Cəmiyyət 

Vətən üçün yaşayanlar ölmürlər

İkinci Qarabağ müharibəsində Vətən, torpaq uğrunda canından keçən igidlərdən biri də Səxavət Qüdrət oğlu Səttarov idi. O, Astara rayonunun Artupa kəndində dünyaya göz açmışdı. Müqəddəs bir yolda şəhid olaraq əbədiyyət dünyasına qovuşanda Səxavət ömrünün 19-cu ilini yaşayırdı. Həyatı dərk edən gündən ən dəyərli varlıq Vətən idi onun üçün və uğrunda da fəda oldu. Elinə başucalığı gətirməklə, özünə də milyonların ürəyində əzəmətli bir abidə ucaltdı. İndi Vətən sevdalısı cismən aramızda olmasa da, harada bir günəş müqəddəsliyi var, Səxavətin sorağı oradan gəlir. Bəli, o, millətin ürəyinə elə bir qəhrəmanlıq toxumu səpib ki, ucalıqda, yüksəklikdə saxlamaqla hamı onunla fəxr edir, qərinələr keçəcək, gələcək nəsildə onu özünə örnək biləcəkdir.

Ürəyi Vətən eşqi ilə döyünən, onun yolunda ölməzliyə qovuşan Səxavət Səttarov müharibə meydanında göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda “ medalına layiq görülübdür.

Astaranın qəhrəman oğlu yaşasaydı, 23 yaşını qeyd edəcəkdi. Şəhidlik zirvəsindən gələcəyə boylanan Səxavətin doğum gününə çoxlu adam gəlmişdi. El-obanın and yerinə dönən məzarını ziyarət edib, ətrafına təzə gül-çiçək dəstələri düzdülər. Qəhrəman haqqında söz düşəndə hamı bir ağızdan bildirdi ki, Səxavətin adı bizə əzizdir. Vətəni, xalqı üçün yaşamaq onun həyat amalı dönmüşdü. Məhz buna görə də bizim xoşbəxt gələcəyimiz naminə sinəsini Vətənə tuşlanan gülləyə sipər etməyi bacardı.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Daha çox xəbərlər