“Bu gün ərzaq təhlükəsizliyinin ən vacib hissəsi təhlükəsiz qida təşkilidir”: İnam Kərimov
“Bu gün ərzaq təhlükəsizliyinin ən vacib hissəsi təhlükəsiz qida təşkilidir. Çünki bu gün təkcə ərzağın kəmiyyəti deyil, onun sağlamlığı ərzaq təhlükəsizliyinin əsas vəzifələrindən biridir”.
ARANTV.AZ-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı naziri İnam Kərimov 2-ci BakıBeynəlxalq Qida Təhlükəsizliyi Konfransında çıxışı zamanı deyib. Nazirin sözlərinə görə, dayanıqlı inkişaf mərhələsinə nail olmaq üçün qida təhlükəsizliyi bütün mərhələləri üzrə beynəlxalq əməkdaşlığın həyata keçirilməsi zəruridir:
“Qida Təhlükəsizliyi sisteminin inkişaf etdirilməsi sosial və iqtisadi inkişaf baxımından əhəmiyyət kəsb etdiyindən ölkəmizdə son illər sistemli şəkildə aparılan islahatlar iki mühüm məqsəd daşıyır .
Birincisi, cəmiyyətin rifahının yüksəldilməsi iıə bağlı dövlət siyasətinə uyğun olaraq əhalinin sağlam qidalanmasının təmin və təşviq edilməsi dövlətin ümdə vəzifələrindən biridir.
İkincisi, qida təhlükəsizliyi sisteminin təkmilləşdirilməsi hesabına həm də ölkəmizdə kənd təsərrüfatı və ərzaq sənayesi məhsullarının keyfiyyət göstəriciləri yüksələrək rəqabət qabiliyyəti təmin edilir”.
İnam Kərimov bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi ölkədə qida təhlükəsizliyi baxımından maraqlıdır:
“Fermerlərin istehsal etdikləri məhsulların müvafiq keyfiyyət standartlarına uyğunlaşdırımasının təmin edilməsi, onların daxili və xarici bazarlarda daha rəqabət qabiliyyətli olmaları hazırda aqrar sahəsinin əsas inkişaf məqsədlərindən biridir.
Qida zəncirinin ilkin istehsal mərhələsi olaraq müvafiq nəzarətin effektiv və tələb olunan normalara uyğun aparılması üçün hazırda Kənd Təsərrüfatı Nazirliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.
Nazir bildirib ki, təhlükəsiz və sağlam qidanın əldə olunmasında innovativ texnologiyaları tətbiqinə xüsusi önəm verilməlidir:
“Dövlət və özəl əməkdaşlıq əsasında qurulmalı olan sistem təkcə dövləti deyil, biznes dairələri və fermerlərin üzərinə böyük öhdəliklər qoyur”.
METBUAT.AZ

