Cəbhədən Xəbər 

Ədalətin və milli ləyaqətin bərpası

 

Qırx dörd günlük Vətən müharibəsində Azərbaycan Ordusu canı-qanı bahasına Ermənistan silahlı qüvvələrinin məğlubedilməzliyi barədə illərdir formalaşdırılmış mifi dağıtdı, bütün qüvvələri xalqımızın iradəsi ilə hesablaşmağa vadar etdi. Qarabağ işğaldan azad edildi. Azərbaycanın ərazi bütövlüyü bərpa olundu, işğalçı ölkə kapitulyasiya aktını imzalamağa məcbur oldu. Azərbaycan Ordusu Vətən müharibəsində tarixi Zəfərlə bir daha Cənubi Qafqazın ən güclü ordusu kimi sülhün və təhlükəsizliyin əsas təminatçısı olduğunu göstərdi.

 

Xalq-iqtidar-ordu birliyi əsasında qazanılmış şanlı tarixi Zəfərimiz nəticəsində hazırda erməni faşistlərindən təmizlənmiş ərazilərimizdə Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Rəşadətli Azərbaycan Ordusunun 2020-ci il sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Şuşa şəhəri, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəkliyi, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəkləri və daha 5 adsız yüksəklik azad olunub.

 

Bu gün bütün dünya birmənalı qəbul edir ki, Azərbaycan İkinci Qarabağ savaşında XXI əsrin müharibəsini aparıb. İndi dünyanın ən güclü orduları Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsindəki döyüş təcrübəsini öyrənirlər.  Hazırda Azərbaycan Ordusu dünyanın 50 ən güclü ordusu sırasında yer tutur.

 

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayında çıxışı zamanı bildirib ki,  Azərbaycan bu müharibəni ləyaqətlə aparıb: “Biz müharibəni də ləyaqətlə aparmışıq, postmüharibə dövründə də özümüzü ləyaqətlə aparırıq və postmünaqişə dövrünün nəticələri haqqında danışmaq olar. Bizim 44 gün ərzində əldə etdiyimiz qələbəmiz bir çoxları üçün gözlənilməz idi. Hərbi ekspertlər, siyasətçilər, bu məsələ ilə məşğul olan müxtəlif təşkilatların nümayəndələri həmişə bizə deyirdilər ki, bu müharibəni Azərbaycan uda bilməz. Çünki Ermənistan 30 il ərzində işğal edilmiş ərazilərdə istehkamlar qurmuşdu, müdafiə xətləri qurmuşdu, eyni zamanda Qarabağın təbii relyefi elədir ki, torpaqları azad etmək çətin olacaq, çoxlu itkilər olacaq. Ancaq nəticədə bütün bu fərziyyələr demək olar ki, etibarsız oldu”.

 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin əmri ilə qəhrəman Azərbaycan Ordusunun bütün cəbhə boyu əks-hücum əməliyyatlarında qazandığı uğurlar, torpaqlarımızın düşmən işğalından azad edilməsi Silahlı Qüvvələrimizin, dövlətimizin gücünü, qüdrətini bir daha nümayiş etdirdi. Bu döyüşlər Azərbaycan əsgərinin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək qələbə əzmini, vətənpərvərliyini, milli birliyimizi, həmrəyliyimizi, Azərbaycanın heç vaxt işğalla barışmayacağını, nəyin bahasına olursa-olsun ərazi bütövlüyünü bərpa etmək əzmində olduğunu bir daha təsdiq etdi. Şanlı ordumuz öz gücü ilə tarixi ədaləti bərpa etməyə, cəzasızlıqdan quduran işğalçı, Azərbaycanın sülh çağırışlarını saymazyana şəkildə rədd edən terrorçu Ermənistanı diz çökdürməyə qadir olduğunu bütün dünyaya sübut etdi. Bütün dünya Ali Baş Komandanın başçılığı ilə ordumuzun işğala söykənən status-kvonu dəyişdirdiyinə şahid oldu.  Hamıya aydın oldu ki, Azərbaycan xalqının yenilməz iradəsi qarşısında heç bir qüvvə tab gətirə bilməz. 44 gün ərzində Azərbaycan öz ərazi bütövlüyümüzü bərpa etdi. 30 illik torpaq nisgilinə, həsrətinə son qoyuldu. Mənfur düşməni torpağımızdan qovdu, milli ləyaqəti və tarixi ədaləti bərpa etdi, erməni faşizminin başını əzdi.

 

İndi Qarabağ və Şərqi Zəngəzur sürətlə bərpa olunur və işğaldan azad edilmiş ərazilərimizdə kompleks yenidənqurma işləri aparılır. Bu istiqamətdə qısa müddətdə əldə edilən uğurlar bir daha təsdiq edir ki, Qarabağ tezliklə öz əvvəlki şöhrətini özünə qaytaracaq və cənnətə çevriləcək.

 

Bəli, Azərbaycanın çoxəsrlik tarixinin ən şanlı səhifəsini təşkil edən qırx dörd günlük Vətən müharibəsi ölkəmizin başçısının dediyi kimi, milli iradə, milli ruh, milli ləyaqətin təntənəsi idi: “Müharibə qaçılmaz idi və ədalətin, beynəlxalq hüququn, Azərbaycan xalqının milli ləyaqətinin bərpası ilə nəticələndi. Biz indi sülh barəsində danışırıq. Düşünürəm ki, bu dünyada unikal hallardan biridir ki, bu qədər uzun bir qarşıdurmadan sonra qısa müddət ərzində ədaləti bərpa edən və təcavüzkarı məğlub edən ölkə sülh təklif edir. Əgər müharibələr tarixinə nəzər salsanız, bu cür mənzərəyə çox da rast gələ bilməzsiniz”,

 

 

Daha çox xəbərlər