Şəhid ailələrinin və qazilərin məşğulluq problemləri həll edilir
Onların sahibkarlıq fəaliyyətlərinin genişlənməsi üçün davamlı tədbirlər görülür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətən müharibəsindən sonra şəhid ailələrinin və qazilərin özünüməşğulluq proqramlarına cəlb edilməsi istiqamətində Fərman və sərəncamlar imzalayaraq bu kateqoriyadan olan insanların sosial-məişət durumlarının yaxşılaşdırılmasını prioritet məsələ kimi irəli sürdü. Məhz bundan sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) şəhid ailələrinin və qazilərin məşğulluq problemlərinin həlli üçün 2021-ci ilin iyun ayından başlayaraq «Məşğulluq marafonu» adlı geniş kampaniyaya start verdi. Artıq indiyədək həmin kateqoriyalardan olan 1894 nəfər işlə təmin olunub. Məhz yaradılan özünüməşğulluq fəaliyyəti nəticəsində onlar öz kiçik bizneslərini qurmağı bacarıblar.
Məsələn, şəhid Yasən Mehdiyevin atası Alim Mehdiyev postmüharibə dövründə növbədənkənar özünüməşğulluq proqramına cəlb olunub. Alim Mehdiyev «İki sahil»ə açıqlamasında bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstəyi ilə bərbər fəaliyyəti üzrə avadanlıqlarla təmin edilərək özümə normal bir iş şəraiti yaratmışam: «Artıq xeyli vaxtdır ki, biz şəhid ailələri olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramından yararlanırıq. Məsələn mənim avadanlığım yox idi. Məşğulluq mərkəzinə müraciət etdim. Şəhid ailəsi olduğuma görə problemlərimi növbədənkənar həll etdilər. Əvvəlcə mənə peşə təlimi kursu keçdilər. Sonra bərbərlik peşəsi üçün lazım olan bütün avadanlıqlarla təmin etdilər. Hətta iş otağıma kondisoner də quraşdırdılar. İndi ailəmin dolanışığını normal şəkildə təmin edə bilirəm. Bizim üçün yaratdıqları şəraiitə görə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.»
İkinci Qarabağ müharibəsində məşhur «Mübariz» postunun komandiri olmuş və Suqovuşan uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Xəyal Aslanovun anası Nəzakət Aslanova isə məşğulluq proqramı vasitəsilə Tərtər rayonunda iribuynuzlu heyvandarlıq sahəsi üzrə öz təsərrüfatını yaratdığını bildirdi. Şəhid anası ailəsi adından dövlətin onlara göstərdiyi qayğıya görə razılığını belə ifadə etdi: «Müharibədən sonra mən şəhid ailəsi kimi Məşğulluq mərkəzinə müraciət etdim. Bizim ailəyə 3 baş heyvanla bərabər onların yemini də verdilər. Hazırda inəklərimiz süd verir. Hər inəkdən 10 litr süd sağırıq. Sağ olsun ölkəmizin başçısı bizə hərtərəfli qayğı və diqqət göstərir. İndi biz heyvanların südündən də, qatığından da istifadə etməklə bərabər, həm də satıb ehtiyaclarımızı ödəyirik.»
Vətən müharibəsi qazisi Ceyhun Quliyev də bizimlə söhbətində bildirdi ki, mənə öz istəyim əsasında avtotəmizləmə sahəsi üzrə avadanlıqlar təqdim edilib: «Müharibədən sonra Məşğulluq mərkəzinə müraciət etdim. Sağ olsunlar, gəlib baxış keçirərək lazımi avadanlıqlarla- təzyiq və kimyəvi təmizləmə aparatları ilə, həmçinin tozsoranla təmin etdilər. Hətta bu avadanlıqları gətirib quraşdıraraq işlək vəziyyətə gətirdilər. Çox şükür artıq ailəmin dolanışığını özüm təmin edə bilirəm.»

