Ağcabədi arıçıları yay balının süzümünü davam etdirirlər

ARANTV.AZ xəbər verir ki, Qarabağın Aran bölgəsində yay balının süzümü davam edir. Ölkənin digər rayonlarında olduğu kimi, Ağcabədi arıçıları da bəslədikləri arı ailələrindən mövsümün ikinci və sonuncu balını tədarük edirlər. Ekoloji saflığı, dadı və yüksək keyfiyyəti ilə hər yerdə tanınan Ağcabədi balı hazırda fermer təsərraftlarında, payızda isə paytaxtda təşkil olunan yarmarkalarda satışa çıxarılacaq.

Ağcabədili arıçı deyir ki, min bir dərdin dərmanı olan bal ildə iki dəfə süzlür. May balı və yay balı. İndi yay balının məhsulu toplanılır. 250 arı ailəsinin sahibi Rəfayət Musayev bu ağıllı və zəhmətkeş həşəratların sirrini də, dilini də yaxşı bilən arıçılardandır. 

Mövsümü bitkilərdən bolluca vitamin toplayan arıların məhsulunun dadı, ekaloji saflığı və keyfiyyəti də yüksək olur. Fermer hazırda bal süzümü ilə paralel olaraq, qışa hazırlıq prosessi və parazitlərə qarşı dərmanlama tədbirlərini də həyata keçirir. Bu sahədə illərin təcrübəsini qazanan Rəfayət Musayev arının təkcə balında deyil, müxtəlif növ digər məhsullarından da  faydalana bilir.

Yarmarkalarda təşkil olunan satış qiymətləri də  həm sahibkarın, həm də alıcının ürəyincədir. Belə ki, may balı 30 manata, yay balı 25, dağ balı isə 30-50 manata alıçılara təklif edilir. Digər tərəfdən burada satışa çıxarılan məhsulların keyfiyyəti də xüsusi nəzartədə saxlanılır. Gəlirli sahə olduğundan son illər rayonda arıçılığa maraq xeyli artıb. Belə ki, beş il əvvəl rayonda 180 arıçılıq təsərrüfatı mövcud idisə, hazırda 242 ailə bu işlə məşğul olur. Rayonda arı ailələrinin sayı da hər il artmaqdadır. Əgər 2015-ci ildə rayonda 2434 arı ailəsi var idisə, indi arı ailələrinin sayı 2881-ə çatıb.