At və eşşəklər niyə yoxa çıxır?..
Bu bizneslə məşğul olanlar sağlamlığımıza balta çalırlar
Bakıda və rayon mərkəzlərində çoxları dönər alıb yemir, dönərxanaların yanından sifətlərini turşudaraq ikrah hissi ilə keçirlər. Niyə? Çünki elə düşünürlər ki, dönərlər mənşəyi bilinməyən murdar ətlərdən hazırlanır. Həmin məqamda yada qara eşşəklərin və qəhvəyi rəngli atların kəsilmiş başları, əl-ayaqları düşür. Axı, əvvəllər televiziyalarda belə iyrənc kadrları çox görmüşük.
Əgər belə deyilsə onda at və eşşəklərin sayı niyə sürətlə azalır? Bu suala Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə cavab verib: “Eşşək və atların azalmasının səbəbi onların ətinin əhaliyə satılması ilə bağlıdır.”
Əslində eşşəklərin “kirə çıxması” 1991-ci ildən başlayıb. O vaxtlar işbazlar kəndlərdən eşşəkləri ucuz qiymətə alıb İranla sərhədə aparır və iranlılara baha qiymətə “xırıd” edirdilər. Sonralar müstəqilliyimiz möhkəmləndi, sərhədlərdə nəzarət gücləndirildi və bununla da şıdırğı alverin qarşısı alındı. Ancaq bol gəlirdən şirniklənmiş asan qazanc dəllalları başqa yollar axtardılar və tapdılar.
Araşdırmalar göstərir ki, ölkəmizdə son bir il ərzində eşşəklərin və atların sayı kəskin azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin əvvəlində Azərbaycanda eşşəklərin sayı 20 mindən bir qədər çox olub. Bir il sonra bu rəqəm 14924-ə enib. Bu ilin əvvəlində isə eşşəklərin sayı 10174 baş olub. Beləliklə, keçən iki il ərzində ölkəmizdə 10 mindən artıq eşşək “yoxa çıxıb”. Ümumiyyətlə, son 20 ildə Azərbaycanda eşşəklərin sayı təxminən 3 dəfə azalıb.
Statistikaya görə, Bakı şəhərində cəmi 4 eşşək var. Sözügedən heyvanlar paytaxtın Sabunçu rayonu ərazisindədir. Bəs bu qədər eşşək necə “buxarlanıb”? Bu suala bir qədər sonra cavab verəcəyik. Hələlik xatırladaq ki, kənd rayonları arasında eşşəklərin sayının ən çox olduğu bölgələr Qazax-Tovuz (4116 baş), Lənkəran-Astara (2713 ) və Quba-Xaçmazdır (1812). İşğaldan azad edilən bölgələrə gəlincə, Cəbrayılda 9, Laçında 54, Zəngilanda 18, Ağdamda 173, Füzulidə 315, Xocavənddə isə cəmi 3 baş eşşək var.
Azərbaycanda atların da sayı azalıb. Dəvələrin sayında isə artım qeydə alınıb. Məlumata görə, 2022-ci ildə 56576 baş at olduğu halda bir il sonra 4 min başdan çox at yoxa çıxıb.
Bəs eşşəklərin və atların azalmasının səbəbi nədir?
Aidiyyəti qurumların mütəxəssisləri bildiriblər ki, eşşəklərin sayının azalması tələbatla bağlıdır. Belə ki, ölkəmizdə yüz illər boyu eşşəkdən yük və nəqliyyat vasitəsi kimi istifadə edilib. Ancaq indi bu heyvana tələbat demək olar ki, yoxdur. Kənd sakinləri deyirlər ki, eşşək saxlamaq onlara sərf etmir, çünki atdan fərqli olaraq eşşək daim qayğı və xərc tələb edir, soyuğa davamlı deyil, uzaq məsafələrə getmək üçün yaramır, üstəlik, özünü vəhşi heyvanlardan qoruya bilmir. Kəndliyə motosiklet almaq eşşək saxlamaqdan daha asan və ucuz başa gəlir. Nəhayət, eşşəyin satış qiyməti də çox aşağıdır. Ancaq vicdanını itirmiş bəzi dəllallar onları dönərxanalarda kəsərək bişirir və baha qiymətə satırlar. Bazarda 30-40 manata satılan bir eşşək dönərxanalarda 500-600 manat pul gətirir. Bu cür haram gəlir dəllalların ağzını sulandırır. Onlar kəndlərə gedərək eşşəkləri ucuz qiymətə alıb kəsir, ətini tədarük edərək Bakıya daşıyırlar. Yollarda nəzarət nə qədər güclü olsa da pul hərisləri yeni və ağlagəlməz yollar tapır, çirkin əməllərindən əl çəkmirlər.
Bu cür haram yollarla pul qazananların qarşısının alınması üçün polis və digər qurumlar müəyyən tədbirlər görürlər. Lakin ən mükəmməl tədbirlər görən Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsidir. İdarənin əməkdaşları at və eşşək həmçinin, murdar olmuş digər heyvan ətlərinin regionlardan daşınmasını müəyyən edərək günahkarları məsuliyyətə cəlb edirlər. Digər təşkilatlardan fərqli olaraq onlar ekspertiza keçirir, qaçaqmalçıları həbs edir, cinayət işi qaldırırlar.
Ölkədə at, eşşək və hətta it ətinin bu cür gizli satılmasına qanunla heç bir qadağa yoxdur. Bu mövzuda danışdığımız üçün yaddaşımızda qəribə bir hadisə canlandı…
1963-cü ildə SSRİ dövründə hazırlanmış bir təxribatçı sənəd vardı…Orada SSRİ respublikaları arasında yalnız Azərbaycanda eşşək ətinin yeyilməsi, satılması, qiyməti və s. göstərilirdi. Hamı bu məlumatdan heyrətlənirdi. Kimsənin bu barədə heç bir məlumatı yox idi. Sonradan məlum oldu ki, yalan informasiyaları ermənilər yayıblar, Azərbaycan xalqını başqa xalqlara barbar, eşşək əti yeyən xalq kimi tanıtmaq istəyiblər. Təbii ki, Azərbaycanda at və ya eşşək ətinin yeyilməsi ağ yalan idi. Sən demə, hayların bu “faktları” yaymaqdan məqsədləri gələcəkdə bizi “vəhşi”, “qəddar”adlandırmaq, bu yolla da ərazilərimizin işğalına, guya azərbaycanlıların onlarla pis rəftarına dair dəstəvuz əldə etməyi planlaşdırıblarmış. Unudublar ki, özləri XIX əsrin 30-cu illərində Azərbaycana eşşək karvanları ilə köçüb gəliblər və tövlələrimizdə eşşəklərlə birgə yaşayıblar.
Dediyimiz kimi, dövlətin bu ətlərin satılmasını və alınmasını qadağan edən heç bir qərarı yoxdur. Ona görə də istisna etmək olmaz ki, bu heyvanların ətlərini dönərxanalarda, restoranlarda, marketlərdə ətlərə qarışdıraraq alıcılara satırlar.
Müsəlmanlar at ətinə “məkruhdur” deyirlər. Yəni, yemək olar da, olmaz da. Ancaq özümüz özümüzə at, eşşək və donuz ətlərini yeməyi yasaq etmişik. Biz onları haram sayırıq. Belə ətlərin sağlamlıq nöqteyi-nəzərindən zərərli olduğunu bilirik. Həmin heyvanların ətləri yoluxucu xəstəliklər mənbəyidir. Yaxşı bişirilməsə insanlarda heyvan xəstəlikləri baş alıb gedər. Ona görə də ictimaiyyət bu məsələdə diqqətli olmalıdır. Əgər belə faktlar barədə məlumatı olarsa dərhal polis şöbələrinə, sanitariya-gigiyena və epidemioloji mərkəzlərə xəbər verməlidir. Çünki söhbət cəmiyyətimizin sağlamlığından gedir.
Nəyisə itirsək sonra taparıq, amma can sağlığımızı itirsək onu bir daha geri qaytara bilmərik. Ona görə də həm özümüzün, həm də cəmiyyətimizin sağlam olması üçün üzərimizə düşən nə vəzifə varsa onu yerinə yetirməliyik. Bunu bizdən həm öz taleyimiz, həm də böyütdüyümüz gələcək nəslin sağlamlığı tələb edir.

