Region Xəbərləri 

Silahlı Qüvvələrimizin modernləşdirilməsi əsasdır

Fəqət Şadlinskaya

YAP Bərdə rayon təşkilatının sədri

Döyüş bacarığı, hazırlığı, mübarizliyi ilə dünyanın hərb tarixinə yeni səhifə yazan Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyevin “Biz hərb istəmirik, amma hərbə hazırıq” tezisini reallığa çevirdi. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz 106 yaşını qeyd etməyə hazırlaşan rəşadətli ordumuzun keçdiyi inkişaf yolunu, hansı imkanlara malik olduğunu dünyaya nümayiş etdirdi.  Ümummilli Lider daim bu çağırışı da edirdi ki, sülh danışıqlarını cəsarətlə aparmaq üçün güclü, qüdrətli ordunun olması mütləqdir.

Azərbaycanın müstəqilliyinin bərpasının ilk illərindəki uğursuzluqlar ordu quruculuğu sahəsində də yaşandı və torpaqlarımızın işğalına səbəb oldu. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra  bütün sahələrin inkişafında yeni mərhələ başladı.  1994-cü il mayın 12-də Ermənistan-Azərbaycan hərbi münaqişəsində atəşkəs haqqında müqavilə imzalandıqdan sonra  Milli Ordumuzun  formalaşması daha da sürətləndi. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına və döyüş ruhunun yüksəldilməsinə xüsusi diqqət ayrıldı. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün – 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olundu və hər il bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.

Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək  mühüm addımlar atmışdı. Cəmşid Naxçıvanski adına hərbi lisey məhz həmin dövrdə Ümummilli Liderin gərgin səyləri nəticəsində yaradılmışdı. Hərbi kadrların yetişdirilməsi daim prioritet məsələ kimi öndə dayanıb. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, Azərbaycan ordusu beynəlxalq standartlara cavab verən, dünyanın ən güclü 50 ordusu sırasında qərarlaşıb. Onu da qeyd edək ki, Azərbaycanın NATO ilə sıx və səmərəli əməkdaşlığı ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə, Silahlı Qüvvələrimizin modernləşdirilməsinə, müasir standartlara uyğunlaşdırılmasına səbəb oldu. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin əvvəllərində Azərbaycan NATO-nun “Sülh naminə tərəfdaşlıq” proqramına, bu əməkdaşlığın davamı olaraq 1996-cı ildə “Planlaşdırma və analiz prosesi” proqramına, 2001-ci ildə isə “Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı”na qoşuldu. İl ərzində 2 mindən çox Azərbaycan hərbçisi NATO proqramlarında və digər ikitərəfli əməkdaşlıq proqramlarında iştirak edərək ən son hərbi yenilikləri mənimsədilər. Beynəlxalq sülhməramlı qüvvələrin tərkibində Kosovoda, Əfqanıstanda və İraqda zəngin təcrübə qazanan və öz standartlarını NATO standartlarına uyğunlaşdıran Azərbaycan Ordusu modern orduya çevrildi.

2003-cü ildən Heydər Əliyev siyasətini bütün istiqamətlərdə uğurla davam etdirən dövlət başçısı İlham Əliyev Silahlı Qüvvələrin modernləşdirilməsini dövlət siyasətinin strateji isiqamətlərindən biri kimi öndə saxlayır. Azərbaycan dövləti hər zaman ordumuzun gücünə, qüdrətinə arxalanaraq ən yüksək tribunalardan bəyan edirdi ki, işğal altında olan torpaqlarımızı nə yolla olusa-olsun azad edəcək, ərazi bütövlüyümüzü təmin edəcəyik. Sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunun seçiləcəyi  inkar edilmirdi.

2020-ci ildə yaşadığımız tarixi Zəfər Azərbaycan Ordusunun qəhrəmanlığını, şücaətini nümayiş etdirdi. Bu Zəfərə qədər Ordumuz 2016-cı il Aprel döyüşlərində, 2018-ci il Naxçıvan qələbələrində hansı imkanlara malik olduğunu işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə göstərmişdi. Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsinin hər gününü tarixə qələbə səhifəsi kimi yazan Azərbaycan Ordusu Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşanı işğaldan azad etməklə Ermənistanın kapitulyasiya aktını imzalanmasını şərtləndirdi. Azərbaycanın tarixi Qələbəsi dünyaya səs saldı. Şuşa əməliyyatı bir dastana çevrildi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medalları təsis edildi.  Həmin medal və ordenlərin təsis olunması qələbənin əbədiləşdirməsi və iştirakçılara  diqqətin təcəssümüdür. Həmçinin dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 44 günlük İkinci Qarabağ müharibəsinin başlandığı tarix- 27 sentyabr Anım Günü, Şuşanın işğaldan azad edildiyi 8 noyabr Zəfər Günü kimi təsis edildi. Atılan hər bir addım xalqımıza Zəfər sevincini yaşadan Vətən oğullarının qəhrəmanlıqlarının, şücaətinin  təbliğinə xidmət edir.

Azərbaycan xalqı dörd ildir ki, bayramlarını Qələbə ruhunda qeyd edir. Ötən ilin sentyabrında müstəqillik tariximizin daha bir Zəfər səhifəsi yazıldı. Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimiz tam bərpa edildi. Dövlət başçısı İlham Əliyevin böyük qürur hissi ilə qeyd etdiyi kimi, biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Yeni dövr uğurla başlayır, uğurla da davam edəcək.

Bu gün işğaldan azad edilmiş ərazilərimiz quruculuq meydanına çevrilib. Böyük Qayıdış Proqramı uğurla icra edilir. Soydaşlarımız mərhələ-mərhələ doğma yurd-yuvalarına qovuşur, bu ərazilərə yeni nəfəs verilir. Qalib Azərbaycanı qarşıda daha möhtəşəm uğurlar gözləyir.

Daha çox xəbərlər