Region Xəbərləri 

Müstəqilliyimizin və milli mənsubiyyətimizin müqəddəs rəmzi olan bayrağımız

Azərbaycanın üçrəngli Dövlət Bayrağı, sadəcə bir parıldayan parçadan ibarət deyil. O, millətimizin dövlətçiliyinin, azadlığının və müstəqilliyinin ən müqəddəs rəmzidir. Ulu Öndər Heydər Əliyev öz müdrik sözləri ilə bunu belə ifadə etmişdir: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin.” Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisi tərəfindən dövlət bayrağı kimi təsdiqləndi. Bu tarixi addımın arxasında xalqımızın Ümummilli Lideri Heydər Əliyevin iradəsi dayanırdı. O özü xatırladırdı: “Biz burada, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qəbul olunmuş milli bayrağı qaldırdıq. Bu bayraq milli atribut kimi Naxçıvanın həyatına daxil oldu.” Bu qərar yalnız Naxçıvan üçün deyil, bütöv Azərbaycan üçün dövlətçilik ənənələrinin bərpasında önəmli mərhələ oldu.

1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanunu qəbul edərək onu rəsmi dövlət atributu kimi təsdiqlədi. Azərbaycan Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir: mavi, qırmızı və yaşıl. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz ağ rəngdə təsvir olunmuşdur. Bu rənglərin və simvolların hər biri Azərbaycan xalqının milli azadlıq və müstəqillik mübarizəsini, dini və mədəni dəyərlərini təcəssüm etdirir.

Noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günüdür. Dövlət Bayrağı Günü Prezident İlham Əliyevin 2009-cu il 17 noyabr tarixli “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə təsis edilib. Həmin il dekabrın 4-də Milli Məclis noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirib. Bayraq hər bir vətəndaşın həyatında mənəvi bir simvol olmalıdır. Ulu Öndər Heydər Əliyev bu haqda deyirdi: “Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Gərək hər bir evdə Azərbaycan Dövlətinin Bayrağı olsun, hər bir ailə Azərbaycan bayrağına itaət etsin.”

Cənab Prezident İlham Əliyev isə Bayrağın bugünkü müqəddəs statusunu belə ifadə edir: “Bayrağımız eşidilən səsimiz, duyulan nəfəsimizdir. Bizim bayrağımız qürur mənbəyimizdir. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.”

Müzəffər Ali Baş Komandanın, Qalib ölkəmizin Prezidenti cənab İlham Əliyevin qətiyyəti nəticəsində artıq Azərbaycanın hər qarış torpağında üçrəngli bayrağımız dalğalanır. Azərbaycan xalqı düşmənə sübut etdi ki, əcdadlarımızdan bizə miras qalan yurd yerlərinin bir qarış torpağına belə heç kəs göz tikə bilməz. 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı ölkə rəhbərinin ətrafında ali amal uğrunda birləşdi, Vətənə sonsuz sevgi və məhəbbət nümayiş etdirdi. Qazanılan bu böyük Qələbə, Xalq-Prezident-Ordu birliyi Azərbaycan xalqını dünyaya qürurlu xalq kimi tanıtdı. Bütün dünya Azərbaycanın qüdrətinə, haqq-ədalət uğrunda savaşına, xalqımızın misli görünməmiş qəhrəmanlıq salnaməsinə şahidlik etdi.

 

 

Tağı İmamverdiyev
YAP Ağstafa rayon təşkilatının əməkdaşı

Daha çox xəbərlər