Hərbi sənayedə yeni hədəf
Prezident İlham Əliyev: Biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Bunu hədəfləmişik və buna doğru gedəcəyik
Azərbaycanda ordu quruculuğu istiqamətində uzun illər həyata keçirilmiş kompleks tədbirlərə Silahlı Qüvvələrimizin müasir silah və hərbi texnika ilə yüksək səviyyədə təminatı da daxil olduğundan bu sahədə məqsədyönlü addımlar atılıb. Dünyanın nüfuzlu şirkətləri ilə danışıqların aparılması və ən yeni silah və texnikaların alınması istiqamətində görülən işlərlə yanaşı, milli müdafiə sənayesinin yaradılması, yerli istehsalın təşkili ilə isə Azərbaycan qısa müddətdə ordumuzun təminat və təchizatında istehsalçı ölkəyə çevrildi.
Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli Sərəncamı ilə Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin bazasında Müdafiə Sənayesi Nazirliyinin yaradılması bu sahədə ciddi nailiyyətlərin əldə edilməsini şərtləndirən çox mühüm addım oldu. Məhz sözügedən nazirliyin yaranmasından sonra Azərbaycanda çoxsaylı hərbi-sənaye kompleksi məhsullarının istehsalına və qısa müddət sonra bir sıra dünya ölkələrinə ixracına nail olundu. Belə ki, ilk növbədə, Silahlı Qüvvələrin atıcı silahlara, piyada və tank əleyhinə minalara, qumbaraatanlara, minaatanlara və digər müvafiq döyüş sursatlarına olan tələbatı nəzərə alınaraq müxtəlif çaplı tapança, avtomat, pulemyot, snayper tüfəngləri və patronların istehsalı mənimsənilməklə seriyalı istehsalına başlanıldı. Bunların böyük əksəriyyəti torpaqlarının 30 faizi erməni işğalında olan Azərbaycan üçün bir ilk idi və ordumuzun müdafiə xarakterli məhsullarla təminatının daxili istehsal hesabına təmin edilməsi baxımından müstəsna əhəmiyyət daşıyırdı. Silahlı Qüvvələrin sifarişlərinə uyğun olaraq yaxın məsafəli döyüş vasitələri, aidiyyəti döyüş və təlim atəş yığımları, minaaxtaranlar, eləcə də müxtəlif çaplı minaatanlar və onların atəş yığımlarının da Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsalı bu məhsulların idxalına olan tələbi minimuma endirmiş oldu.
Azərbaycanın iqtisadi imkanları ilbəil artdıqca güc strukturlarının müasir standartlar səviyyəsində və özündə yeni texnologiyaları cəmləşdirən müasir silah sistemləri ilə təchiz edilməsi, bununla yanaşı, XXI əsr müharibələrinin müqəddəratını həll edən kəşfiyyat və zərbə pilotsuz uçuş aparatlarının – pilotsuz silahlı və ya silahsız uçuş aparatlarının (PUA) yerli istehsalı sahəsində də mühüm addımlar atılıb. Bu məqsədlə Müdafiə Sənayesi Nazirliyinin qurum və müəssisələrində qısa müddət ərzində yenidənqurma işləri aparılması və bu istiqamətdə milli mütəxəssislərin hazırlığı yüksək texnologiyalı hərbi məhsulların daha da təkmilləşdirilməsinə şərait yaradıb. Hazırda PUA-ların, kəşfiyyat-patrul maşınlarının, döyüş modullarının, müxtəlif növ simulyasiya sistemlərinin işlənilməsi, ölkəmizin güc strukturlarının tələblərinə uyğun modernləşdirilməsi və seriyalı istehsalının təşkili ilə bağlı müvafiq tədbirlər davam etdirilir.
Təqdirəlayiq haldır ki, Türkiyə, İsrail, Cənubi Afrika, Rusiya, Serbiya, Pakistan və digər ölkələrin tanınmış şirkətləri ilə əməkdaşlıq çərçivəsində tətbiq edilmiş texnologiyalar üzrə Azərbaycanda 50-dən çox yeni istehsal sahəsi yaradılıb. Atıcı silahlar və onların patronlarının, tapança, avtomat, pulemyot və toplar üçün müxtəlif çaplı lülələrin, 122 və 125 millimetrlik tank və artilleriya topları üçün atəş yığımlarının istehsalı, qumbaraatan və minaatanların atəş yığımlarının doldurulma sahələri, optik cihazların, zirehli döyüş maşınlarının və s. hazırlanması bu yöndə görülmüş işlərin bariz göstəricisidir.
Bütün bunların nəticəsidir ki, 44 günlük Vətən müharibəsi zamanı ordumuzun arsenalında olan yerli silah növləri, çoxməqsədli, kəşfiyyat və zərbə PUA-ları, sirehli texnikalar döyüşdə özlərini ən yaxşı tərəfdən göstərə bildilər. Müdafiə Sənayesi Nazirliyi tərəfindən istehsal edilmiş müxtəlif kalibrli güllə və mərmilər, atıcı silahlar, snayper tüfəngləri, “Gürzə”, “Tufan” və digər zirehli maşınlar torpaqlarımızın azadlığı uğrunda gedən müharibədə zəfərimizə öz töhfələrini vermiş oldu. Qürurvericidir ki, bu gün Azərbaycanda ən müasir silahlar da daxil olmaqla 1000-dən çox adda hərbi təyinatlı məhsul istehsal edilir.
İkinci Qarabağ müharibəsindən keçən iki ildən artıq müddəti Azərbaycanda həm ordu quruculuğu, həm də müdafiə sənayesi məhsullarının istehsalı istiqamətində güclü inkişaf dövrü kimi də dəyərləndirmək olar. Çünki müharibənin nəticələrinin təhlil edilməsi sayəsində Silahlı Qüvvələrin tərkibində yeni birliklərin yaradılması və onların ən müasir silah-sursatla təmin edilməsi nəticəsində ordumuzun qüdrəti daha da artırılmış, müdafiə sənayesinin inkişafı prioritet istiqamət kimi diqqətdə saxlanılmışdır.
Yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ölkəmizdə milli hərbi sənayenin yeni dövrünün başladığını elan etdi. Bildirdi ki, bu, eyni zamanda, ixracyönümlü sənaye olacaq. Məqsəd təbii ki, ilk növbədə gündən-günə daha da güclənən ordumuzun tələbatını maksimum təmin etməkdir. Dövlətimizin başçısı bununla bağlı nəzərdə tutulan müəssisələrin bir neçəsinin artıq bu il istehsala başlayacağını qeyd etdi. Digər hədəf isə ixracla bağlıdır. Hazırda Azərbaycan 30-dan çox ölkəyə hərbi təyinatlı məhsullar satır. Ali Baş Komandan bu istiqamətdə qarşıya qoyulan məqsədləri də bəyan etdi: “Dünya silah bazarında boşluq yaranıb. Çünki Rusiya faktiki olaraq dünya silah bazarından çıxıb. İndi Rusiyanın hərbi sənayesi öz daxili tələbatı üçün işləyir. Amerika faktiki olaraq istehsal etdiyi hərbi təyinatlı məhsulları Ukraynaya yönəldib, Avropa ölkələri də həmçinin. Digər tanınmış oyunçular bu bazarı faktiki olaraq buraxıblar, yəni, bu bazar boş qalır. Amma buna böyük ehtiyac var. Ona görə biz bu bazarı doldurmalıyıq. Mən hesab edirəm ki, biz yüz milyonlarla dollar səviyyəsində hərbi təyinatlı məhsulların ixracatçısı ola bilərik. Yəni, hər halda, bunu biz hədəfləmişik və buna doğru gedəcəyik.”
Prezident İlham Əliyevin uğurlu siyasəti, əzmi və qətiyyəti sayəsində Azərbaycan qarşıya qoyulmuş bütün məqsədlər kimi bu hədəfinə də çatacaq. Müdafiə sənayesi sahəsində yeni dövrün başlanması, eyni zamanda dövlətimizin gücünün, qüdrətinin daha da artmasına təkan verəcək. Çünki hər şey Azərbaycan naminədir!

