Cəmiyyət 

Qızların təhsildən yayınmasının, erkən nikahların yaratdığı fəsadlar… PSİXOLOQ DETALLARI AÇIQLADI

Azərbaycanın təhsil sahəsində ciddi nailiyyətlər əldə edilməkdədir. Bu nailiyyətlər təhsil sahəsində həyata keçirilən çoxsaylı layihələr, dövlətin bu sahəyə yönəltdiyi diqqət nəticəsində mümkün olub. Artıq bir fakta çevrilib ki, ölkənin təhsil sahəsində əldə edilən uğurlar, gənclərin yüksək biliyə yiyələnmə göstəriciləri ildən-ilə artmaqdadır. Məhz təhsil sahəsində əldə edilən uğurların nəticəsində, Azərbaycan gənclərinin sorağı dünyanın ən aparıcı və nüfuzlu elm ocaqlarından gəlir. Artıq təkcə paytaxtda deyil, respublikaının ən ucqar dağ rayonlarında müasir standartlara cavab verən məktəblər fəaliyyət göstərir.

Bəzi rayon və kənd məktəblərində qızlar təhsildən niyə yayınır?

Təəssüf ki, bütün bunlara baxmayaraq, hələ də orta məktəblərimizdə bir sıra çatışmazlıqlar davam etməkdədir ki, bunlardan biri də təhsildən yayınan qızların hələ də olmasıdır. Burada məqam xüsusilə regionlarda yerləşən bəzi məktəblərdə qızların təhsildən yayınmasından gedir ki, artıq bu problemlər haqda mütəmadi məlumatlar cəmiyyətdə formalaşıb. Məlumat üçün qeyd edək ki, bəzi rayon və kənd məktəblərində qızların təhsilə davamiyyəti olduqca aşağı səviyyədədir. Həmin məktəblərdə qızlar ya ümumən dərsə getmir, ya da bəzi günlərdə məktəbdə olurlar. Təəccüblü orasıdır ki, bu prosesə müəllimlər də bəzən valideynlər qədər biganə yanaşırlar. Ola bilər ki, hansısa valideyin müxtəlif səbəblərdən qız uşağının ali savad almasında maraqlı görünməsin. Ancaq bütün hallarda müəllimlər şagirdlərin davamiyyətinə görə məsuliyyət daşımalıdır. Doğrudur, daha çox qız şagirdlərin üstünə fokuslansaq da , yeniyetmə oğlanların da təhsildən yayınma sayı heç də az deyil. Bir qayda olaraq həmin uşaqların valideynləri daha çox maddi imkansızlığı, uşaqlarının məktəbə gedib-gəlmək şəraitinin olmamasını bildirsələr də, aparılan araşdırmalar da sübut edir ki, xüsusilə qızların təhsildən yayınma səbəbləri sırasında onların erkən nikaha yönləndirilməsi üstünlük təşkil edir.

Erkən nikahın yaratdığı fəsadlar

Erkən nikahlar haqqında saysız-hesabsız fikirlər, təcrübələr söyləmək olar, amma bir psixoloq kimi onun psixoloji amillərini diqqətinizə çatdırmaq istəyirəm. Erkən nikahın yol açdığı fəsadları psixoloji aspektdən dəyərləndirərkən, bir çox halları nəzərə almaq lazımdır. Bu hallardan ən çox təsadüf edilənlər Obsessiv-Kompulsiv pozuntu əlamətləri, depressiya, təşviş pozuntuları və buna paralel baş verən panik ataklardır. Erkən nikahın səbəb olduğu Obsessiv-Kompulsiv pozuntunun meydana çıxmasına zəmin yaradan əsas səbəb tərəflərdən birinin cinsi akta hələ hazır olmaması və ya özünü bu aktın baş verməsi üçün hazır hiss etməməsidir. Həmçinin, nikahdan öncə eşitdiyi və inandığı bir sıra cinsi miflər də bu pozuntunun yaranmasına səbəb ola bilər. Onu da qeyd etmək olar ki, OKP iyrənmə nəticəsində də təzahür edir. Sözü gedən hallar adətən qadınlarda daha sıx müşahidə olunur. Bəzən erkən nikah zamanı tərəflərin bir-birlərini tanımağa kifayət qədər vaxtı olmur. Ailə üzvləri tərəflərə bir-birlərini kifayət qədər tanımağa şərait yaratmırlar. Bu da öz növbəsində gələcəkdə tərəflər arasında ünsiyyət azlığı, ailə daxili rolların düzgün mənimsənilməməsi, yeni mühitə adaptasiya ola bilməmək, konfliktli situasiyaların yaranması, şiddət, dolayı və ya birbaşa yönəlmiş verbal aqressiya və s. kimi neqativ hallara yol açır. Nəticə etibarı ilə tərəflərdən biri, bəzən isə hər ikisində depressiv əlamətlər təzahür edir.

Parlaq gələcək xəyalları qursa da…

Onu da qeyd etməliyik ki, oğlan və ya qız olmasından asılı olmayaraq təhsildən yayınan birini itirməklə təkcə onun gələcəyi məhv olmur, həm də cəmiyyətimiz, dövlətimiz təhsilli, bəlkə də gələcəyin peşəkar bir mütəxəssini itirir. O cümlədən, təhsilli bir insan qazanmaq imkanları məhdudlaşır. Xüsusilə burada qızlara ikiqat zərbə dəyir. Bir müddət öncə parlaq gələcək xəyalları quran bir qız, bir müddət sonra erkən nikahın qurbanı olur və gələcək xəyalları qaranlıqlara qərq olur. Təhsilsiz, öz haqlarını bilməyən bir qadın həyatının növbəti mərhələlərində bunun fəsadlarını yaşayır.

Müəllimlər və məktəb psixoloqlarının üzərinə mühüm yük düşür, amma…

Təbii ki, bu tip hadisələrə ilkin müdaxilə edilə biləcək dövr məktəbdən başlayır ki, burada da direktorlar, müəllimlər və məktəb psixoloqlarının üzərinə mühüm yük düşür. Odur ki, bu cür ehtimallara qarşı mütəmadi şagirdlər və onların valideynləri ilə ünsiyyətdə olmalı, nəsə hiss edərlərsə bu məsələnin həlli üçün müəyyən addımlar atmalı, şagirdlərə seçimlərində dəstək olmalı, onları fikirlərini qiymətləndirməli, şagirdləri gələcəkləri ilə bağlı düzgün istiqamətləndirmək üçün məsləhət verməkdən çəkinməməli, ehtiyac olarsa müvafiq qurumlardan dəstək almalıdırlar. O zaman şagirdlər də tək olmadıqlarının, təhsil müəssisəsinin, dövlətinin onun yanında olduğunu hiss edəcəkdir. Əlbəttə ki, bütün məsuliyyəti biz məktəbdə çalışanların üzərinə ata bilmərik. Vətəndaş olaraq həyata keçirilən proseslərə dəstək göstərməliyik. O cümlədən, burada aidiyatı qurumların fəaliyyətində vətəndaş cəmiyyətləri, kütləvi informasiya vasitələri, digər qurumlar aktiv şəkildə iştirak etməli, kompleks ölkə hüdudlarında maarifləndirici işlər görülməlidir.

Sevindirici haldır ki, dövlətimiz tərəfindən xüsusilə son illərdə bu cür görülən tədbirlər artıq müəyyən nəticələrini verməkdədir. Bir müddət öncə Milli Məclis tərəfindən qəbul edilmiş qohum evliliklərinin qadağan olunması və nikah yaşının artırılması ilə bağlı qanun da bu məsələdə mühüm rol oynayacaqdır. Bütün bunlara baxmayaraq, biz hər zaman bu məsələdə diqqətli olmalı və aktiv iştirak etməliyik. Yalnız belə olacağı təqdirdə, bu cür mənfi hadisələrin azalacağını və cəmiyyətimizin, dövlətimizin sağlam, təhsilli və intellektual səviyyədə formalaşmasını görə bilərik.

Təranə Paşayeva,
“Loqos” Psixoloji və Nitq Mərkəzinin rəhbəri
“Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri
Psixologiya üzrə fəlsəfə doktoru

Daha çox xəbərlər