Sosial 

«Qarabağ dastanı»

Hər fəsli bir qəhrəmanlıq salnaməsi olan bu adda kitab əməkdar jurnalist Mətanət Məmmədovanın oxuculara növbəti töhfəsidir

Daşnakların iki əsrdən bəri Azərbaycan xalqına qarşı apardıqları etnik təmizləmə siyasəti, soyqırımları, terrorlar, faciələr barədə yazılan bədii əsərlərin, araşdırmaların hər biri tariximizə, keçmişimizə hörmət, xalqımızın qan yaddaşının təzələnməsidir. Ötən əsrin əvvəllərində və sonunda daşnakların Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər zamanı qətlə yetirilən azərbaycanlıların sayı isə yüz minlərlədir.

Türkçülüyə nifrəti milli xarakterləri kimi yaşadan, özlərindən sonrakı nəsillərə aşılayan daşnak törəmələrinin müasir dövrmüzdə də faşizm ideyalarına sadiqliyini 30 il işğal altında saxladıqları Azərbaycan torpaqlarında törətdikləri vəhşiliklər, siyasi, hərbi, ekoloji terrorlar təsdiqləyir.

Ermənistanın növbəti hərbi təcavüzünə cavab olaraq Prezident, Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə başlanan, 44 gün davam edən «Dəmir yumruq» əməliyyatında igid ərənlərimizin rəşadəti ilə qazanılan Zəfərimiz haqqında yazılan bədii əsərlərin hər biri qəhrəmanlıq dastanıdır.

«Qarabağ dastanı» adlı mükəmməl əsəri ilə oxucularla görüşə gələn Azərbaycanın Əməkdar jurnalisti Mətanət Məmmədovanın vətəndaşlıq yanğısı ilə ərsəyə gətirdiyi növbəti əsəri zəhmət tələb edənyaradıcılıq məhsuludur. AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, Əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlinin rəy verdiyi «Qarabağ dastanı» fərqli cəhətləri ilə seçilir. 1990-cı illərin əvvəllərində Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətini davam etdirən ermənilərin vəhşilikləri, törətdikləri təxribatlar barədə tarixi məqamların yer aldığı kitabda torpaqlarımızın işğaldan azad edilməsi uğrunda yenilməz sərkərdə kimi Milli Ordumuza başçılıq edən Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqının birlik və həmrəyliyi, Vətən uğrunda şəhid olan igidlərimiz haqqında məlumatlar toplanılıb.

Ulu öndər Heydər Əliyevin «Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik . Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün bu, iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma tək Şuşa yox, Laçın dağları da belə əzizdir. Heç vaxt biz Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o isti suyu. Biz onlarsız yaşaya bilmərik» sözləri ilə oxucusuna bələdçilik edən müəllifin «Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik. Bu böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları! Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!» söyləyən Prezident İlham Əliyevin bu sözlərinə müraciət etməsi təsadüfi deyil. 44 gün davam edən Vətən müharibəsindəki Zəfərimiz Prezident İlham Əliyevin Ulu Öndərə, Azərbaycan xalqına verdiyi vədlərə sadiqliyidir.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində əldə etdiyi tarixi Zəfərin ildönümünə həsr olunmuş «Qarabağ dastanı»nda müəllif torpaqlarımız uğrunda qurban getmiş şəhidləri, itkin düşənləri Vətənə məhəbbət, torpağa sevgini vəsf edən bayatıların dili ilə vəsf edir, yaşadır.

Naxçıvandakı «Əcəmi» Nəşriyyat –Poliqrafiya Birliyi tərəfindən nəşr olunan kitabın fərqli cəhətləri çox olsa da, diqqəti çəkən məqam milli sərvətimiz sayılan « Kitabi Dədə-Qorqud» dastanındakı kimi işğaldan azad olunan rayonlar haqqındakı qeydlərin ayrı-ayrı boylar- «Suqovuşan boyu», «Füzuli boyu», «Zəngilan boyu»… adı ilə təqdim olunmasıdır. «Müharibə, müsahibə və ya «Dəmir yumruq»un dəmir məntiqi» adlı bölmədə Prezident İlham Əliyevin müharibənin davam etdiyi 44 gündə bəzi yerli və xarici KİV-lərə verdiyi müsahibələr, xalqa müraciətləri, müxtəlif tarixlərdə dövlət başçımızın iştirakı ilə keçirilən görüşlərin tarixi xronikası yer alıb.

Çoxları üçün ilin payız ayları sevilməyən fəsil hesab edilir. «Son söz əvəzi» bölməsində payıza «Getmə, dayan, sənə sözüm var» sözləri ilə müraciət edən müəllifin 2020-ci ilin noyabr ayına təsadüf edən Zəfərimizin sevincini yaşadığımız payıza baxışı da fərqlidir. Qələbəmizin ildönümü günlərinin təmtarağının yaşandığı 2021-ci ilin payızını Zəfər payızı adlandırır, «fəsillərin şahı, kədərimiz, qürurumuz oldun» deyir.

469 səhifəlik «Qarabağ dastanı»nın hər vərəqi bir qəhrəmanın tale yazısıdır. «… Vaxt keçəcək bu döyüşlər haqqında kitablar yazılacaq, əsərlər yazılacaq» söyləyən Prezident İlham Əliyevin sözlərinə ən layiqli nümunə olan digər kitablar kimi «Qarabağ dastanı»nın da oxucular tərəfindən böyük maraqla qarşılanacağına əminik.

Daha çox xəbərlər