2018-ci il Azərbaycan üçün uğurlarla zəngin olub
ARANTV.AZ xəbər verir ki, 2018-ci il ölkəmiz üçün dinamik inkişaf ili oldu. Siyasi-diplomatik sahədə Azərbaycan öz mövqelərini gücləndirdi, regiondakı nüfuzunu, eləcə də beynəlxalq əlaqələrini möhkəmləndirdi, iqtisadi baxımdan öz inkişaf ənənəsini davam etdirdi, sosial, ictimai, mədəni sahədə yaddaqalan nailiyyətlər əldə edildi.
Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrik nitqində ötən ili təhlilini aparıb, eyni zamanda perspektivləri şərh edib.
Gəlin, çıxışın bir sıra məqamlarını nəzərdən keçirək.
Xarici əlaqələr
Ölkəmizin xarici əlaqələrini şərh edən prezident qeyd edib ki, Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib: “Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər etmişdir və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərmişdir. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik.
Qonşu ölkələrlə əlaqələrimiz daha yüksək səviyyəyə qalxıb. Bu, hər bir ölkə üçün çox önəmlidir, o cümlədən Azərbaycan üçün. Qonşu dövlətlərlə həm siyasi, həm iqtisadi və digər sahələrdə birgə apardığımız işlər bölgədə sabitliyi daha da möhkəmləndirir. Sabitliyə gəldikdə, deyə bilərəm ki, dünyada gərginlik, risklər, təhdidlər artır, Azərbaycan isə sabitlik məkanıdır. 2018-ci ildə xalqımız əmin-amanlıq, sabitlik şəraitində yaşayıb. Sabitliyin əsas səbəbi və onun mənbəyi xalq-iqtidar birliyidir.
Biz Avropa İttifaqı ilə əlaqələrimizi daha da möhkəmləndirmişik. Bu il Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq Prioritetləri sənədi bu münasibətlərin nə qədər yüksək səviyyədə olmasının təzahürüdür. Bu sənəddə ölkəmizin ərazi bütövlüyü, suverenliyi, sərhədlərimizin toxunulmazlığı haqqında çox aydın fikirlər öz əksini tapıb və bir daha onu göstərir ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ məsələsinin həllində düzgün mövqedədir”.
Prezident qeyd edib ki, islam həmrəyliyi məsələlərində bizim rolumuz artır: “İslam Əməkdaşlıq Təşkilatı bu sahədə apardığımız siyasətə çox yüksək qiymət verir və tam əminliklə demək olar ki, Azərbaycan müsəlman aləmində öz güclü rolunu daha da gücləndirə bilib. Müsəlman ölkələri tərəfindən bizə göstərilən diqqət, hörmət və rəğbət göstərir ki, Azərbaycan bu sahədə də böyük uğurlara nail olubdur”.
Xəzərin statusuna aydınlıq gəldi
Məlum olduğu kimi, məhz 2018-ci ildə uzun müddətdir ki, müzakirə predmetinə çevrilmiş Xəzərin ststusuna aydınlıq gəldi və onun bölüşdürülməsi sona çatdı. Prezident bu məsələyə xüsusi olaraq diqqət çəkib: “Bu, hesab edirəm ki, tarixi nailiyyətdir. Çünki bildiyiniz kimi, uzun illər ərzində bu məsələ həll olunmamış qalmışdı. Ancaq bu, hazırda öz həllini tapıb və Azərbaycan bu məsələnin həllində öz dəyərli töhfəsini vermişdir”.
“Bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır”
2018-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində də dəyişikliklər ili oldu. Ermənistanda ictimai-siyasi sabitlik pozuldu, iqtisadi böhran bir qədər də dərinləşdi, Azərbaycan torpaqlarını işğalda saxlayaraq bütün regional layihələrədn kənarda qalan, ölkəni uçuruma yuvarlayan rejimə etiraz onun çökməsi ilə nəticələndi.
Prezident İlham Əliyev çıxışı zamanı bildirdi ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlarda prinsipial mövqeyində qalır. Sitat: “Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır.
Deyə bilərəm ki, münaqişənin həlli işində Azərbaycan 2018-ci ildə çox ciddi mövqelərə malik oldu. Bildiyiniz kimi, Ermənistanda 20 il ərzində hakimiyyəti zəbt etmiş kriminal, rüşvətxor, xunta rejimi çökdü və bu, Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı siyasətin tam iflasıdır. Onu da deyə bilərəm ki, bizim Ermənistana qarşı apardığımız çox düşünülmüş, məqsədyönlü və prinsipial siyasətimiz öz bəhrəsini verdi. Biz Ermənistanı bütün regional və beynəlxalq layihələrdən təcrid edə bilmişik, Ermənistan iqtisadiyyatının çökməsində bizim payımız da kifayət qədər böyükdür. Hesab edirəm ki, bu gün münaqişənin həlli üçün yeni vəziyyət yaranır. Ümid edirəm ki, 2019-cu ildə bu sahədə irəliləyiş ola bilər”.
Azərbaycan hərbi qüdrətini artırır
Bu il ərzində də Azərbaycan öz hərbi qüdrətini artırmaqda davam etdi. Şübhəsiz, Azərbaycanın hərbi gücü işğalçıda dərin təşviş yaradır. Prezident açıq mətnlə qeyd edir ki, bizim güclü hərbi potensialımız münaqişənin həlli üçün əsas amildir: “Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək.
Biz bundan sonra da öz hərbi qüdrətimizi artıracağıq. Biz Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək istəyirik və danışıqlarda iştirakımız bunun əyani sübutudur. Ancaq hər kəs bilir və bilməlidir ki, münaqişənin həlli üçün hərbi amil xüsusi rol oynayır və bundan sonra da biz hərbi qüdrətimizi artıracağıq”.
Məcburi köçkünlərin sosial problemləri həll edilir
Ötən illərdə olduğu kimi, bu il də Azərbaycan qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həllini diqqətə saxlayıb. 2018-ci il ərzində bu istiqamətdə çox mühüm addımlar atılıb. Prezidentin çıxışında bu məqama diqqət yetirilib: “Bu il məcburi köçkünlər üçün çox böyük işlər görülüb. 5800 köçkün ailəsi üçün yeni evlər, mənzillər tikilib və onlara təqdim edilib. Bu, son illərdə rekord göstəricidir. Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə 626 mənzil verilmişdir və biz bu siyasəti gələn il də davam etdirəcəyik”.
Ölkə iqtisadiyyatı böyüyür
2018-ci il iqtisadi sahədə də dinamik inkişaf ili oldu. Xüsusilə qeyd etmək lazımdır ki, qeyri-nef sektorunda əsaslı irəliləyişlər əldə edilib, eyni zamanda ixrac həcmi və seqmenti genişlənib.
Prezident bu məqama toxunarkən deyib: “Bu gün Azərbaycan iqtisadi inkişaf baxımından heç kimdən asılı deyil. Azərbaycan iqtisadiyyatı müstəqil iqtisadiyyatdır və bizim müstəqil siyasətimizi gücləndirən amildir. Bu il ümumi daxili məhsul artır, qeyri-neft sektoru artır, sənaye istehsalı artır, qeyri-neft sənaye sektorunda isə artım 9 faizdən çoxdur. İxracımız təxminən 40 faiz artıb. Ölkə iqtisadiyyatına 10 milyard dollar sərmayə qoyulubdur. Dünya Bankının “Doing Business” proqramının son hesablamalarında Azərbaycan dünya miqyasında 25-ci yerə layiq görülüb. Yəni, bu, onu göstərir ki, apardığımız islahatlar, şəffaflıq, ciddi iqtisadi islahatlar öz nəticəsini verir və Dünya Bankı bunu yüksək qiymətləndirir”.
Yeni enerji və nəqliyyat xətləri
Ötən il enerji və nəqliyyat infrastrukturunun zənginləşməsi baxımından da yaddaqalan oldu.
Sitat: “Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı olmuşdur. May ayında biz bu möhtəşəm tədbiri qeyd etmişdik. Bu, böyük tarixi nailiyyətdir. Eyni zamanda, bu ilin iyun ayında TANAP layihəsi də rəsmi olaraq açıldı və beləliklə, Cənub Qaz Dəhlizinin tam başa çatması üçün çox gözəl imkanlar yarandı. Bu, bizim tarixi nailiyyətimizdir və Azərbaycan xalqı bundan sonra onilliklər ərzində bu layihələrin faydasını görəcək.
Bu il Ələt Ticarət Limanının açılışını qeyd etdik. Bu da tarixi layihədir. Azərbaycan nəinki regionun, Avrasiyanın çox önəmli nəqliyyat mərkəzinə çevrilir. Şimal-Cənub, Şərq-Qərb dəhlizləri bizim ərazimizdən keçir. Çox güclü nəqliyyat infrastrukturu bizə imkan verəcək ki, tranzit imkanlarımızdan çox böyük səmərə ilə istifadə edə bilək”.
Prezident çıxışını yekunlaşdıraraq Azərbaycanın inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirib: “Bu il ölkəmizdə prezident seçkiləri keçirilmişdir. Azərbaycan xalqı bir daha mənə yüksək etimad göstərmişdir, mənim fəaliyyətimə yüksək qiymət vermişdir. Mən son 15 il ərzində Prezident kimi çalışmışam ki, xalqa ləyaqətlə xidmət edim. Bundan sonra da çalışacağam ki, Azərbaycanın inkişafı, Azərbaycanın gücləndirilməsi, xalqın rifahının artması üçün əlimdən gələni əsirgəməyim. Mənim bir amalım var: güclü Azərbaycan dövləti qurmaq və xalqa ləyaqətlə xidmət etmək”.
Vüsal Məmmədov

