Tarif Şurası Azərbaycanda bir sıra nəqliyyat xidmətlərinin qiymətlərinin tənzimlənməsinə dair qərar qəbul edib
ARANTV.AZ xəbər verir ki, İctimai nəqliyyatda xidmətin müasir tələblər səviyyəsində qurulması,xidmət mədəniyyətinin daha da yüksəldilməsidaim diqqət mərkəzində saxlanılan məsələrdəndir. Elə bu məqsədlə də yeni-yeni yollar salınır,şəhər nəqliyyatının idarəedilməsi və struktutu təkmilləşdirirlir,texniki bazası daim möhkəmləndirilir. Şübhəsiz ki,bütün bunlar böyük maliyyə resursları tələb edir və dövlət sözügedən istiqamətlərə hər il böyük investisiya yatırır. Məqsəd vətəndaşın rahatlığnı təmin etmək,onun yüksək səviyyəli xidmətlə təmin etməkdən ibarətdir. İctimai nəqliyyatda isə sərnişindaşıma üzrə xərclər artır,avtobus parkının daim yenilənməsi tələb olunur.Burda bir məqamı xüsusi qeyd etmək lazımdır ki, nəqliyyat vasitələri və onun ehtiyat hissələri xarici valyuta ilə idxal olunur. Metro nəqliyyatının büdcədən asılılığının aradan qaldırılmasıda vacib məsələrdən hesab olunur. Tarif Şurasının 30 iyul tarixində keçirilən iclasında yeni ictimai nəqliyyat,o cümlədən metro nəqliyyatında yeni tariflərin təsdiq olunması da məhz bu zərurətdən irəli gəlirdi. Şuranın iclasında ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. məsələlər ətraflı müzakirə olunub. Aparılan müzakirələrdə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə “BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən qeyd olunan istiqamətlər üzrə qadırılan məsələlər və Tarif Şurasına edilən müraciətlər araşdırılaraq yekun qərar qəbul edilib. Qərara əsasən, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib. Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir. Həmçinin, Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartdan istifadə edən sərnişinlərin nəzərinə çatdırılır ki, kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər – 31 iyul tarixi də daxil olmaqla mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaqdır. İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri tərəfindən sərnişinlərin məlumatlandırılması məqsədilə bildirilib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən “20 yanvar”, “28 may”, “Nəriman Nərimanov” və “Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən “Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər. Xatırladaq ki, müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib. Məlumat üçün onu da bildirək ki, tarif dəyişikliyindən sonra da ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaqdır. Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir.

