Region Xəbərləri 

Sabirabadda suvarma mövsümünə hazırlıq işləri görülür

Sabirabad Suvarma Sistemləri İdarəsi tərəfindən mövcud su qıtlığı dövründə su itkisinin qarşını almaq və suvarma suyunu istifadəçilərə çatdırmaq üçün torpaq kanalların beton kanallarla əvəz edilməsi istiqamətində xeyli iş görülüb. Bu istiqamətdə həm ötən il, həm də bu il bir neçə layihə icra olunub. Bu işlər gələcəkdə də davam etdiriləcək.

Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Dilqəm Şərifov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, hazırda Sabirabad rayonunda əkin sahələrinin suvarılması aparılır. 67210 hektardan artıq suvarılan əkin sahəsinə xidmət edən idarə fermerlərin suya olan tələbatını vaxtında təmin etmək üçün müvafiq tədbirlər görür. Hazırda əkin suvarma mövsümü olmasını nəzərə alan melioratorlar tarlalara vaxtında su verilməsinə çalışır. Artıq idarənin balansında olan 40 min hektardan çox əkin sahəsinin suvarılması təmin edilib. Bura həm taxıl, həm də yonca sahələri daxildir. Eləcə də pambıq və bostan bitkilərinin əkiləcəyi sahələrin də arat olunması vaxtında təmin olunur.

Sabirabad rayonunda əsas su mənbələrindən birincisi Kür çayıdır. Kür çayından sahələrə su mexaniki üsulla ötürülür. Hazırda Kürdə suyun səviyyəsinin aşağı olması nəzərə alınaraq əlavə suötürücü nasos stansiyaları quraşdırılır. Həmin nasos stansiyaları vasitəsilə əkin sahələrinin su təminatı daha da yaxşılaşdırılacaq.

Qeyd edək ki, Sabirabad Suvarma Sistemləri İdarəsinin balansında 2310 kilometrdən artıq uzunluqda suvarma kanalı, 3045 kilometr uzunluğunda kollektor-drenaj şəbəkəsi mövcuddur. 2021-ci ildə idarə tərəfindən 1161 kilometr suvarma kanalı, 434 kilometr kollektor-drenaj şəbəkəsi lildən təmizlənilib.

Daha çox xəbərlər