Siyasət 

İrəvana iki paytaxtdan verilmiş “ev tapşırıqları” – bacaracaqlar, yoxsa “2” alacaqlar?

Politoloq: “Bu vəziyyət Rusiyanı da, Avropa İttifaqını da narahat edir”

Azərbaycan Prezidenti İlham Əliyev  İtaliyanın “Il Sole 24 Ore” qəzetinə müsahibəsində bildirib ki, ötən ilin noyabrında imzalanmış üçtərəfli bəyanatın icrası olduqca ləng gedir. “Ermənistan tərəfindən dərhal həyata keçiriləcək fəaliyyətə dair mühüm qərarlar qəbul edildi ki, dəmir yolu layihəsinin praktiki reallaşdırılmasına start verilsin. Bizə gəldikdə, artıq işlərə başlamışıq və azad edilmiş ərazilərdən Ermənistan sərhədinə qədər dəmir yolu xətti 2023-cü ilin sonunadək hazır olmalıdır. Biz, əlbəttə, ümid edirik ki, o vaxta qədər Ermənistan özünün ev tapşırığını yerinə yetirəcək”.

Ermənistanın “ev tapşırığı” ifadəsi əslində diqqət çəkir. Bu o deməkdir ki, artıq İrəvan təkcə Moskvada deyil, Brüsseldə də bəzi məsələlərlə bağlı konkret zamanla “ev tapşırığı”nı icra etməlidir. Amma bunu bacaracaqmı, yoxsa “2″ alacaq?

Politoloq Murad Sadəddinov “Yeni Müsavat”a bildirdi ki, 10 noyabr üçtərəfli, 11 yanvar, sonrakı görüşlərdən sonra verilən bəyanatlarda Zəngəzur dəhlizinin, kommunikasiyaların açılması məsələsi birmənalı qoyulur. Ermənistan isə bu tələbi yerinə yetirmir: “Ən azından yerinə yetirməyi mümkün qədər ləngitməyə çalışır. Artıq bu vəziyyət Rusiyanı da, Avropa İttifaqını da narahat edir. Ona görə də həm Soçi, həm də Brüssel görüşündə Ermənistana ”ev tapşırığı” verilib. Azərbaycan tərəfi bəyanatlardan irəli gələn bütün öhdəlikləri yerinə yetirib, dəmir yolu xətti, avtomobil yolu xəttinin tikilməsi işlərinə start verilib və bunu Prezident İlham Əliyev bəyan edib. Ermənistan tərəfi isə öhdəlikləri yerinə yetirməyib. Ermənistan tərəfi işləri ləngidir. Azərbaycan tərəfi 2023-cü ildə öz üzərinə düşən tikinti işlərini bitirəcək. Ermənistan isə hələ də ancaq söz güləşdirir. Bu baxımdan cənab Prezident bir daha onların diqqətinə çatdırdı ki, bu iş sizə verilən “ev tapşırığı”dır və bu tapşırığı yerinə yetirməlisiniz. Ermənistanın bu “ev tapşırığı”nı yerinə yetirib-yetirməyəcəyinə, bu tapşırıqdan hansı qiyməti alacağına gəlincə, bu gün bu barədə dəqiq fikir söyləmək çətindir. Dəqiq olan odur ki, Ermənistan istəsə də, istəməsə də üzərinə qoyulan öhdəliyi yerinə yetirməlidir. Məcburiyyət qarşısında bunu etməlidir. Zəngəzur dəhlizi məsələsinin arxasında təkcə Azərbaycan dayanmır. Bu işin arxasında Rusiya, Türkiyə dayanır, bir sıra digər böyük dövlətlərin də burada maraqları var. Yəni Ermənistana “ev tapşırığı” həm də çox böyük güclər tərəfindən verilmiş sayılmalıdır”.

Müharibə bitdi, qaldı mübarizə - Daha uzun, daha qəliz Manset.az

Murad Sadəddinov 

M.Sadəddinov hesab edir ki, Ermənistan hər zaman olduğu kimi, güman ki, bu dəfə də “2″ qiymətini alacaq: ”Çünki Ermənistan aydın olan məsələləri görmür, onlara təklif olunanları vaxtında icra eləmir, vaxt uzadır və son nəticədə özləri ən ağır şərtlər altında onlara təklif olunanları qəbul eləmək məcburiyyəti qarşısında qalırlar. Keçənilki müharibədən öncə də, müharibə yeni başlayanda da belə oldu-Azərbaycanın təkliflərinə vaxtında müsbət reaksiya vermədilər, nəticəsi məlumdur. Ermənistanın vaxt udmaq şakəri gəlib həmişə özünün zərərinə işləyir. Bu dəfə də belə olacaq. Zəngəzur dəhlizi məsələsində nə qədər vaxt udmağa çalışsa, sonda onsuz da dəhliz açılacaq”.

Politoloq onu da dedi ki, Ermənistan öz ərazisindən keçəcək 44 kilometrlik yolun çəkilişi üçün lazım olan 200 milyon dollar vəsaiti müxtəlif Avropa maliyyə institutlarından əldə etməyə çalışır. İşi yubatmaq siyasətinin arxasında həm də bu istəkləri dayanır.

Daha çox xəbərlər