İdman 

“I divizionda yeni komanda olmayacaq” – Elxan Məmmədov

Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib.

ARANTV.AZ apasport.az-a istinadən xəbər verir ki, toplantıdan sonra jurnalistlər üçün brifinq keçirən AFFA-nın baş katibi Elxan Məmmədov qərarlarla bağlı məlumat verib.

– İlk olaraq, iclasda hansı qərarlar qəbul olundu?

– İcraiyyə Komitəsinin hələ iki ay əvvəlki iclasında I divizion məsələsi müzakirə olunmuşdu. O zaman biz Klublar Komitəsi və Məşqçilər Komitəsi adından I divizionun yeni konsepsiyasını təqdim etdik. Lakin İcraiyyə Komitəsinin üzvləri əlavə tapşırıq verdilər ki, bu məsələyə yenidən baxaq və bütün klublarla bir daha görüşüb, detallı konsepsiya təqdim edək. İki ay ərzində Məşqçilər Komitəsi, Klublar Komitəsi, Peşəkar Futbol Liqası, AFFA I divizionun nümayəndələri ilə görüşlər keçirdi və yeni konsepsiya hazırlandı. Gənclərdən ibarət yığma komandanın baş məşqçisinin arzularını da ora əlavə etdik. Təbii ki, aşağı yaş qrupu üzrə yığmanın baş məşqçisinin arzusu odu ki, orda gənc futbolçular oynasın. İcraiyyə Komitəsinin bugünkü iclasında konsepsiya təklifimiz təqdim olundu. Qərar qəbul olundu ki, Premyer Liqada iştirak edən klubların əvəzedici komandaları I divizionda oynasınlar. Həmçinin I divizionun 4 və ya 6 komandasının qalması qərara alındı. 8 əvəzedici komanda da onlara qoşulacaq. Orda da müvafiq limit tətbiq olunacaq. 4 nəfər sərbəst, 6 nəfər 1998-ci il təvəllüdlü və cavan, 1 nəfər isə 2001-ci il təvəllüdlü futbolçu mütləq heyətdə yer almalıdı. Bununla gənclərə əlavə şans veriləcək. Bununla aşağı yaş qrupu üzrə milli üzvlərinə, klubların ehtiyatında oturan futbolçulara əlavə şans veriləcək. Bu, həmçinin danışılmış oyunlarla mübarizənin bir yoludu. Artıq əvəzedici komanda birbaşa klubu təmsil edəcək. Premyer Liqada iştirak edən klublar da bununla bağlı məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə bu virusu tam şəkildə məhv edəcəyik.

– Belə çıxır ki, I diviziondan Premyer Liqaya 4 və ya 6 komandanın vəsiqə qazanmaq şansı olacaq?

Əlbəttə, ancaq I divizionun komandaları belə hüquq qazanacaqlar. Əvəzedicilərin Premyer Liqaya yüksəlmək imkanı olmayacaq.

– I divizion təmsilçiləri arasında seçim hansı meyarlarla aparılacaq?

– Ötən mövsüm iştirak edən komandalardan 4 və ya 6-sı yarışa qatılacaq. Yeni komanda olmayacaq. Yeni yaradılan komandalar ilk olaraq ən azı 2-3 il Region Liqasında oynamalıdı. Təcrübə göstərib ki, yeni yaradılan komanda I diviziona qatılır, 12 aydan sonra yox olur. Biz AFFA olaraq əmin olmalıyıq ki, həmin klubun peşəkar niyyəti var və futbola müsbət töhfə vermək arzusundadı. İkincisi, ötən il danışılmış oyunlarla bağlı ümumi məlumatı təhlil edib qərar verəcəyik. Bəzi klubların adları var. Peşəkar Futbol Liqası bununla bağlı məlumat versə, daha yaxşı olar. Bölgəni və orda uşaq futbolunun inkişafını nəzərə almalıyıq. Çünki bu komandalar I divizionda limitə uyğun strategiyalarını müəyyənləşdirməlidilər. Yəni uşaq futbolunun potensialını da nəzərə alacağıq.

Daha çox xəbərlər

Leave a Comment