Cəmiyyət 

Cinayət məsuliyyəti daşıyan və təhlükəli ERKƏN NİKAH PROBLEMLƏRİ – VİDEO – FOTO

Son illər erkən nikaha qarşı mübarizə tədbirləri gücləndirilsə də problem aktuallığını qoruyur.

ARANTV.AZ ARB TV-yə istinadən xəbər verir ki, bütün cəhdlərə baxmayaraq, hələ də bəzi valiyendlər hüquqi baxımda yetkinlik yaşına çatmayan qızlarını təhsildən yayındıraraq, ailə qurmağa məcbur edir.

Statistik məlumatlar Azərbaycanın bölgələrində, əsasən də cənub rayonlarında azyaşlı qızların ərə verilməsi halları azaldığını göstərir. Amma problem hələ də qalmaqdadır. Erkən nikahların qarşısının alınması ilə bağlı atılan ciddi addımlar və keçirilən maarifləndirmə tədbirləri bəzi valideynlərə hələ də təsir göstərmir. Nişanlı olduğu və ya ərə getməyə hazırlaşdığı üçün 14-15 yaşlı qızların məktəbə getməməsi hallarına ötən tədris ilində də rast gəlinib.

Ülviyyə Əliyeva – Məktəb direktoru: “Bu problemi aradan qaldırmaq üçün ilk növbədə biz risk qrupuna daxil olan ailələrdə, sosial təminatı az olan ailələrin övladları ilə bağlı bu problemlə daha çox üzləşirik. Bəzən “imkansızlıqdan uşağı dərsə göndərmirəm” bəhanəsiylə nəyisə çalışırlar ki, pərdələsinlər, amma təbii ki, biz çalışırıq ki, belə faktları vaxtında aşkarlayaq və aradan qaldıraq”.

Erkən nikah uşaqların təhsil hüququnu pozmaqla yanaşı, onlarda tibbi və psixoloji problemlərə səbəb ola bilər. Xüsusilə də, məktəb yaşlı qızların uşaq dünyaya gətirməsi onların sağlamlığı ciddi riskdir.

Nərmin Salayeva – Həkim-terapevt: “Fizioloji baxımdan analıq dövrü üçün ən azı 18 yaş həddi normal qəbul olunub.18 yaşdan aşağı yaşda hamilə olduqda bətndəki uşağın inkişafı ləngiyə və ya anomal uşaq dünyaya gələ bilər. Eləcə də, orqanizmdə hormonal balanslaşma pozulur”.

Erkən nikahla mübarizəni gücləndirmək üçün Ailə Məcəlləsində nikah yaşı həddi qaldırılıb, Cinayət Məcəlləsində cəza tədbirləri sərtləşdirilib. Digər tərəfdən qanunu pozaraq erkən yaşda ailə quranların rəsmi nikahdan gizləndikləri üçün gələcəkdə bir sıra hüquqi problemlərlə üzləşməli olurlar.

Ehtiram Fəttayev – Vəkil: “Azərbaycan Respublikası Cinayət Məcəlləsində 176.1.1-ci, “Qadını nikaha daxil olmağa məcbur etmə” maddəsi var. Həmin maddədə qeyd olunur ki, qadını nikaha daxil olmağa məcbur etmə 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə 3 min manatdan 4 min manatadək miqdarda cərimə edilir və ya 4 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur”.

Erkən nikaha məcbur edilərək qurulan ailələrin təməli də möhkəm deyil. Əksər hallarda gələcəkdə belə nikahlar boşanma ilə nəticələnir. Mütəxəssislərin fikrincə, qarşılıqla istək, sevgi olmadan erkən yaşda qurulan ailələr sonradan xəyanət, qısqanclıq və başqa konfliktlər ucbatından dağılır. Psixoloji baxımdan oğlanların 25, qızların isə 20-22 yaşından sonra ailə qurması tövsiyyə olunur.

 

Daha çox xəbərlər

Leave a Comment