Cəmiyyət 

Narkotikdən qorunmağın ən optimal yolu: Bunu hər kəs bilirmi?

Müasir dövrümüzün ən ağrılı və acınacaqlı bəlalarından biri də narkomaniyadır. Digər adı ilə də “ağ ölüm” kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı ildən-ilə artmaqdadır. Narkomaniya dinindən, dilindən, irqindən, sosial vəziyyətindən asılı olmayaraq, hamı üçün eyni dərəcədə təhlükəlidir. Hal-hazırda Yer kürəsinin 250 milyondan çox sakini planetimizin ən qlobal problemlərindən birinə çevrilən “ağ ölüm”ün əsrinə çevrilmişdir. Bu statistikanın 47 milyon nəfəri Latın Amerikası ölkələrinin payına düşür. Təkcə Meksikada narkomaniyanın bəlasına düçar olmuş insanların sayı 1 milyon 200 min nəfəri ötmüşdür. Avropa Birliyi ölkələrinə gəldikdə isə orada 750 minə yaxın insan narkotik maddə istifadəçisidir. MDB və Asiya ölkələrində isə bu göstərici 26 milyondan çoxdur. Lakin onu da qeyd edək ki, ekspertlərin fikrincə, bu rəqəm tam real gerçəkliyi əks etdirmir. Çünki narkomanların heç də hamısı qeydiyyata düşmür.

Narkomanlıq insanı ruhi cəhətlə yanaşı, fiziki cəhətdən də şikəst edir. Tibbi araşdırmalara görə, narkotik maddələr ilk növbədə orqanizmin immunitet səviyyəsini aşağı salaraq ürək-damar sisteminə, qara ciyər və böyrək kimi daxili orqanların ciddi zədələnməsinə yol açır. Sonda ölüm halı baş verir. Erkən yaşdan narkotik qəbul edən şəxslərin ömrü isə 35-40 il arası təşkil edir.

Mütəxəssislər bildirirlər ki, narkotik maddə qəbulunun əsas səbəbləri bu maddələrə olan maraq, aşırı stress, kənar təzyiqlər və digər psixi asılılıqlardır.

Narkotik maddələrdən istifadə edən gənclərin valideynləri əksər hallarda lazımi qədər sevgi, diqqət, qayğı, nəzarət və ailədaxili qaydaları olmayan ana-atalardır. Bəzi ailələrin isə basqın xarakterli, avtoritar olduğu müəyyən edilmişdir. Boşanmış, ayrı yaşayan, valideynlərdən birinin itirildiyi ailədən olan uşaqlar arasında bu cür maddələrin istifadəsi daha çox yayılmışdır. Ana-atanın düzgün nümunə və model olmaması da vacib amildir. Problemlər qarşısında aciz qalan, yeni üsul və yollar axtarmayan, bu cür maddələr haqda yaxşı fikirdə olan ailələrin uşaqları risk qrupuna daxildir.  Ailə daxilində yeniyetmənin problemlərini bölüşə biləcəyi insanın olmaması da problem yaradır.

Həddindən artıq qoruyuculuq və nəzarətin olduğu ailənin uşaqlarında da narkotik maddəyə meyillilik müşahidə edilmişdir. Övladlarına qulaq asmayan, onları başa düşməyən, öz dəyərlərini davamlı olaraq təlqin edən, uşağın şəxsi dəyərlərinin formalaşmasına imkan verməyən valideynlər gələcəkdə uşaqları ilə problemlər yaşayırlar.

Spirtli içki və narkotik maddə istifadəsi kişilərdə qadınlara nisbətən daha çox təsadüf edilir. Bunun səbəbi deviant davranışın kişilərdə daha çox müşahidə edilməsi ola bilər. Deviant davranış davranış pozuntuları, qorxusuzluq, digər insanlarla hesablaşmamaq kimi dəyərləndirilir.

Psixoaktiv maddələrdən asılılığı olan insanlardan danışarkən “yetkinləşməyən”, “nəfsinin qurbanı olan”, “özünə inamı olmayan və özünü olduğu kimi qəbul edə bilməyənlər”, “üsyankar”, “insanlarla münasibət qurmaqda çətinlik çəkən” və s. ifadələr işlədilir.  Psixoanalizə görə, psixoaktiv maddələrdən istifadə bu cür maddələrin beyinə təsiri nəticəsində istədiyi vaxtda həzz almaq, bunun nəticəsində yetkinliyin məsuliyyət və çətinliklərindən qaçmaq istəyən şəxslər üçün “ən yaxşı yol və hədiyyədir”.

Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməyib. Doğrudur, bir sıra dünya ölkələri ilə müqayisədə Azərbaycanda narkotizm o qədər geniş yayılmasa da, mövcuddur və ciddi mübarizələrə rəğmən yenə də artmaqdadır.

Ölkəmizdə narkomaniya ilə mübarizə məqsədilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası yaradılıb, bu mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilib. Bu komissiya narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair hər il genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirir. İstər ali təhsil müəssisələrində, istərsə də otra məktəblərdə “Narkomaniyaya yox deyək!”, “Narkomaniya və digər zərərli vərdişlərə qarşı birgə mübarizə aparaq!” devizi ilə maarifləndirici tədbirlər təşkil olunur. Tədbirlərdə narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığı, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyi bildirilir.  Eyni zamanda narkotik asılılığın aradan qaldırılmasının çətin olmasına baxmayaraq, bunun mümkün olduğu və narkotiklərdən istifadə edənlərin erkən müraciəti müalicənin əksər hallarda uğurlu olması ilə müşahidə edildiyi xüsusi vurğulanır.

Narkotik asılılığı aradan qaldırmaq çətin olsa da, bu, mümkündür. Narkotiklərdən istifadə edənlərin erkən müraciəti çox hallarda uğurlu müalicə ilə nəticələnir. Narkotik istifadəçiləri (narkomanlar) çox vaxt qısa zamanda ailəsini, dostlarını, işini, əmlakını, sağlamlığını və həyatını itirmiş olurlar. Bu uçuruma sürüklənməyi saxlamaq hər bir gəncin öz əlindədir və bu işdə də onlar tək deyillər. Belə problemli gənclərə yardım etməyə hazır olan bir çox təşkilat və mütəxəssislər var.

Daha çox xəbərlər