Gündəm 

Ali mərhəmət, davamlı diqqət və hərtərəfli qayğı

 

Postmüharibə dövrünün sosial dəstək tədbirləri bu xeyirxah məqsədlərə xidmət edir

 

İkinci Qarabağ müharibəsinə qədər olduğu kimi, postmünaqişə dövründə əsas prioritet vətəndaşlara, ələlxüsus torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə dövlət qayğısının göstərilməsidir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların qarşılaşdıqları çətinliklərin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

 

2021-ci ilin əvvəlindən şəhid ailələri və müharibə əlillərinin, Milli Qəhrəmanların təqaüdləri, 2022-ci ilin əvvəlindən müavinətlər, o cümlədən əlilliyə görə müavinətlər orta hesabla 60 faiz artırılıb. Postmüharibə dövründə Vətən Müharibəsi Qəhrəmanlarına Prezidentin təqaüdü (2000 manat), Vətən müharibəsinin veteranlarına Prezidentin təqaüdü (80 manat) təsis olunub. Postmüharibə dövründə şəhid ailələri və qazilərlə bağlı icra olunan sosial dəstək paketi artıq 100 min şəxsi əhatə edib, onlara 190 min xidmət göstərilib. Həmin şəxslərdən 93 min şəxsə proaktiv qaydada 104 min sosial ödəniş təyin olunub. Müalicə müddəti başa çatan qazilərdən artıq 3 min şəxsə əlillik dərəcələri və avtomatik şəkildə sosial ödənişlər təyin edilib. Postmüharibə dövründə 7 979 şəhid ailəsi üzvünə 15 943, 3 000 müharibə əlilinə 5 900, 81 856 müharibə veteranına 81 856 sosial ödəniş həyata keçirilib.

 

Qazilər və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, Prezidentin 8 dekabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib.

 

Ötən il yanvarın 1-dən şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında ötən il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin  kateqoriyadan olan ailələr daim diqqətdə saxlanılır. Həmin ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir.

 

Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq  44 günlük  Vətən müharibəsində iştirak edən şəxslərə “Müharibə veteranı” adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.

 

3500 şəhid ailəsi və müharibə əlilləri mənzil və fərdi evlərlə təmin edilib

 

Prezident İlham Əliyevin tapşırığına əsasən, şəhid ailələri və müharibə əlillərinin mənzil təminatı proqramı 2021-ci ildə 5 dəfə genişlənib və keçən il 3 min mənzilin bu kateqoriyalardan olan şəxslərə verilməsi proqramı icra olunub. Ümumilikdə isə indiyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 12500-dən çox şəhid ailəsi və müharibə əlilinə mənzil və ya fərdi ev verilib. Şəhid ailələrinə və müharibə əlillərinə mənzillərin və fərdi evlərin verilməsi 2022-ci ildə də intensiv şəkildə davam etdirilir. Cari ilin əvvəlindən bəri sosial cəhətdən həssas qruplardan olan ailələrə 500-dən çox mənzil verilib. 2022-ci ilin sonunadək isə ümumilikdə 1500 mənzil və fərdi evin müvafiq kateqoriyadan olan ailələrə və qazilərə verilməsi nəzərdə tutulub. Respublikamızda müharibə əlillərinin avtomobillə təmin olunması da ənənə halını alıb. Son 4 ildə də 1450-dək, ümumilikdə ötən dövrdə 7400 müharibə əlili avtomobillə təmin edilib. Cari ilin əvvəlindən bəri müharibə əlillərinə 50, 44 günlük Vətən müharibəsindən sonra isə ümumilikdə 200 avtomobil verilib.

 

Sosial reabilitasiya tədbirləri

 

Sosial-psixoloji dəstək və reabilitasiya xidmətləri çərçivəsində 9,1 min nəfərə 27 min xidmət göstərilib. Postmüharibə dövründə 2954 ailənin 5 000 üzvünə psixoloji dəstək göstərilib, ödənişsiz dərman verilib. Bundan əlavə, Reabilitasiya müəssisələrində 2 min 500 qaziyə xidmətlər göstərilib. Vətən müharibəsində yaralanaraq əzalarını itirmiş 200 hərbçi, ümumilikdə 300 müharibə əlili yüksək texnologiyalı müasir protezlə təmin edilib. 1419 müharibə əlilinə 19 333 reabilitasiya vasitəsi verilib və s. Postmüharibə dövründə 450-dən çox şəhid ailəsi və müharibə əlilinə sanatoriya-kurort və müalicə mərkəzlərinə yollayış verilib, 41 nəfər müharibə əlili peşə reabilitasiyasına cəlb olunub, 60 qazi üçün motivasiya düşərgələri təşkil olunub. Postmüharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub.

 

12 mindən çox şəhid ailəsi və qazi aktiv məşğulluğa cəlb olunub

 

Vətən müharibəsindən sonra 12,1 min şəhid ailəsi və qazi aktiv məşğulluq proqramlarına cəlb edilib. Onlardan 7,8 min nəfəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün kiçik ailə təsərrüfatları, kiçik biznes sahələri yaradılıb. Nazirlik tərəfindən 2021-ci ildə başladılan, şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədi daşıyan  “Məşğulluq marafonu” çərçivəsində 643 işəgötürənin təqdim etdiyi vakansiyalar üzrə 2 366 şəxs işlə təmin olunub. Onlardan 1 973 nəfəri qazi, qalanları şəhid ailələrinin üzvləridir. Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçılarının əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnməsi də əsas hədəflərdən biridir. Bu ilin 5 ayında peşə hazırlığına 1 542 vətəndaş cəlb olunub ki, onlardan bir hissəsi də şəhid ailəsi üzvləri və Vətən müharibəsi iştirakçılarıdır.

 

Əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqinə başlanacaq

 

Respublikamızda müvafiq qurumlar tərəfindən qazilərin əlilliyinin operativ qaydada qiymətləndirilməsi həyata keçirilir. Ümumilikdə, son 3 ildə 160 mindən çox əlillik təyinatı həyata keçirilib. 2021-ci il və cari il ərzində 91 min şəxsə əlillik təyin edilib. Təkcə bu ilin 5 ayında əvvəlki illərin müvafiq dövrləri ilə müqayisədə 2-3 dəfə çox – 30 min şəxsə əlillik təyin edilib.

 

2022-ci il iyulun 1-dən etibarən əlilliyin qiymətləndirilməsində yeni meyarların tətbiqinə başlanılacaq. Bunadək ölkəmizdə əlillik  3 dərəcə üzrə məhdud çərçivədə müəyyənləşdirilirdi. Yeni qaydalara uyğun olaraq, qazilərimizin əlilliyi orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Başqa sözlə desək, yeni qaydalar əlilliyin müəyyənləşdirilməsində daha çox sayda kriteriyaların əsas götürülməsinə imkan verəcək. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramovun sözlərinə görə, bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 mühüm kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək.

 

Bu gün bütün dövlət qurumları və ictimai təşkilatlar şəhid ailələrini, döyüşlərdə yaralananları və müharibə iştirakçılarını daim diqqətdə saxlayır, mütəmadi olaraq onlarla görüşlər keçirir, mövcud problemlərinin həllində köməklik göstərilməsi məqsədilə tədbirlər görür.

 

Bir sözlə, bu gün  ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Şəhid ailələrinin, müharibə əlillərinin, veteranlarının sosial ehtiyaclarının dövlət tərəfindən ödənilməsi, həmçinin Vətən uğrunda öz canından keçmiş şəhidlərin və Qarabağ müharibəsi əlillərinin övladlarının təhsil haqqın­dan azad edilməsi, eyni zamanda, bu insanların mənzil və avtomobillərlə təmin olunması da təqdirəlayiqdir. Göründüyü kimi,  dövlətin bu təbəqəyə göstərdiyi qayğı göz önündədir və ilbəil artmaqdadır. Bütün bunlar bir daha təsdiq edir ki, Azərbaycan şəhid ailələrinə və qazilərə göstərilən diqqətə görə dünya miqyasında nümunə sayıla biləcək ölkələrdəndir.

 

 

Daha çox xəbərlər