“Erməni mənbələrinə istinadla tariximizi təhrif etməyək” – Qazançı MÜƏMMASI
“09.10.2024-cü il tarixdə Musavat.com saytında gedən “Şuşada Qazan tayfasının şərəfinə tikilən kilsə: Ermənilər məbədi necə özəlləşdirmişdi?” adlı yazı diqqətimi çəkdi. Mənim üçün müəmma yaradan o oldu ki, Şuşada Qazan tayfası nə vaxt mövcud olub? Bu tayfanın şərəfinə kimlər kilsə tikib? İlk növbədə Qazanın (qazançı) mənşəyinə baxaq: Qazançı oykonimi Zəngilan Goranboy, Ağdam və Culfa rayonları ərazilərində mövcuddur. Qərbi Azərbaycan ərazisində (indiki Qukasyan rayonu) də Qazançı adlı kənd olub. Eyni zamanda Türkiyə ərazisində İqdır və Qars ərazilərində də Kazançı, Kazanlı, Kazancık adlı yaşayış məntəqələrinin mövcud olduğu bildirilir”.
Bunu Musavat.com-a AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun əməkdaşı Faiq İsmayılov deyib.
“Azərbaycan toponimlərinə aid ensiklopedik lüğətdə Qazançı etnoto-po-ni-mi haqqında belə bir məlumat verilir: “Toponim kazan etnonimindən və -çı mənsubiyyət şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan(qazan) tayfasının adını əks etdirir”. Lakin sənəddə bu tayfanın Cənubi Qafqazda və ya Azərbaycanın Qarabağ regionunda mövcudluğu barədə heç bir məlumat verilmir. Daha bir misal: bəzi mənbələrdə göstərilir ki, Şərur rayonundakı Yengicə kəndinin qədim adının 1728-ci il “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Qazançılar olduğu göstərilir.
Görkəmli Azərbaycan alimi Qiyasəddin Qeybullayevin dediyinə görə, Kazan V əsrdə Albaniyaya öz tayfası ilə gəlmiş bir elbəyin adıdır. Lakin hörmətli alimimiz bu tayfanın Azərbaycanın hansı coğrafi ərazisində məskunlaşması barədə məlumat vermir. Qazan adı geniş yayılmış türk mənşəli addır. “Kitabi-Dədə Qorqud” dastanındakı Kazan adı ilə müqayisə olunur. Məlum olduğu kimi, Kazan qazax türklərinin xalq təqvimində oktyabr ayının adıdır. Qazan adlı tayfanın şərəfinə Şuşada kimlərinsə kilsə tikməsi iddiası kökündən yanlış düşüncənin məhsuludur. Qazan adlı tayfanın Qarabağ regionunda mövcudluğu iddiasının heç bir elmi əsası yoxdur. Mənim düşüncəmə görə, müəllifin ermənilərin Azərbaycan dilində yaratdıqları Vikipediyalardakı erməni mənbələrinə istinad etməsi onun bu cür yanlış iddialarla davranmasına səbəb olub.
Şuşa ərazi etibarı ilə Qafqaz Albaniyası dövrünün tarix və mədəniyyət abidələri ilə zəngindir. Şuşa şəhərinin zastava deyilən ərazisinin (Xankəndi-Laçın yolunun Şuşa şəhərinə dönən hissəsində) meşəliyin içərisində, Qala dərəsi deyilən ərazinin (Zarıslı kəndi istiqamətində) böyük sayda alban dövrü qəbirüstü abidələr, qəbir daşları, sujet xarakterli oymalar bu günümüzə qədər gəlib çıxıb. İndiki Şuşa şəhəri ərazisində alban dövrü memarlıq abidəsinin və ya abidələrinin olması istisna deyil. Bir zamanlar mövcud olan bu abidələrin tarixin müxtəlif dönəmlərində dağıdılması da müzakirə mövzusu ola bilər. Şuşa şəhərində mövcud olan tarix və mədəniyyət abidələrindən bir qismi bizə məlumdur. Onların içərisində bir sovmə daha çox diqqət çəkir. Sovmə tipli abidələr adətən sərt dağ relyefində, xüsusən də dağ zirvələrində inşa edilirdilər. Sovmələrin ümumi texnikası Qafqaz Albaniyası memarlığı ilə uyğunluq təşkil edirdi. Lakin bu tipli tikililər xristianlıqdan qat-qat öncə yaranmışdı. Sovmələr dini təyinatlı tikintilər deyildilər. Məhz bu baxımdan bu tipli tikintilər üzərində heç bir dini simvolikaya və ya ayinlərə rast gəlinmir. Abidə üzərində dini, bədii nümunələrin olmaması onun inşa edildiyi dövrlə əlaqədardır. Bu tipli qurğuların qapıları üzərində yerləşdirilən həndəsi fiqurlar onu göstərir ki, bu sovmələr hələ xristianlığın tam mənimsənilmədiyi və səma cisimlərinə ibadətlə qarışdırıldığı dövrlərdə tikilib. Bu dövr memarlıq üslubunun bütün ornamentlərində atəşpərəstliyin təzahürləri, göy tanrılarına ibadətin motivləri öz əksini tapırdı. İnsanlar inanırdılar ki, dağların zirvələrindən istək və arzularını göy tanrılarına daha asan çatdıra bilərlər. Onlar hər il düşündükləri münasib vaxtda dəstə ilə dağ zirvələrinə qalxır, göy tanrılarına etiqadlarını nümayiş etdirirdilər.
Şuşadakı bu sovmə də ümumi memarlıq quruluşu, tikinti texnikası baxımından haqqında danışdığımız təyinatlı tikintilərdən biri olub. Yəni insanlar tanrılara qovuşmaq üçün yüksəkliklərə qalxdıqları zaman yağışdan, küləkdən, qardan qorunmaq üçün bu binada daldalanıblar”, – o bildirib.
Faiq İsmayılovun sözlərinə görə, erməni təbliğatına uyub bu abidəni kilsə, yəni dini təyinatlı tikinti adlandırmaq qətiyyən düz deyil:
“Xocavənd rayonu ərazisindəki Ziyarat dağının zirvəsində, Qubadlı rayonunun Başarat kəndi ərazisindəki dağ zirvəsində, Laçın rayonu ərazisindəki Zorası adlanan ərazidə, həmin rayonun Quşçu kəndi yaxınlığındakı Dəmirovlu piri deyilən ərazilərdə və digər yerlərdə bu tipli bina və qurğular var, bu gün də mövcudluqlarını qoruyub saxlaya biliblər. Diqqətlə baxsaq, Şuşa şəhərində mövcud olan bu sovmənin yanında tikilən zəng qülləsinin sovməyə aid olmadığı aydın görünür. Belə ki, sovmənin tikintisindən fərqli olaraq yanındakı zəng qülləsinin tikintisində yonulmuş və cilalanmış daşlardan istifadə edilməklə müxtəlif tağlarla zövqlə bəzədilməsi zəng qülləsinin sovmədən ən azı 300-400 il sonra tikildiyi ehtimalını yaradır.
Sovmənin yanındakı zəng qülləsinin tikilmə səbəbini araşdıranda məlum olur ki, 1822-ci il 21 noyabrda Qarabağ xanlığını devirməyə nail olan Çar Rusiyası digər bölgələrimizlə bərabər öz mənzil qərargahını Şuşa şəhərində də yaratdı və şəhərə böyük sayda ordu hissələri yerləşdirdi. Rus əsgərləri onlara dini inanclarını icra etmək üçün şərait yaradılmasını tələb edirdilər. O dövrdə Şuşa şəhərində xristian kilsəsi yox idi, rus komandanlığı bu sovmənin yanında zəng qülləsi tikərək sovmədən kilsə kimi istifadə etməyə başlamışdılar.
Bəzi qeyri-rəsmi məlumatlara əsasən, 1858-ci ildə sovmə sökülərək yerində indi Qazançı adlandırılan kilsənin tikintisinə başlanmışdı. Kilsə tikintisi zamanı zəng qülləsi mövcud olduğu yerdə qorunub saxlanmışdı. Lakin o dövrdə qeyri-münasib ictimai-siyasi şərait, işçi qüvvəsinin çatışmazlığı və rus ordusunun tez-tez dislokasiya edilməsi (yerdəyişmələri) nəticəsində kilsə nəzərdə tutulduğundan 29 il sonra – 1887-ci ildə tikilib başa çatdırıldı.
Bu abidənin alban memarlığına aid olduğunu dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev belə izah edir:
“…Hətta Mesrop Taxiadyanın 1820-ci ildə yazdığı “Ermənistana səyahət” kitabında 1820-ci illərə qədər burada Alban kilsəsinin olduğu tam aşkar yazılır”… Diqqətlə baxın, 1820-ci ildə erməni tarixçi, Cənubi Qafqaz coğrafiyasında mövcud olmayan “Ermənistana səyahət” kitabı yazmaq üçün “Ermənistan” ərazisi kimi təqdim etdiyi Şuşa şəhərinə səyahət edir və bu şəhərdəki sovmənin Alban “kilsəsi” olduğunu qeyd edir. Zaur müəllim erməni tarixçinin sitatının hüquqi anlamının fərqinə varmadan, öz yazısında olduğu kimi istifadə edərək Şuşanın dolayısı ilə “Ermənistan ərazisi” olduğu barədə erməni tarixçinin iddiasını təsdiqləyir.
Zaur müəllim daha sonra yazır: “Qeyd edim ki, rus işğalından sonra 1816-cı ildə ilk kilsə, ikincisi 1822-ci ildə, üçüncüsü 1832-ci ildə və dördüncüsü – Qazançılar 1887-ci ildə tikilib”.
Məktəb uşaqları da bilirlər ki, Çar Rusiyası Qarabağ xanlığını 1822-ci ilin 21 noyabrında devirib.
Doğrudanmı, Zaur müəllim Qarabağ xanlığının işğal tarixindən xəbərsizdir?
Yazıda heç bir əsas, hətta bir görüntü belə göstərilmədən əminliklə qeyd edilir ki, Şuşada 1816-cı ildə bir, 1822-ci ildə bir kilsə tikilib. Belə bir sual yaranır, Qarabağ xanlığının Rusiya və İran gücləri arasında sıxışdırıldığı təlatümlü bu dövrdə (1816-1822) Şuşada xanlığın baş şəhərində xristianların yaşamadıqları bir şəraitdə xristian kilsələrinin tikilməsinə nə ehtiyac vardı?
Adətən ibadət yerləri müharibə şəraitində deyil, dinc qruculuq illərində inşa edilir. Belə ki, 1816-1822-ci illərdə qeyri-münasib siyasi şəraitdə Şuşa şəhərində kilsələrin tikilməsi sadəcə mümkün deyildi.
Zaur müəllim Şuşa şəhərində “tikilən” 4 kilsə haqqında yalançı “tarixlər göstərdiyi” halda nədən Şuşa şəhərinin Köçərli məhəlləsində 1847-ci ildə tikilmiş Müqəddəs vəftiz İohan rus-provoslav kilsəsinin mövcudluğundan xəbər tutmur?
Halbuki, 2015-ci ildə bu kilsənin xarici interyeri ermənilər tərəfindən dəyişdirilərək erməni-qriqoryan kilsəsinə bənzədilmişdi. Hazırda həmin kilsənin qalıqları Şuşa şəhərində qalır.
“Qazançı” müəmması: Məqalə müəllifi haqqında söhbət açdığı kilsəni “…Qazançı kafedral kilsəsi…” kimi təqdim edir. Kafedral bir yepiskopluğun mərkəzi olan, yəni kilsə iyerarxiyası içində inzibati bir orqan olan, yepiskopun davamlı olaraq oturduğu məkandır.
İndi mən sual edirəm, Zaur müəllim, sovetlər dönəmində 70 il kilsə statusu daşımayan Şuşadakı Qazançı kilsəsini kafedral kilsə kimi necə təqdim etmək olar? Əgər təqdim edilirsə, bu, hansı ehtiyacdan irəli gəlir?
Mənə görə, Şuşada kilsənin mahiyyətcə hansı adı daşımasının elə böyük əhəmiyyəti yoxdur. Belə ki, ermənilər işğal altında saxladıqları Şərqi Zəngəzur və Qarabağ regionlarında 400-dən çox bina və qurğunu kilsə adlandırıb, “Mariya” (Allahın anası) adını versələr də, bu adlar o tikintilərin erməniləşdirilməsinə kömək etmədi. İndi Şuşadakı kilsə istər “Qazançı”, istərsə də “Kazançetsots” olsun, bu adlar kilsənin ermənilərə məxsusluğunu sübut edə biləcək dəlil deyil.
Burada kilsənin adı deyil, kilsənin nə məqsədlə və kimlər tərəfindən tikilməsi, binanın memarlıq quruluşu, üslubu, kompozisiyası müzakirə mövzusu ola bilər. Bunun üçün rəsmi sənədlərə müraciət etmək əsas şərtdir. Araşdırma zamanı rəsmi sənədlər, görüntülər əldə etmək mümkün olmadıqda məsələnin həllinə yanaşmada ehtimallara üstünlük verilir. Ehtimalın kökündə isə şahid ifadələri, şifahi söhbətlər, nağıllar, rəvayətlər dayanır.
Şuşada tikilən kilsəyə niyə “Qazançı” adının verilməsini araşdırarkən ilk növbədə həmin dövrün ictimai-siyasi həyatına nəzər salmaq lazımdır.
Belə ki, Qarabağ xanlığının süqutundan sonra Rusiyadan Azərbaycana, xüsusən də Qarabağa və Naxçıvana xarici ölkələrdən erməni əhalinin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlandı. O dövrün rəsmi və qeyri-rəsmi məlumatlarına görə, Naxçıvan və Qarabağ regionlarındakı ictimai yaşayış məntəqələrinin təqribən 50-60 %-də az sayda olsalar belə, ermənilər məskunlaşdırılmışdılar. O dövrdə Culfa rayonunun Qazançı kəndində də ermənilərin mövcudluğu məhz bu səbəbdən yaranmışdı.
Bu baxımdan sonradan məskunlaşdırılan ermənilərin Culfadan da Şuşaya köçürülməsi heç də təəccüb doğurmamalıdır. Şuşa şəhərində rus hərbi bölmələri əsgərlərinin ibadəti üçün xanlığın divanxanasından və birnefli sovmədən istifadə edirdilər. Lakin kilsə tikmək üçün Şuşada xristian əhali yox idi, müsəlman əhali isə kilsə tikintisində işləməkdən imtina edirdi.
Şuşa şəhərinə aid statistik məlumatlarda ilk dəfə 1885-ci ildə ermənilərin mövcudluğu göstərilir. Odur ki, Şuşada yerləşən ordu rəhbərliyi indiki Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Qazançı kəndindən bir qrup ermənini kilsə tikintisində işləmək üçün Şuşaya gətirdi. Kilsənin tikintisini bitirdikdən sonra Culfadan gələn ermənilər Şuşada qalıb yaşamağa qərar verdilər. Onlar kilsənin ətrafında məskunlaşaraq elə orada yaşamağa başladılar. Yerli əhali bu yeni məhəlləni və kilsəni “Qazançı” adlandırmağa başladı.
Sual oluna bilər, məhəllə niyə qazançı adlandırıldı?
Şuşa şəhərinin baş planına əsasən, bərpa-quruculuq illərində tikilən məhəllələrə verilən adlar məhəllədə məskunlaşdırılan əhalinin gəldikləri inzibati yaşayış məntəqələrinin, nəsillərin və ya ərazilərin adları ilə adlandırılırdılar. Məsələn, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Seyidli, Culfalar, Hacı Yusifli məhəllələri və s. Artıq bu adqoyma ənənəyə çevrildiyindən, Qazançı kəndindən gələn əhali də istisna oluna bilməz. Lakin sonralar bu məhəlləyə müxtəlif ərazilərdən köçürülən ermənilərin sayları artdığından məhəllə “erməni məhəlləsi” adlandırılmağa başladı və 1992-ci ilin may ayına Şuşanın süqutuna qədər davam etdi.
Zaur müəllim məzmunu və mənası anlaşılmayan bu cümlədə – “Kilsə əvvəllər, 1722-ci ilə qədər Alban memarlığına aid birnefli məbəd olub” nə demək istədiyini anlaya bilmədiyimdən onu izah etməyə ehtiyac duymadım. Gəlin, erməni mənbələrinə istinad edib, tariximizi təhrif etməyək, izn verək tariximizi tarixçilərimiz araşdırsınlar”.