Zəfər bayramında Şuşada Türkiyə Konsulluğu açıla bilər – düşmənə daha bir gözdağı…
Sabiq nazir: “Konsulluğun açılması yeni ciddi mesaj olacaq”
Bu ilin iyun ayının 15-də Şuşada səfərdə olan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin imizalanması törənində bəyan etdi ki, ən qısa zamanda Türkiyənin Şuşada Baş Konsulluğu açılacaq. Türkiyə Şuşada konsulluq açmaqla Azərbaycanın ərazi bütövlüyü, xarici təhlükələr məsələlərində Azərbaycana qeyd-şərtsiz dəstəyini bir daha təsdiqləmiş olacaq.
Şuşada Baş Konsulluq açmaq qərarı Azərbaycanın Qarabağ bölgəsi üçün yeni imkanlar açır. Bu, hər iki ölkə vətəndaşlarının, iş adamlarının Azərbaycanda, xüsusən də Qarabağ zonasında daha geniş fəaliyyət göstərəcəklərinə bir işarədir. Şuşada konsulluğun açılmasının iqtisadi əhəmiyyəti ilə yanaşı, həm siyasi, həm də mənəvi tərəfi var. Bu, Qarabağda Türkiyənin varlığının bir daha təsdiqi deməkdir. Bu, eyni zamanda, bütün dünyaya verilən siyasi, diplomatik bir mesajdır.
Bəzi bilgilərə görə, iki aydan bir az zaman qalmış Zəfər bayramının birinci ildönümündə Şuşada konsulluq açıla bilər. Hətta Zəfər bayramı törənlərində Türkiyənin ali rəhbərliyinin iştirak edə biləcəyi ilə bağlı da iddialar var.

Tofiq Zülfüqarov
Şuşada konsulluğun açılmasının siyasi, diplomatik və iqtisadi əhəmiyyətinin olacağını bildirən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Yeni Müsavat”a açıqlamasında qeyd etdi ki, Şuşada Türkiyə konsulluğunun açılması vacibdir: “Konsulluğun açılmasının bir çox istiqamətlər üzrə ciddi əhəmiyyəti olar. İlk növbədə indiki geosiyasi proseslərin fonunda Azərbaycana çox ciddi dəstək xarakterli addım sayılacaq. Eyni zamanda yaddan çıxarmayaq ki, burada çox praktiki məqamlar da mövcuddur. Yəni işğaldan azad olunmuş bölgələrdə aktiv şəkildə ciddi quruculuq işləri gedir. Bu işlərə həm də Türkiyə şirkətləri, türkiyəli mütəxəssislər geniş şəkildə cəlb olunurlar. Digər ölkələrin mütəxəssislərinin də cəlb edilməsi istisna olunmur. Eyni zamanda o ərazidə fəaliyyət göstərən monitorinq missiyası var və missiyaya Türkiyə hərbçiləri də daxildir. Gələcəkdə Zəngəzur dəhlizinin fəaliyyətə başlamasını da nəzərə alsaq, Şuşada Türkiyə konsulluğunun açılmasının zərurətə çevrildiyi meydana gəlir. Bu baxımdan Şuşada Türkiyə konsulluğunun açılması həm siyasi, həm də iqtisadi məsələlər baxımından vacibdir. Konsulluğun açılması çox böyük uzaqgörənliyi əks etdirən addım olacaq”.
Sabiq nazirin sözlərinə görə, əgər biz dünyanın mənzərəsinə baxsaq görəcəyik ki, Ermənistandan başqa dünyada Qarabağın Azərbaycan torpaqları olduğunu inkar edən dövlət yoxdur. Bu baxımdan biz arxayın mövqedən bu və digər məsələlərə qiymət verməliyik. Şübhəsiz ki, Şuşada Türkiyənin konsulluğunun açılması Ermənistana və müxtəlif siyasi maraqlarına görə onları qızışdıran mərkəzlərə yeni mesaj olacaq: “Mesaj olacaq ki, bu torpaqlar bizimdir və biz buraya əbədi qayıtmışıq. Bu mesajlar yeni hava limanının istifadəyə verilməsi, Şuşaya yeni yolun çəkilməsi və digər addımlarla da verilib. Konsulluğun açılması isə tam yeni bir ciddi mesaj olacaq. Bizi istəməyən qüvvələr yəqin nəticə çıxaracaqlar”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

