Zəfər Parkı açılışa hazırlaşır – VİDEO
Zəfər Parkı açılışa hazırlaşır
ARANTV.AZ xəbər verir ki, 8 Noyabr prospektində inşa olunan Zəfər parkının ərazisi doqquz hektardan çoxdur.
Parkın girişində 44 tağ elementindən istifadə edilib. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını tərənnüm edir. İnşası davam edən tağın hündürlüyü 44 metr, eni isə 22 metrdir.
Parka keçid hissədə 8 Noyabr – Zəfər Gününü əks etdirən memorial abidə ucaldılacaq. Abidə Zəfər Gününü və sarsılmaz birliyi təcəssüm etdirəcək. Memorial abidənin ətrafında Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirən yaşıllıq salınacaq.
Prezident İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamda Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması tapşırılıb. Sərəncamdan dərhal sonra Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin layihələri hazırlanıb və tikinti işlərinə başlanılıb.
Zəfər Muzeyinə park ərazisindən iki istiqamətdə giriş olacaq. Sahəsi 9 min 200 kvadratmetr olan muzeyin yan divarında Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan əsgər və zabitlərin adları qeyd ediləcək.
Ziyarətçilər muzeyi gəzdikdən sonra park hissəsinə daxil ola biləcəklər. Zəfər parkında, həmçinin tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi yaradılacaq. Parkın sonunda Azadlıq Bayrağı Meydanının inşası da nəzərdə tutulur.
Yaddaş bağçası parkın son hissəsində yaradılacaq. Bu hissəyə enən cığır hündür haşiyəli çiçək və yaşıllıqlarla əhatə olunacaq. Yaddaş bağçasının ətrafında istirahət guşələri yaradılacaq, oturacaqlar qoyulacaq. Su hövzəsinin mərkəzində isə Azərbaycan Bayrağı dalğalanacaq.