Prezidentin təsdiqlədiyi strategiya nə vəd edir? – MƏQSƏDLƏR

2018-2025-ci illərdə əsas məqsəd gələcək dövr üçün dövlət borcunun dayanıqlığını təmin edərək, ÜDM-yə nisbətini tədricən azaltmaqdır.

ARANTV.AZ xəbər verir ki, bu barədə Azərbaycan prezidenti İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”nın əsas məqsədlərində bildirilir.

Qeyd edilir ki, ortamüddətli dövrdə dövlət borclarının idarə edilməsinin strateji çərçivəsinin yaradılması, habelə xərc və risklərin müvafiq tarazlığı nəzərə alınaraq, ən optimal maliyyə alətlərinin seçilməsi tələb edilir.

Bunun üçün strategiyada üç əsas strateji məqsədi irəli sürülür.

Birinci məqsəd həm ortamüddətli, həm də uzunmüddətli dövrdə ölkə iqtisadiyyatının ehtiyaclarını nəzərə almaqla, dövlət borcunun dayanıqlığını təmin etməkdir. Bunun üçün 2018-2025-ci illər üzrə ümumi dövlət borcunun ÜDM-yə nisbətinin yuxarı həddinin 30 faizdən çox olmaması və 2025-ci ilədək 20 faizdən aşağı salınması hədəfi gözləniləcək.

Eyni zamanda, ümumi dövlət borcuna xidmət xərclərinin dövlət büdcəsi xərclərinə nisbətinin 15 faizdən aşağı olması hədəflənir

İkinci strateji məqsəd dövlətin digər mənbələrdən təmin oluna bilməyən maliyyə ehtiyaclarını ən az xərclə və aşağı risklərlə qarşılamaqdır. Bu istiqamətdə 2025-ci ilədək xarici valyuta riskinin idarə olunan səviyyədə saxlanılması məqsədilə xarici valyuta nominallı borc öhdəliklərinin 87 faizə qədər azaldılması (mövcud portfel üzrə göstərici 94,3 faiz) nəzərdə tutulur.

Həmçinin faiz dərəcəsi riskinin məqbul həddə saxlanılması üçün dəyişkən faiz dərəcəsi ilə cəlb olunan borcun ümumi portfeldə payının 56 faizi keçməməsi (mövcud portfel üzrə göstərici 49,7 faiz) hədəflənir.

Strategiyanın üçüncü strateji məqsədi isə yerli maliyyə bazarlarının inkişafının dəstəklənməsidir.

Hansı ki, buraya Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ilə birlikdə təkrar bazarın formalaşdırılması üçün zəruri tədbirlər həyata keçirilərək, emissiya prospektlərinin bazar tələbləri və investorların maraqları nəzərə alınmaqla hazırlanmasının təmin olunması daxil edilib.

oxu.az