Siyasət 

Sevinc Osmanqızının ermənilərə məhəbbəti

Vətənin, torpağın müqəddəsliyi haqqında danışmaqla kimdəsə yurda bağlılıq duyğularını formalaşdırmaq çətindən də çətin, bəlkə də mümkünsüzdür. Bəlkə də çoxlarının yadında olar. Kiçik yaşlarında çöldə, bayırda oynayarkən yıxılanda, azacıq zədə alanda yaranın üstünə bir çimdik torpaq atar, axan qan kəsilməmiş yenidən oyuna davam edərdik. Yəni, torpaq müqəddəs olduğu kimi ağrını da azaldırdı. Bu kiçik xatırlatmada, bənzətmədə torpağın müqəddəsliyi, bütün yaralara məlhəm kimi təsir göstərməsi məcazi mənada da olsa hamı tərəfindən qəbul olunur və yaşadılır. Yaxud ata-babalarımızdan qalan bir adət də odur ki, haqq dünyasına qovuşanları yumaq üçün su tapılmayanda torpaqla təəmmüm edib pakladardılar. Çox təəssüf ki, bağışlanılması mümkün olmayan günahlardan sayılan Vətənə xəyanəti torpaqla sağaltmaq olmaz. Çünki torpaq da onu sevib, qoruyanlar üçün dəyərlidir və ona arxa çevirənləri bağışlamır.

20 noyabr 1991-ci ildə Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində ermənilər tərəfindən vurulan hərbi helikopter hadisəsindən 30 il keçdi. Azərbaycan Respublikasının Dövlət katibi Tofiq İsmayılov, Baş prokuror İsmət Qayıbov, Dövlət müşaviri, daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, Baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri və jurnalist Osman Mirzəyev, Azərbaycan Televiziyasının əməkdaşı Alı Mustafayev və rus hərbçilərinin də daxil olduğu 22 nəfər erməni terrorunun qurbanı oldular. O hadisədən 30 il keçsə də Qarakənd adı çəkiləndə hamı Azərbaycanın ictimai-siyasi həyatında müəyyən xidmətləri olan bu şəxsləri hörmətlə yad edir.

Vəfat edən yaxınlarının xatirələrinin yad edilməsi əsrlərdən bəri sadiq qaldığımız milli adət- ənənələrimizdəndir. Həmin gün müəllimimiz Osman Mirzəyevi xüsusilə yad etdik. Sonra fikirləşdik ki, görəsən elinə- obasına xəyanət edən «Osmaqızı TV»nin yalan ruporu olan Sevinc Osmanqızı Vətən yolunda həlak olan atası Osman Mirzəyevi yad edib, daşıdığı soyad üçün xəcalət çəkdimi?

Yəqin ki, yox. Çünki haylarla illərdən bəri əməkdaşlıq edən Sevinc Osmanqızı atasının qatili olan erməni terrorçularının xətrinə dəyməyi belə düşünmür. 30 il işğal altında qalan torpaqlarımızın azad edilməsinə ermənilər qədər üzülən, yas saxlayan Sevinc övlad kimi də nankorluğunu bildirdi. Özü qədər xəyanətkar AXCP sədri Əli Kərimli və onun kimi satqınlarla, ermənilərlə əməkdaşlıq edən Sevinci düşündürən yalnız hər vasitə ilə Azərbaycana qara yaxmaq, ermənilərin anti-Azərbaycan təbliğatına dəstək göstərməkdir. Vətəni böyük-kiçikliyinə görə deyil, özününkü olduğuna görə sevən atasından fərqli olaraq bütün dəyərlərimizə arxa çevirən Sevincə Azərbaycanı sevən ictimai- siyasi xadim Nəriman Nərimanovun « Siz ata- babalarınızın müqəddəs yerlərinə o vaxt Vətən deyə bilərsiniz ki, onun sahibi olasınız» sözlərini xatırlatmaq da əbəsdir. Çünki hər gün bir budaqda gəzən quşun yuvası olmadığı kimi sevinclər üçün torpaq, od-ocaq məhfumu da yad ifadələrdir. Bir də xatırladaq ki, Vətəninə aid olmayanın insanlığa da dəxli yoxdur. Torpaqlarımızın işğaldan azad olunmasının ilk Zəfər Günündə belə Azərbaycanla bağlı xəyanətlərini davam etdirən Sevincə «Ata yüzlərlə müəllimdən, ana yüzlərlə atadan yüksəkdə durur. O adam şərəfsizdir ki, valideynlərinə hörmət etmir-bu, insanın əsas vəzifəsidir, digər nə varsa, ikinci dərəcəlidir» müdrik kəlamını xatırladaq.

Ata-babalarımız üçün yurd yeri həmişə müqəddəs sayılıb. Belə ki, diyar-diyar gəzənlər belə həyatlarının son məqamlarında vəsiyyət kimi yaxınlarından onun nəşinin doğulduğu yerdə torpağa əmanət edilmələrini xahiş edirlər. Milli- mənəvi dəyərlərini ermənilərin dramlarına dəyişən, atasının qatilləri ilə duz-çörək kəsən Sevinc üçün yadların samanlığı seyrangahlıqdır. Təki xəyanətləri müqabilində aldığı dollarlar çoxalsın. Belə bir məsəl də var ki, atı atın yanına bağlasan ya rəngini göturər, ya da xasiyyətini. Bütün yaxınlarının, torpağında ilk addımlarını atdığı Azadkənd kəndinin sakinlərinin imtina etdikləri Əli Kərimli ilə eyni əqidəni bölüşən Sevincin əslini, kökünü danması başadüşüləndir. Azərbaycana qarşı aparılan təxribatların müəllifləri kimi, adları qoşa çəkilən bu naxələflər, qaragürühçular ABŞ-da, digər xarici ölkələrdə ermənilərin azərbaycanlılara qarşı təzyiqlərini, yetirdikləri xəsarətləri belə təbii qəbul edirlər. Amma unudurlar ki, Vətəninə xəyanət edəni heç bir millət sonuna qədər əzizləməz. Maraqlarını həyata keçirmək üçün əlikərimlilərdən, sevinclərdən istifadə edənlər üçün bu xainlər ötəri vasitədirlər.

Daha çox xəbərlər