Qəbələ turistlərin sevimli istirahət məkanlarından biridir
ARANTV.AZ xəbər verir ki, Təbiət qoynunda dincəlmək, istirahətini Qəbələdə keçirmək istəyənlərin sayı hər il artır. Turistlərin marağına səbəb olacaq üstünlüklər çoxdur. Kimi yerli mədəniyyətlə, kimi də Qəbələnin əsrarəngiz təbiəti ilə tanış olur. Səyahət edənlərin dincəlməsi üçün müasir tələblərə cavab verən infrastruktur yaradılıb. Hazırda rayonda irili-xırdalı 100-ə yaxın turizm-istirahət obyekti fəaliyyət göstərir. Buradakı turizm obyektləri meşə gəzintisi, rayonun görməli yerləri və tarixi abidələrinə səyahət xidmətlərini təklif edir.
Təkcə bu ilin 6 ayında rayona 250 min turist gəlib. Bu isə ötən ilin ümumi göstəricilərinə bərabərdir. Turistlər daha çox Ərəb ölkələri, MDB-yə üzv dövlətlər, eləcə də Avropadan gəlirlər.
Əzəmətli Qafqaz Dağları ilə əhatə olunan, təmiz havası və duru suyu ilə göz oxşayan Nohur gölü Qəbələnin ən görməli yerlərindəndir. Göl Qəbələ şəhərindən 3 km şərqdə, Nohurqışlaq kəndindən 1 km şimalda, Güllüburun, Göydağ və Yumuru dağların arasındakı təbii çuxurda, dəniz səviyyəsindən 700 m hündürlükdə yerləşir. Əvvəllər təbii göl kimi mövcud olan bu ərazinin ətrafı sıx qamışlıq və su bitkiləri ilə örtülü bataqlıq olub. İndi isə mənzərəsi tamamilə dəyişib və insanların dincləməsi üçün hər cür şərait yaradılıb. Hər gün xeyli sayda insan gölü seyr etməyə gəlir.
Nohur gölünü, eləcə də Qafqaz dağları ilə əhatə olunan Qəbələnin gözəlliklərini görmək istəyənlər kiçik qayıqlar və katamaranlar vasitəsilə mənzərədən zövq almaq imkanı əldə edirlər.

