara cavab verən yolların çəkilməsi, tunellərin inşası uzun zaman, böyük məbləğdə maliyyə vəsaiti gərəkdirsə də, cənab Prezident uzaqgörən siyasəti ilə bu ali missiyanın öhdəsindən ləyaqətlə gəlir.”
Azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir
Həmsöhbətimiz qeyd edib ki, bu gün məhz cənab Prezidentin uzqgörən siyasəti sayəsində Azərbaycan güclü iqtisadiyyata malik bir dövlətdir: “İşğaldan azad olunan ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri həm də ölkəmizin iqtisadi qüdrətinin göstəricisidir. Bu gün aparılan bütün işlər onu göstərir ki, Azərbaycan Respublikasının Prezidentinin bütün fəaliyyəti soydaşlarımızın işğaldan azad olunan torpaqlara “Böyük Qayıdışı”na töfhə verir. Cənab Prezidentin bütün qərarları xalqın birliyi və Vətənin bölünməzliyinə xidmət edir.”

