8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın siyasəti” adlı tədbir keçirilmişdir.
Bərdə rayon Heydər Əliyev Mərkəzində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan dövlətçiliyində qadın siyasəti” adlı tədbir keçirilmişdir. Tədbirdə YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi Nurayə Məmmədova, Bərdə rayon Tarix-Diyarşünaslıq Muzeyinin və Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları, Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin şagird və müəllimləri iştirak etmişdir. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Arifət Əhmədova bütün qadınları Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edərək bildirdi ki, Azərbaycan Respublikasında qadın siyasəti ilk növbədə, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra geniş vüsət almışdır. Məhz ümummilli liderin uzaqgörənliyi və qətiyyəti sayəsində 1993-cü ildən qadınların ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Arifət Əhmədova bildirdi ki, bu gün Azərbaycan qadınının xüsusiyyətlərini özündə əks etdirən, şərəfli, məsuliyyətli fəaliyyəti ilə dövlətimizdə özünəməxsus yer tutan Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri xüsusilə vurğulamalıyıq.
Sonra YAP Bərdə rayon təşkilatının baş məsləhətçisi
Nurayə Məmmədova çıxış edərək Azərbaycan qadınının cəmiyyətdəki yeri və rolundan bəhs etdi. YAP Bərdə rayon təşkilatının yaranmasında göstərdiyi çətin və şərəfli fəaliyyətindən danışdı. Azərbaycan qadının əməyinin qiymətləndirilməsi haqqında danışan Nurayə Məmmədova özünün də bu yaxınlarda 3-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif edilməsini qeyd etdi və əməyinə verilən bu qiymətə görə dövlətimizə minnətdarlığını bildirdi. Həmçinin o, Azərbaycan Respublikasının vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətindən bəhs etdi.
Sonra Bərdə rayon Heydər Əliyev Mərkəzinin fond mühafizi Tamam Hüsüzadə çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikasında qadın siyasətinin əsasını qoymasından bəhs edərək bildirdi ki, Ulu Öndər Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin edildiyi vaxtdan etibarən fəaliyyətinin hər dövründə qadın problemləri və haqlarının müdafiəçisinə çevrilmişdir. Qadın siyasəti bu gün də müstəqil Azərbaycan dövlətinin əsas prioritet sahələrindəndir. Tamam Hüsüzadə qeyd etdi ki, Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu qadın siyasətini bu gün uğurla davam etdirir.
Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin müəllimi Həsənova Səadət bildirdi ki, qadının cəmiyyətdə böyük rolu var. Bugünkü cəmiyyət məhz dünənki qadınların, anaların tərbiyəsinin məhsuludur. Qadınlar nə qədər vətənpərvər, iradəli, fədakar və fəaldırsa gələcəyimiz də bir o qədər inkişaf etmiş olar. Bir məsələni də unutmaq olmaz ki, hər bir dövlətin, xalqın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı var və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar.
Sonda Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.





