Şəhid ailələrinə və qazilərə xidmətdə əsas meyarlar: humanizm, ədalət və vicdan
Prezident İlham Əliyevin sosial siyasətində mühüm məsələlərdən biri də şəhid ailələrinin və müharibə əlillərinin rifah halını yüksəltmək, onların sosial problemlərinin həllinə nail olmaqdır. Xüsusilə onların mənzil-məişət şəraitləri hər il davamlı olaraq yaxşılaşdırılır. Belə ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən ötən dövrdə ümumilikdə 12500-dən çox şəhid ailəsinə və müharibə əlillərinə mənzil və ya fərdi ev verilib. 2021-ci ildə isə bu kateqoriyadan olan insanlara 3 min mənzil verilib ki, bu da ötən ildəkilərdən xeyli çoxdur. Ölkə başçısının 2021-ci il 25 yanvar tarixli Sərəncamı ilə bu insanlara 2021-2025-ci illərdə daha 11 min mənzil və ya fərdi evin verilməsi nəzərdə tutulub. Ötən dövrlərdə 7400 müharibə əlili avtomobillə təmin edilib. İkinci Qarabağ müharibəsindən sonra isə 200 müharibə əlilinə avtomobil verilib.
Bu gün Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilir. Məhz müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar. Şəhid ailə üzvlərinə dövlət tərəfindən müəyyənləşdirilmiş pensiya və müavinətlərin ödənilməsi vaxtı-vaxtında təmin edilir. Həmçinin həlak olmuş hərbi qulluqçuların ailələrinə 11 min manat birdəfəlik sığorta ödənişinin verilməsi, yas mərasiminin təşkili üçün həlak olmuş şəxsin valideynlərinə 3000 manat məbləğində maliyyə yardımının ödənilməsi, aylıq olaraq şəhid ailəsinə 500 manat Prezident təqaüdünün verilməsi, şəhid uşaqlarının təhsil haqqını ödəməkdən azad olunması kimi humanist tədbirlərin həyata keçirilməsi şəhid ailələrinə dövlət qayğısının bariz nümunəsidir.
Bundan başqa, Azərbaycan dövləti müharibə əlillərinə də yüksək səviyyədə qayğı və diqqət göstərir. Belə ki, əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara əlillik dərəcəsinə uyğun birdəfəlik 8 800, 6 600 və 4 400 manat sığorta ödənişi həyata keçirilir. Əlillik dərəcəsinə uyğun 250, 230 və 210 manat məbləğində, birinci dərəcə əlilliyi müəyyən edilmiş şəxslərə qulluq edənlərə isə 50 manat məbləğində Prezident təqaüdü ödənilir. Əlilliyi müəyyən edilmiş şəxslər ölkə hüdudları daxilində pulsuz sanatoriya-kurort müalicəsi ilə təmin edilirlər. Həmçinin şəhid ailələrinin üzvləri və müharibə veteranlarının aktiv məşğulluq tədbirləri çərçivəsində son 1 ildə 48 minədək insan işlə təmin olunub, 8 min nəfər özünüməşğulluq proqramına, 56 mindən çox insan isə ictimai işlərə cəlb olunub. Postmüharibə dövründə 24 min şəxsə 33 min xidmət göstərilib.
Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 8-də imzaladığı Fərmanla yaradılan «YAŞAT» Fondu da müharibə əlillərinə və şəhid ailələrinə önəmli maliyyə dəstəyi göstərir. Fondun vəsaiti Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Bu da gerçəklikdir ki, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə əlillərinə göstərdiyi yüksək diqqət və qayğı bir çox ölkələrdə nümunə göstərilir. Məhz bu amili diqqətə çatdıran Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda bu sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır: « Mən ölkəmizi hansısa bir başqa ölkə ilə müqayisə etmək istəmirəm. Ancaq həyat və gördüyümüz işlər onu göstərir ki, bu sahədə Azərbaycanda aparılan siyasət ən humanist siyasətdir, ən ədalətli siyasətdir və vicdanlı siyasətdir. Çünki Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır və biz bunu bu gün əyani şəkildə görürük. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və biz bunu təmin edirik. Onu da bildirməliyəm ki, bizdə bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq mən elə bir ölkə tanımıram ki, müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilsin. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Amma baxın görün, orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil verilir? Yox. Avtomobil verilir? Yox. Bir daxma da verilmir. Yəni, bu onu göstərir ki, bizim bu sahədəki siyasət, sözün əsl mənasında, milli siyasətdir. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Ən həssas kateqoriyadan olan vətəndaşlar, ilk növbədə, dövlət tərəfindən qayğı ilə əhatə olunmalıdır.»

