Vaşinqton, səhvlərin nə vaxta qədər davam edəcək?
ABŞ-ın səhv yürüdülən siyasəti illərlə dəyişmir. Amerika uzun illər ərzində həm ərəb ölkələrinə, həm də Türkiyəyə qarşı strateji səhvlər buraxır. Bir çox ölkələrin müstəqil siyasəti “Sem dayı”nın ürəyincə deyil. Ona görə də ABŞ müstəqil siyasətlə qarşılaşanda, sanksiya yolunu seçir. Bircə onu qeyd edim ki, keçən ildə ABŞ Rusiyadan S-400 zenit sistemlərini aldığına görə Türkiyəyə qarşı sanksiyalar tətbiq etmişdi. Bundan sonra Vaşinqton Türkiyəni F-35 istehsalı layihəsindən çıxardı. Ankara öz növbəsində proqramdan kənarlaşdırılmasının ədalətsiz olduğunu bildirmişdi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə ABŞ-ın yeni prezidenti Co Baydenin dövründə müsbət irəliləyişlərə ümid etdiyini bildirmişdi. Amma buna baxmayaraq, vəziyyət dəyişmir ki, dəyişmir.
ABŞ-ın ikiüzlü siyasətinin parlaq nümunəsi Ermənistandır. Amerika Rusiyanın tərəfdarlarına təzyiq edir, amma növbə Ermənistana çatanda, qəribə susqunluq yaranır. Buyurun, yeni misal. Ermənistanda dünən keçirilən aksiyada 1 nəfər ölüb, 180 nəfər saxlanılıb. Kimsə ABŞ-ın buna reaksiyasını eşidib, oxuyub? Əksinə, ABŞ Ermənistana böyük dəstək göstərir. Erməni rəsmiləri ilə ABŞ nümayəndərinin görüşləri təşkil olunur, ABŞ-a səfərləri təşkil edilir, Ermənistan Demokratiya Sammitində iştirak edir və s. Azərbaycan üçün isə belə dəstək nümayiş olunmur, nə səfərlər var, nə də dəvətlər. Ermənistan ABŞ-ın düşməni olan İranla əməkdaşlığı gücləndirdi, Amerika susdu. Amma Azərbaycanın İranla bağlı əməkaşlıq planları ABŞ-ı qıcıqlandırır, okeanın o tayından dərhal təzyiq açıqlamaları səslənir.
Ukrayna məsələsində ABŞ-ın ikiüzlülüyü daha aydın görünür. Ermənistan Ukraynaya qarşı fəaliyyət göstərir, ABŞ susur. Rusiyadakı ermənilər, simonyanlar və s. Ukraynaya qarşı açıqlamalar səsləndirir, ABŞ yenə də müdrikcə susur. Nə vaxta qədər?

