Siyasət 

Ukraynadan Azərbaycana riskli təklif

Rusiya Kiyev-Bakı yaxınlaşmasını diqqətli izləyir, bu təmaslardan narahatlıq hiss olunmaqdadır

Bakı-Moskva münasibətlərində gərginlik fonunda Azərbaycan-Ukrayna  əlaqələrində intensivlik müşahidə olunur.  İyulun 10-11-də Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin başçılıq etdiyi nümayəndə heyəti İtaliyanın paytaxtı Roma şəhərində Ukraynanın Bərpası Konfransında iştirak edib. Sayca 4-cü olan builki konfransda 56 dövlət, 27 beynəlxalq təşkilat və maliyyə institutu, eləcə də 120 şirkət təmsil olunub.

Nazir müavini Y.Rəfiyev çıxışı zamanı Ukraynadakı müharibənin regionda sülh və təhlükəsizliyə ciddi zərər verdiyini bildirib. Çıxışda Azərbaycanın ilk günlərdən etibarən münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında diplomatik yolla həllini, habelə Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyi vurğulanıb. Davam edən böhranın ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğu qeyd edilib, Azərbaycanın Ukraynaya humanitar yardım göndərən ilk ölkələrdən biri olduğu, bu çərçivədə dərman, qida, elektrik avadanlıqları və s. daxil olmaqla, humanitar, həmçinin bərpa və yenidənqurmaya dəstək məqsədli ümumilikdə 42 milyon ABŞ dolları dəyərində yardım göstərildiyi diqqətə çatdırılıb. Nazir müavini ölkəmizin bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.

Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün ölkəmiz tərəfindən həyata keçirilən tibbi və sosial-psixoloji reabilitasiya proqramından faydalanmış uşaqların sayının ötənilki Bərpa Konfransından bu günədək iki dəfə artırıldığı və ümumilikdə 330 uşağın sözügedən proqramda iştirak etdiyi bildirilib.

Nazir müavini işğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyini qeyd edib. Bu çərçivədə, Azərbaycanın Ukraynaya minatəmizləmə sahəsində yardım göstərdiyini və yaxın zamanda ANAMA xətti ilə müvafiq ehtiyat hissələri və təlimin təmin olunacağı barədə məlumat verib.

Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının, şəhər poliklinikasının və parkın yenidənqurma işlərinin artıq yekunlaşdığı, habelə Kiyev şəhərində park və uşaqlar üçün sığınacağın bərpasının maliyyələşdirildiyi diqqətə çatdırılıb. Bununla yanaşı, İrpen şəhərində dörd sosial təyinatlı obyektin inşası ilə bağlı müvafiq işlərin davam etdiyi bildirilib. Nazir müavini ölkəmizin bundan sonra da ikitərəfli əsasda Ukraynaya humanitar dəstəyini davam etdirəcəyini nəzərə çatdırıb.

Konfrans çərçivəsində Y.Rəfiyev Ukraynanın xarici işlər naziri Andriy Sıbiha ilə görüşüb və Azərbaycanla Ukrayna arasında ikitərəfli əməkdaşlıq münasibətlərinə dair gələcək planlarla bağlı söhbət aparıb.

Həftəsonu isə Bakıda Ukrayna-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının 13-cü iclası keçirilib. Ukrayna nümayəndə heyətinə energetika naziri Herman Qaluşçenko rəhbərlik edib.

İclasın yekunlarına dair Qaluşçenko Facebook sosial şəbəkəsində qeyd edib ki, danışıqlar zamanı xüsusi diqqət Avropa diversifikasiya siyasəti kontekstində Azərbaycan qazının Ukraynaya tədarükü məsələlərinə, həmçinin enerji təhlükəsizliyinin artırılması və bərpa olunan enerji mənbələrinin inkişafı üçün Ukrayna yeraltı qaz anbarlarından istifadə imkanlarına yönəldilib.

Rusiya mediası isə Ukraynanın Bakı ilə yaxınlaşmasını diqqətli izləyir,  bu təmaslardan narahatlıq hiss olunmaqdadır.

İlham Şaban: “Azərbaycan bir zamanlar Avropanın tikmək istədiyi “Nabucco”  layihəsini canlandırır” – Caspian Barrel

İlham Şaban

Elə Azərbaycanda da bu təklifi ölkəmiz üçün riskli hesab edənlər var. Modern.az-a açıqlamasında Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib ki, Azərbaycan öz qazını saxlamaq istəsə, bunu Türkiyədə edə bilər: “Bəli, Ukraynada ümumilikdə öz tutumuna görə Avropada ən böyük qaz anbarları mövcuddur. Səhv etmirəmsə, 17 belə qaz anbarı var. Ancaq Azərbaycan niyə orada qaz saxlasın? Azərbaycan qazı saxlamaq istəsə, öz yolunun üstündə – Türkiyədə saxlayar. Türkiyədə 6 milyard kub metr aktiv tutumu olan yeraltı qaz anbarı mövcuddur. İndi Dövlət Neft Şirkətinin alt qurumu olan Qazma Tresti yeni yeraltı qaz anbarı üçün Türkiyədə sifarişlər həyata keçirir. Təqribən 2 il yarıma Türkiyədə ikinci yeraltı qaz anbarı istifadəyə veriləcək. 10 milyard kubmetr həcmində qaz ehtiyatı saxlamaq üçün imkan yaranacaq”.

İ.Şaban vurğulayıb ki, Ukraynanın təklifinin kommersiya mənfəətini hesablamaqla yanaşı, nə qədər stabil və təhlükəsiz olduğuna da diqqət yetirmək lazımdır: “Biz Ukraynaya qazı necə daşıyıb verəcəyik? Biz nəyə görə enerji təhlükəsizliyi üçün böyük risklər tələb edən layihələrə yönəlməliyik? Avropa 2025-ci ildən Ukrayna üzərindən Azərbaycan qazının daşınmasını təklif etdi. Təbii, bütün bunlar Azərbaycanı Rusiya ilə üz-üzə qoymaq üçündür. Kommersiya mənfəətini hesablamaqdan başqa bunun nə qədər stabil və təhlükəsiz olmasına da diqqət yetirməliyik”.

Bəs Azərbaycan necə davranmalıdır? Risklər varmı?

Elxan Şahinoğlu son çıxışı ilə özünü və “ağalarını” belə ələ verdi -  ƏTRAFLI | KONKRET

Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, önəmli olan maraqlardır: “Əgər Ukraynanın təklifi Azərbaycanın iqtisadi maraqlarına uyğundursa, əlbəttə, bu haqda düşünmək olar. Yox, əgər təklif iqtisadi maraqlarımıza uyğun deyilsə, bu təklifin reallaşdırılması Azərbaycana baha başa gələcəksə – baxmayaraq ki, Ukrayna dövləti tərəfdaşımızdır – əlbəttə, bu təklif qəbul edilməz. Üstəlik, nəzərə alaq ki, Avropa ölkələrinə qaz nəql edirik, Türkiyəyə, Gürcüstana qaz nəql edirik. Bu baxımdan da yanaşsaq, bunlar hələlik Azərbaycan üçün yetərlidir, kifayətdir. Yox, əgər daha böyük qaz resurslarımızı Ukrayna üzərindən Avropaya nəql etmək istəyiriksə, buna da hərtərəfli təhlillər aparıldıqdan, sonra baxıla bilər. Lakin düşünmək ki, Rusiya necə qarşılayar, Rusiya bizə qarşı hansı təzyiq formasından istifadə edər bu, doğru yanaşma olmaz. Onsuz da Rusiya ilə münasibətdə gərginliklər var. Lakin Rusiya narazıdırsa, biz öz maraqlarımızı arxa plana keçirməli deyilik. Düşünsək ki, Rusiyanı küsdürə bilərik, ona görə də maraqlarımıza cavab verən hansısa təklifləri dəyərləndirməyək, bu, Azərbaycanın mənafelərinə uyğun olmaz”.

Ekspert qeyd etdi ki, Azərbaycan hər zaman özünün milli və təhlükəsizlik maraqlarından çıxış edir: “Rusiyanın ənənəvi siyasəti belədir ki, qarşısında boşluq buraxanda, çəkinəndə üzərinə daha çox gəlir. Ona görə də Ukraynanın qazla bağlı təklifinə sırf iqtisadi səmərəlilik baxımından yanaşmaq lazımdır. Səmərəlidirsə, bu təklif araşdırıla və reallaşdırıla bilər. Əgər səmərəli deyilsə, kənara qoyula bilər”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Daha çox xəbərlər