Şəhidlər unudulmur
Cəlilabad rayonundan da İkinci Qarabağ müharibəsində torpaq uğrunda haqq savaşımızda tarix yazan qəhrəmanlar çox oldu. Bu yurdun oğlu Camal Mehman oğlu Əliyevdə Vətən yolunda canını qurban verdi. O, 2000-ci il dekabrın 17-də Cəlilabad şəhərində anadan olmuşdu. Azərbaycan Ordusunun əsgəri olan Camal Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Camal Əliyev oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhidlik zirvəsinə ucalır və rayonun Pərdi kənd qəbiristanlığında dəfn olunub.
İgid əsgər Camal Əliyev ölümündən sonra dövlət tərəfindən “Vətən uğrunda”, “İgidliyə görə”, eləcə Cəbrayılın, Xocavəndin azad olmasına görə medallarına layiq görülür.
Bu günlər Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsində şəhid olmuş Camal Əliyevin ailəsinə baş çəkib. Rafiq Cəlilov şəhid ailəsinə başsağlığı verdikdən sonra deyib:
– Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusu düşməni diz çökdürərək 30 il əsir düşən Vətən torpaqlarını işğalçılardan təmizlədi və ölkənin ərazi bütövlüyünü bərpa etdi. Və xalqımız bu Zəfərlə tarixə qızıl hərflərlə yeni səhifə yazdı. Həm də qazanılan zəfər xalqımızın gücünü , milli birliyini, vəhdətini, halal torpaq sevgisini bütün dünyaya bildirdi.. Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətinə yüksək qiymət verir, bütün şəhidlərin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.
Görüşdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş, milyonların ürəyində özünə əbədi məkan quran Camal Əliyevin həyatı, döyüş yolu barədə söhbət açıldı, onun qəhrəmanlığı qərinələr boyunca gələn nəsillərə örnək olacağı qürurla dilə gətirildi.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü





