İlham Əliyevin bircə əmri kifayətdir ki… – Aynur Camalqızı
“Qarabağ münaqişəsinin həlli hər bir azərbaycanlının arzusudur. Çox təəssüf ki, bu istiqamətdə həmsədrlərin səfərləri turistik xarakter daşımağa başlayıb”.
ARANTV.AZ xəbər verir ki, bu sözləri “Teleqraf Holdinq”in rəhbəri, əməkdar jurnalist, politoloq Aynur Camalqızı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin təşkilatçılığı ilə “Ermənistanın regional təhdidi” mövzusunda keçirilən beynəlxalq forumda çıxışı zamanı deyib.
İnsanların uzun illərdir ki, qaçqın və məcburi köçkün həyatı yaşadığını deyən politoloq sözlərinə belə davam edib: “Biz böyük dövlətlərin bu prosesə ədalətli yanaşmasını istəyirik. Ancaq təəssüf ki, haqq-ədalət təsəvvürü dəyişilib. Təbii ki, hər birimizi münaqişənin həlli yolları çox maraqlandırır. Forumun adından da göründüyü kimi, Ermənistan artıq təhdid rolunu oynayır. Mən düşünürəm, biz bu təhdidə qarşı adekvat davranmalıyıq. Artıq bunun nümunələri də var: Aprel savaşı və Naxçıvanda aparılan uğurlu hərbi əməliyyat…”
A.Camalqızı bildirib ki, Ali Baş Komandan İlham Əliyevin bircə əmri kifayətdir ki, xalqımız səfərbər olunsun və torpaqlarımızı işğaldan azad etsin:
“Ancaq bizim düşmənimiz təkcə Ermənistan deyil. Mayın 27-də keçirilən rəsmi qəbulda Prezident İlham Əliyevin də bildirdiyi kimi, biz də ürək ağrısı ilə qeyd edirik ki, daxildəki bəzi qüvvələrin düşmənlərə necə dəstək olmasının şahidiyik. Bugünlərdə UEFA Avropa Liqasının final oyunu ərəfəsində Azərbaycan informasiya müharibəsində öz sözünü dedi. Bizə qarşı atılan addımlar, daşlar nəticəsiz qaldı. Biz bilməliyik ki, Azərbaycana qarşı bu cür hücumlar gələcəkdə də olacaq. Biz də o qədər güclü olmalıyıq ki, bu dəfə olduğu kimi, növbəti informasiya hücumunda da qalib gələ bilək”.publika.az

