Abşeronda körpənin ağzına siqaret qoyub şəklini paylaşdılar
Sosial şəbəkələrdə azyaşlının valideyni tərəfindən zərərli vərdişlərə cəlb olunmasını əks etdirən görüntülər yayılıb.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirib ki, məsələ Dövlət Komitəsi tərəfindən dərhal nəzarətə götürülərək aidiyyəti qurumlarla birgə araşdırma aparılıb:
“Nəticədə Abşeron rayon sakini olan valideynlər rayon icra hakimiyyətinə dəvət olunublar. Fotoda uşağın dayısı tərəfindən ötən il ailə məclislərinin birində zarafat məqsədli çəkilərək paylaşdığını iddia edən valideynlərlə profilaktik söhbət aparılıb, qanunvericiliyə müvafiq olaraq valideyn öhdəliyi, vəzifə və məsuliyyətləri ilə bağlı ətraflı məlumat verilib.
Bununla yanaşı, valideynlərin diqqətinə çatdırılıb ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur.
Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynlər öz valideynlik vəzifələrini yerinə yetirmədikdə isə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən valideynlik hüquqlarından məhrum edilə bilər”.