Azərbaycana tranzitdən yeni qazanc təklifi
Bakı-Supsa kəmərindən istifadə olunması yenidən Qazaxıstanın gündəmində
Qazaxıstan yenidən Azərbaycana məxsus Bakı-Supsa kəməri ilə neft nəqli məsələsini gündəmə gətirib. 2022-ci ildə Ukraynaya işğalçı hücumuna görə Avropaya neft ixracı imkanından məhrum olan Rusiya öz ərazisindən keçən və Xəzər Boru Konsorsiumuna məxsus kəmərlə neft nəqlinə ciddi problemlər yaratmağa başladıqdan sonra Astana öz qara qızılı üçün alternativ marşrutlar formalaşdırmağa başladı. Məlumdur ki, Qazaxıstan neftinin 80 faizindən çoxu dünya bazarına bu kəmərlə çıxarılır. Məsələn, 2024-cü ildə Qazaxıstan ümumilikdə 68,6 milyon ton neft ixrac edib ki, bunun da 54,9 milyon tonu Xəzər Boru Konsorsiumuna məxsus kəmərlə Rusiya ərazisindən satılıb.
Son 3 ildə Qazaxıstan dəfələrlə Azərbaycan üzərindən neft ixracını artırmaq, bunun üçün Bakı-Supsa kəmərindən istifadə etmək planlarını açıqlayıb. Bir qayda olaraq bu plan Rusiya XBK kəməri ilə nəqlə problem yaradanda gündəmə gətirilir, lakin sonra yenidən arxa plana keçir. Buna səbəb, əlbəttə, Azərbaycan üzərindən nəql xərclərinin XBK-dan daha yüksək olmasıdır: Neft Aktau limanına daşınır, oradan tankerlərlə Bakının Səngəçal terminalına daşınır, oradan isə Bakı-Tiflis-Ceyhan neft kəmərinə vurulur. Buna görə də Qazaxıstan Azərbaycan üzərindən nəqlə alternativ marşrut kimi baxsa da, daha çox ehtiyat variant yanaşması sərgiləyir.
Reallıqda, Astana nefti üçün Azərbaycan üzərindən nəql demək olar ki, Rusiya marşrutuna yeganə alternativdir. Çünki Qazaxıstandan neft alan Çin daha çox sanksiyalara görə ucuz satılan Rusiya və İran neftinə üstünlük verdiyinə görə Qazaxıstandan idxalı artırmaq istəmir. İstəsə də, bu, qiymət baxımından Azərbaycanda üzərindən nəqlə görə itkilərdən daha çox gəlir itkisinə səbəb olacaq. Buna görə də Rusiyaya alternativ dedikdə, yeganə yol kimi Azərbaycandan ötürmə önə çıxır.
Qazaxıstanın may ayından bəri Bakı-Supsadan istifadə məsələsini yenidən qaldırmasına səbəb Rusiyanın XBK kəməri ilə nəqlə yaratdığı süni əngəldir. Belə ki, “Rosselxoznadzor” aprel ayından kəmərin çıxdığı Novorossiysk limanında 3 neftötürmə qurğusundan 2-də guya hansısa pozuntular aşkarlayaraq, fəaliyyətini dayandırıb. Bu isə limandan Qazaxıstan neftinin tankerlərə yüklənmə imkanını ciddi şəkildə məhdudlaşdırıb.
“Rosselxoznadzor”un bu addımının arxasında iki amil dayanır: Birincisi, Avropa İttifaqının Rusiya neftindən tamamilə imtina fonunda Qazaxıstan neftinə tələbinin artmasıdır. Artıq Avropada Rusiya neftini almağa davam edən Çexiya ötən ildən bundan tamamən imtina edib. Aİ-nin Rusiyaya qarşı hazırladığı yeni sanksiyalarda bu ölkədən neft alışının qadağan olunması nəzərdə tutulur.
Bu fonda Avropa Qazaxıstandan neft alışını sürətlə artırır. “Econovis” xəbər verir ki, 2024-cü ildə Qazaxıstan Avropa İttifaqına xam neft ixrac edən ölkələr arasında üçüncü yeri tutub. Statistikaya görə, Aİ ölkələri 2024-cü ildə gündəlik ümumilikdə 9,1 milyon barel neft idxal edib. Ən böyük tədarük həcmi ABŞ-dan sutkada 1,40 milyon barel (15,4 faiz artım), Norveçdən 1,10 milyon barel (12,1 faiz artım) və Qazaxıstdan 1,05 milyon barel (11,5 faiz artım) qeydə alınıb.
Qazaxıstan 2023-cü ildən Novorossiysk limanından əlavə, Rusiyanın Drujba neft kəməri ilə də Avropaya – daha dəqiqi, Almaniyaya neft nəql etməyə başlayıb. Rusiya kəmərin boş qalmaması üçün buna razılıq versə də, Ukraynaya verdiyi hərtərəfli dəstəyə görə Almaniya ilə sürətlə pisləşən münasibətlər fonunda prosesin hər an dayandırılması təhlükəsi getdikcə böyüyür. Astana bu neft kəməri ilə Qaraçaqanak və Kaşaqandan Almaniyaya xammal ixrac edir. 2024-cü ildə Drujba vasitəsilə Almaniyaya 1,5 milyon ton neft çatdırılıb. Bu il ölkə ixracı 2,5 milyon tona çatdırmağı planlaşdırır. “Reuters” “Kaztransoil”a istinadən yazır ki, Qazaxıstan 2025-ci ilin birinci yarısında Drujba vasitəsilə Almaniyaya neft ixracını illik müqayisədə 46 faiz artıraraq 926 min tona çatdırıb. Qazaxıstan neftinin BTC (Bakı-Tiflis-Ceyhan) vasitəsilə ixracı isə bu ilin ilk altı ayında 13 faiz artaraq 785 min tona çatıb. Cari il üçün nəzərdə tutulan bu ixracın ümumi səviyyəsi 1,7 milyon ton təşkil edir.
Rusiya siyasi hakimiyyətinin əlində alət olan “Rosselxoznadzor”un Qazaxıstan neftinə qarşı yönələn addımının ikinci səbəbi Astananın ötən il OPEK+ çərçivəsində üzərinə götürdüyü hasilat kvotasından artıq hasil etdiyi neft həcmlərini kompensasiya etməməsidir. Qazaxıstandakı ABŞ şirkətləri Rusiyanın iki söz sahibindən biri olduğu OPEK+ razılaşması çərçivəsində hasilatı əlavə azaltmaq tələbindən imtina ediblər. Səudiyyə Ərəbistanının da hasilatı artırmaq təkidindən sonra Rusiya neft qiymətlərinin iflasının qarşısını almaq üçün “Rosselxoznadzor”un əli ilə Qazaxıstanın ixrac imkanını məhdudlaşdırmağa çalışır.
Energetika naziri Yerlan Akkenjenovun hökumətin iclasında verdiyi məlumata görə, bu ilin birinci yarısında Qazaxıstan 49,9 milyon ton neft hasil edib – bu, 2024-cü ildəkindən 11,6 faiz çoxdur. Altı ayda ixraca illik ifadədə 11,9 faiz çox – 39,6 milyon ton neft yönəldilib. Nazirin sözlərinə görə, ilin sonunadək 96,2 milyon ton neft hasil ediləcəyi və onun 70,5 milyon tonunun ixrac olunması planlaşdırılır.
Hasilatın həcmi ilk növbədə ABŞ şirkətinin işlədiyi Tengiz yatağında genişləndirmə layihəsi hesabına artacaq. O cümlədən, 2025-ci ildə Tengizdə 34,8 milyon ton (2024-cü ildə 27,8 milyon ton), Kaşaqanda 17,9 milyon ton (17,4 milyon ton), Qaraçaqanakda (12,2 milyon ton) 12,4 milyon ton neft hasil edilməsi planlaşdırılır.
Bu planların reallaşması çox böyük ölçüdə Qərblə münasibətləri getdikcə gərginləşən Rusiyadan asılı vəziyyətdədir. Buna görə də Qazaxıstan əsas alternativ olan Azərbaycan üzərindən daha çox nəql məsələsini yoluna qoymağa çalışır.
Qazaxıstan neftini Bakıya yola salan Aktau limanında hazırda illik gücü 7,5 milyon ton olan üç neftyükləmə qurğusu fəaliyyət göstərir. Aktau Beynəlxalq Dəniz Ticarət Limanının kommersiya işləri üzrə icraçı direktoru Əhməd Mustafinin dediyinə görə, Liman Novorossiyskdəki SPM-ə bənzər bir nöqtəli yanalma qurğuları (SPM) qurmaqla yaxın illərdə neft daşınmasını 20 milyon tona çatdıra bilər: “Biz indi 7,5 milyon ton yükləyə bilirik. Neft daha çox olarsa, iki ildən sonra onu 20 milyon tona çatdıra bilərik”.
Onun sözlərinə görə, Azərbaycan Bakı-Tiflis-Ceyhan (Azərbaycan-Gürcüstan-Türkiyə) marşrutu üzrə nəql etmək üçün ildə 2,2 milyon tondan çox olmayan Qazaxıstan neftini qəbul etməyə hazırdır. Məsələ burasındadır ki, bu kəmərdə əsas məhsul Azərbaycanın yüngül neftidir, ona görə də kəmərə 2,2 milyon tondan çox Qazaxıstan nefti daxil olarsa, yaranan qarışıq keyfiyyətsiz olacaq və Azərbaycanın öz neftinə görə əldə etdiyi gəlirə mənfi təsir edəcək. Belə ki, BTC ilə yalnız Qazaxıstan deyil, Türkmənistanın da nefti nəql olunur. Azərbaycanın öz ixracı isə ildən-ilə azalır. Belə olan şəraitdə BTC ilə ağır növ neft nəqli imkanları da azalır.
Bütün bunlar Bakı-Supsa neft kəməri ilə nəqli Azərbaycan üçün də sərfəli edir. Hesab olunur ki, Bakı-Supsa kəməri ilə Qazaxıstan neftinin nəqli hər iki ölkə üçün neftin tranzitini xeyli asanlaşdıracaq, çünki o, ayrıca boru kəməri ilə ixrac olunacaq. Eyni zamanda rentabellik məsələsi də var – Bakı-Supsanın ötürmə qabiliyyəti ildə 7 milyon tondan artıqdır.
Qeyd edək ki, uzunluğu 837 kilometr olan Bakı-Supsa neft boru kəməri 1997-1998-ci illər ərzində çəkilib. Azərbaycan neftini Qərb istiqamətinə nəql edən bu kəmər Səngəçal terminalından başlayaraq Gürcüstan Qara dəniz sahilindəki Supsa terminalına qədər uzanır. Diametri 530 millimetr olan Bakı-Supsa kəmərinə neftin vurulmasına 1998-ci ilin dekabrında başlanıb.
İlk vaxtlarda bu kəmərlə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Çıraq” və “Azəri” yataqlarından çıxarılan neft nəql olunub. Belə ki, Bakı yaxınlığındakı Səngəçal terminalından Qara dəniz sahilində yerləşən Supsa limanına göndərilən xam neft buradan tankerlərə yüklənərək Bosfor boğazından keçməklə Avropa bazarlarına yola salınıb. 2021-ci ilin yekunlarına əsasən, Bakı-Supsa boru kəməri ilə 4,2 milyon ton neft nəql olunub. İxrac olunan bütün neft “Azəri-Çıraq-Günəşli” yataqlar blokunun payına düşüb. 2022-ci ildə kəmərdəki əsaslı təmirə görə nəql dayandırılıb. Lakin 2023-cü ildən proses cüzi həcmlərlə də olsa, bərpa edilib. Azərbaycan Energetika Nazirliyinin 2024-cü ilə dair fəaliyyət hesabatından aydın olur ki, 2023-cü ildə Bakı-Supsa ilə 150 min ton neft ixrac edilib. 2024-cü ildə bu göstərici 40 faizədək azalaraq 90 min ton təşkil edib. Belə kiçik həcmlərin nəqlini kəmərin operatoru olan BP Azərbaycan şirkəti sifarişlərin az olması ilə izah edir.
Beləliklə, Azərbaycan üzərindən neft ixracının artırılması, bu məqsədlə Bakı-Supsa kəmərindən istifadə olunması məsələsi yenidən Qazaxıstanın gündəmindədir. Son iki ayda həm Astanadan, həm də Bakıdan – SOCAR-dan verilən açıqlamalar bu dəfə məsələnin real iş mərhələsinə qədər çatdırılması ehtimalının yüksək olmasından xəbər verir. Prosesin nə zaman başlanacağı güman ki, Rusiyanın davranışları və neft bazarındakı qiymət konyukturundan asılı olacaq. Rusiya öz neftinə tələbi və qiyməti artırmaq üçün ərazisindən Qazaxıstan neftinin ixracını daha çox məhdudlaşdırarsa, Bakı-Supsa ilə nəqli sayılı günlərdə yoluna qoymaq mümkündür. Dünya bazarında neft qiymətlərinin kəskin enməsi perspektivində isə bu nəql iqtisadi baxımdan səmərəsiz hala gələ bilər…
Dünya SAKİT,
“Yeni Müsavat”