“Bərabər yürüdük biz bu yollarda” – iki qardaş haqda kitab FOTO
Məlahət İbrahimqızı: “2015-ci ildən başladığımız bu layihənin bir neçə dəfə formatını dəyişdik”
Bu günlərdə Türkiyənin paytaxtı Ankara şəhərində iki qardaş ölkənin və onun liderlərinin dostluq-qardaşlığından bəhs edən kitabın təqdimatı keçirildi. Deputat Məlahət İbrahimqızının ərsəyə gətirdiyi kitabın rəyçiləri Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və Milli Məclisin Səhiyyə Komitəsinin sədri, akademik Əhliman Əmiraslanovdur. “Bərabər yürüdük biz bu yollarda” kitabının redaktoru AKP-nin beş dönəm millət vəkili olmuş Öznur Çalıkdır. Türkiyə tərəfinin təşkilatçılığı ilə keçirilən təqdimat Ankara Keçiören Bələdiyyəsi Başkanı Turqut Altunokun ev sahibliyi ilə təşkil edilib.
Deputat Məlahət İbrahimqızı müəllifi olduğu kitabla bağlı “Yeni Müsavat”a danışdı:
– Ötən 30 il Türkiyə və Azərbaycanın dost və qardaş münasibətləri müttəfiqlik zirvəsinə ucalıb. Bu münasibətlərin daha da inkişaf etməsində isə Heydər Əliyevin hələ Naxçıvan Ali Məclisinin rəhbəri olduğu dövr də daxil olmaqla, 2003-cü ilə qədər yürüdülmüş siyasətinin müstəsna xidmətləri var. 2003-cü ildən etibarən isə bu dostluğun və qardaşlığın sarsılmazlığına və əbədiliyinə zəmanət verən iki görkəmli dövlət xadiminin misilsiz xidmətləri sayəsində olub. Bu gün məhz Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevlə qardaş Türkiyənin lideri möhtərəm Rəcəb Tayyib Ərdoğan arasındakı bu əfsanəvi dostluq və qardaşlıqla biz ortaq problemimiz olan Qarabağ probleminin həllinə nail olduq. Dünyada analoqu olmayan bu qardaşlıq və dostluq nəticəsində keçən il 44 günlük Vətən müharibəsində möhtəşəm zəfər qazanaraq, türk millətinin şanını ucaltdıq. Azərbaycanda belə bir deyim var: “Soruşurlar: qardaşını tanıyırsanmı? Cavabı belə olur: ”Dost deyiləm və yoldaş da olmamışam”. Bu mənada eyni ildən xalqına və ölkəsinə rəhbərlik etməyə başlayan türk dünyasının bu iki böyük lideri arasındakı səmimi və etibarlı dostluq münasibətləri onları sirdaşa, silahdaşa, dava arkadaşına çevirdi. Onları bütün beynəlxalq kürsülərdə və müstəvilərdə haqsızlığa, ədalətsizliyə qarşı çiyin-çiyinə birgə mübarizə apardıqlarının şahidi olduq. Azərbaycan olmayan yerdə möhtərəm Ərdoğan Azərbaycanı təmsil etdi, Türkiyənin olmadığı platformalarda isə möhtərəm İlham Əliyev “Türkiyə burada yoxdursa, mən varam” deyərək bir-birilərinə arxa-dayaq oldular. Təkcə bir faktı deməklə bu iki liderin münasibətlərinin həm də necə doğma olduğu sübuta yetər. 2015-ci ilin mart ayında möhtərəm Ərdoğan Bakıda keçiriləcək Azərbaycan-Türkiyə Yüksək Strateji Əməkdaşlığın növbəti iclasında iştirak edəcəkdi. Səfər ərəfəsində Ankarada çox ağır terror baş vermişdi. Bu səbəbdən də sözsüz ki, səfər qeyri-müəyyən vaxta təxirə salındı. Lakin bu terrordan tam bir neçə gün sonra möhtərəm Prezidentimiz böyük bir nümayəndə heyəti ilə Ankaraya getdi. Möhtərəm Prezidentimizin Türkiyəyə, əziz qardaşı və dostu möhtərəm Ərdoğana olan ülvi qardaşlıq münasibətləri səbəbindən Ankarada keçirilən bu iclasda çıxış edərkən, eləcə də Türkiyə Cumhurbaşqanı ilə görüşərkən bir neçə dəfə kövrəlmiş, hətta göz yaşlarını belə saxlaya bilməmişdi. Yaxud başqa bir misal: Türkiyə Cumhurbaşqanı hər dəfə İkinci dünya savaşından sonra bir qrup azərbaycanlı əsirin Türkiyədən sovetlərə təslim olunması barədə tarixi faktı xatırlayarkən ğöz yaşlarını belə saxlaya bilmir. Budur əsl qardaşlıq və dostluq dastanı!
– Maraqlıdır, bu kitabın ərsəyə gəlməsi ideyası haradan yarandı?
– Təqdimatı keçirilmiş “Bərabər yürüdük biz bu yollarda” kitabının hazırlanması ideyası tarixi də məhz Ankarada keçirilmiş qeyd etdiyim məlum iclasdan sonrakı dövrə təsadüf edir. Bu ideyanı uzun illər dostluq etdiyim dostlarım beş dəfə millət vəkili seçilmiş AK partili Öznur Çalıq və Ankara Universitetinin rektoru, professor, siyasətçi Necdət Ünuvar arasında müzakirə etdik və bu ideyanı gerçəkləşdirmək üçün bərabər yola çıxdıq. Vəzifə bölgüsü kimi kitabı hazırlamaq mənim üzərimə düşdü. Professor Necdət Ünüvar və akademik, millət vəkili Əhliman Əmiraslanov, sənədlərin tapılmasında məsuliyyətli və redaktor Öznur Çalıq oldu. 2015-ci ildən başladığımız bu layihənin bir neçə dəfə formatını dəyişdik. Təbii ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan kimi görkəmli dövlət adamları haqqında kitab hazırlamaq böyük məsuliyyət tələb edirdi. Doğrusu, qardaşlığı əks etdirən kitabın sonluğunu tamamlamaq o qədər də asan deyildi. Keçən il 44 günlük Vətən müharibəsinin başlaması və zəfərlə bitməsi bu kitabın tamamlanmasına səbəb oldu. Qeyd edim ki, kitaba 2003-cü ildən bu günədək İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın ikitərəfli və çoxtərəfli görüşlərindəki çıxışları, bəyanatları və jurnalistlərə verdiyi müsahibələr daxil edilib. İlk görüş 2003-cü ilin 7 yanvarında Ulu Öndər Heydər Əliyevin dəvəti ilə dostluq səfəri çərçivəsində Azərbaycana gəlmiş Rəcəb Tayyib Ərdoğanın Bakıdakı görüşlərinin materialları daxil edilib, sonrakı bütün sənədlər isə İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı görüşlərin materiallarıdır. Sözsüz ki, bütün bu görüşləri əks etdirən tarixi fotolar da kitabda toplanıb.
– Türkiyə və Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi üçün sizcə, hansı işlərin görülməsinə, addımların atılmasına ehtiyac var?
– Bundan sonrakı hədəfimiz Türkiyə və Azərbaycanın arasındakı münasibətləri ən yüksək səviyyəyə çatdırmaq, könül coğrafiyamız olan Türk dövlətlərinin güclü institutsional münasibətlərinə və türk xalqlarının sürətlə inteqrasiyasına nail olmaqdır. Qürurla deyə bilərik ki, bu əyilməz və məğlubedilməz liderlər ötən dövr ərzində, yuxarıda qeyd etdiyimiz məqsəd və hədəflərə çatmaq istiqamətində təsəvvüredilməz dərəcədə misilsiz uğurlara imza atdı. İngilislərin belə bir sözü var: “Həqiqi dostluq möcüzələr yaradır”. Bəli, 2003-cü ildən başlayan bu qardaşlıq və dostluq Qarabağ Zəfərinə, Şuşa ucalığında imzalanmış Müttəfiqlik Bəyannaməsinə, Türk Dövlətləri Təşkilatının yeni inkişaf mərhələsinə çatdırdı.
Bu gün fəxrlə deyə bilərik ki, həm də möhtərəm cənab İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qardaşlığın və dostluğun analoqu yoxdur. Əminik ki, məhz bu münasibətlər gələcəkdə bizi daha böyük uğurlara aparacaq. Əslində 15 iyun 2021-ci il tarixində işğaldan azad olunmuş Qarabağın dilbər güşəsi, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Azərbaycan Respublikasının Prezidenti ilə Türkiyənin Cümhurbaşqanı arasında Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi imzalanmaqla bu iki qardaş ölkə arasındakı münasibətlərin keyfiyyətcə daha yeni mərhələsinə qədəm qoyulmuşdu. Həmçinin 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan olunmasının 100 illiyi ən yaxın vaxtlarda Qarabağın azad olunacağının mesajları idi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev hələ və diaspora təşkilatlarının Bakıda, Gülüstan sarayında keçirilən 1-ci qurultayında tarixi bir kəlam işlətmişdi: “Bir millətin iki diasporası ola bilməz”. Yaxud 15 sentyabr 1918-ci ildə Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusunun Bakını işğaldan olunmasının 100 illiyinə həsr edilmiş və Cümhurbaşqanı Ərdoğanın da iştirak etdiyi hərbi paradda gözəl bir fikir səsləndirmişdi. “Biz 100 il bundan öncə də bir idik, bu gün də bir yerdəyik, gələcəkdə də bir yerdə olacağıq”, kimi uzaqgörən və müdrik fikirləri uzaq gələcəyə hədəflənən yol xəritəmizdir. Cumhurbaşqanı cənab Ərdoğanın “qoy dünya bilsin ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır və yanında da olacaqdır”, deməsi dostlar və dost olmayanlar üçün çox ciddi mesajlardır. Bu mənada Şuşa Bəyannaməsi dövlətlərimiz və xalqlarımız təhlükə ilə üzləşərsə, iki dövlətin bir dövlət olması mexanizmini əks etdirən ali sənəddir. Bu mənada möhtərəm Prezidentimiz cənab İlham Əliyev ölkələrimiz arasındakı münasibətlərin yeni perspektivlərindən danışarkən dəfələrlə qeyd edib ki, artıq Azərbaycan və Türkiyə üçün bütün sahələrdə vahid siyasət formalaşdırılır. O gələcək nəsillərin də gələcəkdə bu siyasəti daha da inkişaf etdirilməsində böyük məsuliyyəti var.
– Türkiyə-Ermənistan əlaqələrinin normallaşdırılması istiqamətdə addımların atılması istiqamətdə proses başlayıb. Uçuşlar bərpa olunur, daimi nümayəndələr təyin edilib. Sizcə, Ermənistan Türkiyənin bu humanist addımlarının qarşılığında qardaş ölkəyə qarşı ərazi iddialarından əl çəkəcəkmi?
– Bu, bir tarixi gerçəklikdir ki, keçən il 44 günlük Vətən müharibəsində əziz şəhidlərimizin qanı ilə qazandığımız möhtəşəm Zəfərlə ən yeni tariximizin ən yeni səhifələrini yazdıq. Yəni bölgəmizin siyasi mənzərəsində ciddi dəyişikliklər baş verdi, yeni gerçəkliklər və fürsətlər yarandı. Təbii ki, bütün istiqamətlərdə qüvvələr balansı Azərbaycanın xeyrinə dəyişdi. Bununla bərabər ölkəmizin təbii müttəfiqi olan qardaş Türkiyənin də bölgədə nüfuzu və təsir dairəsi xeyli artdı. Artıq təcavüzkar və məğlub Ermənistanın gələcək taleyi, hətta mövcudluğu Türkiyə və Azərbaycandan asılı vəziyyətdədir. Ermənistan gec və ya tez məcburdur ki, Türkiyə və Azərbaycanla yeni qonşuluq siyasəti qursun. Bu mənada erməni diaspor təşkilatları, Ermənistandakı revanşist qüvvələr və onları dəstəkləyən xarici güclər nə qədər bu işə mane olsalar da, prosesin qarşısının alınması mümkün deyil. Ermənistan onsuz da dalan dövləti idi. Müharibədəki məğlubiyyətdən sonra Ermənistanın durumu daha da pisləşib.

